Bizim xilas yolumuz məhz qərbə doğru gedən yoldur, bu qanun isə mane olur – müəllim Temur Suğaşvili
Marneulidə işləyən pedaqoq Temur Suğaşvili “Gürcü Arzusundan” formal olaraq ayrılmış “Xalqın gücü” tərəfindən Parlamentə təqdim olunmuş “xarici təsir agenti” haqqında qanun layihəsinə münasibət bildirib.

O, qeyd edir ki, qanun qəbul olunacağı təqdirdə daha çox gənc, tələbə və şagirddə nihilizm hissi yaranacaq, gənclərin ölkədən getməsi prosesi daha da artacaq.

Bütün həyatım boyunca, xüsusilə məktəbdə işləyəndən sonra şagirdlərimlə daim Avropaya inteqrasiyadan, NATO-ya üzvlükdən, elə indiki mərhələdə olan məsələlərdən danışıram. Həmişə razılaşırıq ki, bizim xilas yolumuz məhz qərbə doğru gedən yoldur. Bu qanun layihəsinin mane olub-olmamasını müzakirə etsək və bu barədə danışsaq, bizim tərəfdaşlarımızın da dediyinə görə, bu maneçilik törədən amil olacaq. Müvafiq olaraq, bunun mane olub-olmayacağını müzakirə etməyə ehtiyac yoxdur. Çünki bilirik ki, əgər biz bu qanun layihəsini qəbul etsək, Gürcüstanın Avropa strukturlarına inteqrasiyasına mane olacaq və bu prosesdən geri çəkiləcəyik”.

Marnuelidə işləyən müəllim Kvemo Kartlidə müxtəlif təşkilatların və ya ölkələrin maddi dəstəyi ilə həyata keçirilmiş proqramlardan da danışdı.

Mən 2021-ci ili xatırlayıram, pandemiya dövrünü, Danimarkanın Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilmiş “Mən fəal vətəndaşam” layihəsi çərçivəsində Kvemo Kartlidə bir çox gənc, müəllim hazırladıq, fəal vətəndaşa lazım olan bacarıqları öyrətdik, digər mövcud bacarıqları inkişaf etdirdik. Qərb ölkələri və təşkilatları məktəblərə, bağçalara, müxtəlif infrastruktur problemlərinin həlli, təmir, inşaat, içməli suyun çəkilməsi və s. məsələlərə birbaşa yardım göstərirlər”.

Temur Suğaşvilinin sözlərinə görə, vətəndaşlar və xüsusilə siyasətçilər Gürcüstana Qərbdən və Rusiyadan göstərilən yardımı müqayisə etsinlər. Buna əsasən qərar qəbul etsinlər ki, “xarici təsir agenti” layihəsini dəstəkləməlidirlər, ya yox.

Tarixə baxsaq, bizim şimal qonşularımızın yeganə yardımı budur ki, ərazisini hasarlayır, tikanlı məftillər çəkir, üstümüzə bombalar yağdırır. Qərb təşkilatları və ölkələri isə ölkəmizin ayağa qalxmasına istiqamətlənmiş yardımlar göstərirlər. Qərbə qarşı təbliğatı məhz burada məğlub etməliyik, Rusiyanın bizə hansı “yardımı” göstərməsi və həqiqi dost yardımının nə olmasını bir-biri ilə müqayisə etməliyik”, – Temur Suğaşvili bildirir.

Qeyd edək ki, dünən, 2 mart tarixində Gürcüstan Parlamentinin xarici əlaqələr və müdafiə komitəsinin birgə iclası qeyri-hökumət təşkilatı, media nümayəndələrinin etirazı fonunda rus qanun layihəsini müzakirə edəcəkdi. Komitənin birgə iclasında fiziki və şifahi qarşıdurma baş verib. Bu zaman Parlament azlıqları nümayəndəsi olan deputatları zaldan çıxarıblar. Media nümayəndələrinə komitə iclasında iştirak etmək üçün icazə verilməyib. Qeyri-hökumət təşkilatı nümayəndələri isə bir neçə saatlıq mübarizə və polis kordonlarını aşdıqdan sonra iclasda iştirak edə biliblər.

Bir neçə saatlıq müzakirə ilə yanaşı Parlament qarşısında aksiya keçirilirdi. Qeyd edək ki, Gürcüstan Parlament nümayəndələri üç jurnalisti Parlament binasından güclə çıxarıblar. Parlament ərazisində iki jurnalist və 30-a yaxın vətəndaş saxlanılıb. Jurnalistlər dünən azad edilib, vətəndaşlar isə hələ də azadlığa buraxılmayıblar.

Avropa İttifaqı və ABŞ Diplomatik Struktur nümayəndələri qanun layihəsini mənfi qiymətləndirirlər və bildirirlər ki, qanun Gürcüstanın Avro-Atlantikaya inteqrasiyasına mane ola bilər.

“Yeni Düşüncə İnstitutu”, “Salam”, “Mülki İştirak və Aktivizm Mərkəzi”, “Marneuli Demokrat Qadınlar Cəmiyyəti”, “Marneuli” radiosu... – bu Gürcüstan Parlamentinə təqdim olunmuş qanun layihəsinin təhlükə yaratdığı qeyri-hökumət və media təşkilatlarının kiçik siyahısıdır.

Qanun layihəsinə əsasən, gəlirinin 20%-dən çoxu xarici təşkilatlardan maliyyələşdirilən bütün media və qeyri-hökumət təşkilatları “Xarici təsir agenti” hesab olunacaq. Rusiya analoji qanunu 2012-ci ildə qəbul edib və bu faktiki olaraq azad media və mülki sektoru məhv edib. Gürcüstanda fəaliyyət göstərən müstəqil media və QHT nümayəndələri bildirirlər ki, yeni qanun layihəsinin məqsədi Rusiya kimi Gürcüstanda da müstəqil media, QHT-ni məhv etməkdir.


Print ელ. ფოსტა
თეგები: Marneuli Temur Suğaşvili
FaceBook Twitter Google