Mən “Xalqın gücü” və “Gürcü Arzusu” ilə tamamilə razıyam – Marneuli Bələdiyyə Məclisinin sədri “agentlər” haqqında qanun barədə
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze “Gürcü Arzusunun” liderlərinin və “Gürcü Arzusundan” formal olaraq ayrılmış “Xalqın gücü” nümayəndələrinin “xarici təsir agenti” qanun layihəsi haqqında bəyanatları ilə razılaşır.

Marneuli Bələdiyyə Məclisinin sədri “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, “Gürcü Arzusu” və “Xalqın gücü”-nün qanun layihəsi ilə bağlı yanaşmasını qəbul edir.

“Qanun layihəsi ilə bağlı “Xalqın gücü” və “Gürcü Arzusu”-nun liderləri açıqlama verdilər. Dəfələrlə açıqlama verdilər və mən bu qanuna yanaşma ilə tam razıyam. Hələ ki, bu qanun müzakirədədir. Bildiyiniz kimi, Venesiya Komissiyasına göndərilib. Oradan hansı qərar verilsə, yəqin ki, bundan sonra qərar qəbul edəcəklər”,
– Amiran Qiorqadze bildirdi.

Marneuli Bələdiyyə Məclisinin sədri Marneulidə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını “xarici təsir agenti” hesab edib-etməməsi ilə bağlı suala cavab olaraq bildirdi ki, biz bu qanunu səhv başa düşürük.

Jurnalist: Düşünürsünüzmü ki, Marneulidə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları “xarici təsir agentləridirlər”?

Amiran Qiorqadze: Bunu kim dedi, bunu kim deyir?

Jurnalist: Qanun nəzərdə tutur ki, “xarici təsir agenti” kimi qeydiyyatdan keçməlidirlər.

Amiran Qiorqadze: Yanlış sitat gətirirsiniz. Orada yalnız şəffaflıqdan, xarici ölkədən aldıqları maddi dəstəkdən söhbət gedir. Heç bir agent söhbəti yoxdur. Bu qəsdən ortaya atılmış mövzudur ki, əhalidə anlaşılmazlıq yaratsınlar, guya kimsə kimisə agent adlandırmaq istəyir, xeyr. Bu belə deyil və əlbəttə mən də bununla razı deyiləm ki, kimisə agent adlandırsınlar. Bu şəffaflıqla bağlıdır. Yalnız və yalnız xaricdən gələn maliyyənin şəffaflığıdır, başqa heç nə deyil”.

Jurnalisti: Cənab Amiran, bu vəsaitlər onsuz da şəffafdır. Maliyyə Nazirliyindən bu maliyyələrlə bağlı adi şəkildə məlumat əldə edilə bilər.

Amiran Qiorqadze: İndi, mən dərinliklərə getmirəm. Ümumiyyətlə, cavab verdim, mən “Xalqın Gücü”, bizim – “Gürcü Arzusu” tərəfindən səsləndirilən bu mövqe ilə tam razıyam.

Qeyd edək ki, dünən, 2 mart tarixində Gürcüstan Parlamentinin xarici əlaqələr və müdafiə komitəsinin birgə iclası qeyri-hökumət təşkilatı, media nümayəndələrinin etirazı fonunda rus qanun layihəsini müzakirə edəcəkdi. Komitənin birgə iclasında fiziki və şifahi qarşıdurma baş verib. Bu zaman Parlament azlıqları nümayəndəsi olan deputatları zaldan çıxarıblar. Media nümayəndələrinə komitə iclasında iştirak etmək üçün icazə verilməyib. Qeyri-hökumət təşkilatı nümayəndələri isə bir neçə saatlıq mübarizə və polis kordonlarını aşdıqdan sonra iclasda iştirak edə biliblər.

Bir neçə saatlıq müzakirə ilə yanaşı Parlament qarşısında aksiya keçirilirdi. Qeyd edək ki, Gürcüstan Parlament nümayəndələri üç jurnalisti Parlament binasından güclə çıxarıblar. Parlament ərazisində iki jurnalist və 30-a yaxın vətəndaş saxlanılıb. Jurnalistlər dünən azad edilib, vətəndaşlar isə hələ də azadlığa buraxılmayıblar.

Avropa İttifaqı və ABŞ Diplomatik Struktur nümayəndələri qanun layihəsini mənfi qiymətləndirirlər və bildirirlər ki, qanun Gürcüstanın Avro-Atlantikaya inteqrasiyasına mane ola bilər.

“Yeni Düşüncə İnstitutu”, “Salam”, “Mülki İştirak və Aktivizm Mərkəzi”, “Marneuli Demokrat Qadınlar Cəmiyyəti”, “Marneuli” radiosu... – bu Gürcüstan Parlamentinə təqdim olunmuş qanun layihəsinin təhlükə yaratdığı qeyri-hökumət və media təşkilatlarının kiçik siyahısıdır.

Qanun layihəsinə əsasən, gəlirinin 20%-dən çoxu xarici təşkilatlardan maliyyələşdirilən bütün media və qeyri-hökumət təşkilatları “Xarici təsir agenti” hesab olunacaq. Rusiya analoji qanunu 2012-ci ildə qəbul edib və bu faktiki olaraq azad media və mülki sektoru məhv edib. Gürcüstanda fəaliyyət göstərən müstəqil media və QHT nümayəndələri bildirirlər ki, yeni qanun layihəsinin məqsədi Rusiya kimi Gürcüstanda da müstəqil media, QHT-ni məhv etməkdir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google