Marneuli meriyasının Hüquqi Məsələlər və İnsan Resurslarının İdarə
Edilməsi Şöbəsinə iki hüquqşünas əlavə olunacaq.
Marneuli Bələdiyyə Məclisi 23 mart tarixində “Marneuli meriyasının
ştat siyahısının təsdiqlənməsi və meriyanın siyasi şəxslər, dövlət
məmurları, inzibati müqavilələrlə işlə təmin edilmiş şəxslərin
əməkhaqqının müəyyən edilməsi haqqında” Marneuli Bələdiyyə
Məclisinin sərəncamında dəyişiklik edilməsini dəstəkləyib. Məsələni
müzakirəyə çıxaran Marneuli meriyasının Hüquqi Məsələlər və İnsan
Resurslarının İdarə Edilməsi Şöbəsinin rəhbəri səlahiyyətlərini
icra edən Beka Qavaşeli bildirdi ki, meriyada iki yeni hüquqşünasın
işə götürülməsi işlərin artmasından irəli gəlir.
“Bildiyiniz kimi, sərəncamda dəyişiklik etməklə iki
hüquqi şöbəyə, ikinci kateqoriyalı mütəxəssis vəzifəsinə iki ştat
əlavə edilib. Qeyd olunan dəyişiklik buradan irəli gəlib ki, hüquqi
şöbədə işlər çoxalıb, eləcə də indiki mərhələdə məhkəmə işləri də
artıb. Təxminən 60-a yaxın məhkəmə prosesi davam edir. Müvafiq
olaraq, məhsuldarlığı və keyfiyyəti artırmaq məqsədi ilə bizim
şöbəyə bu iki kateqoriyanın əlavə edilməsi
məqsədəuyğundur”, – Beka Qavaşeli bildirib.
Marneuli meriyasının Hüquqi Məsələlər və İnsan Resurslarının İdarə
Edilməsi Şöbəsinə 23 mart tarixində edilmiş dəyişikliklərə qədər 7
ştat nəzərdə tutulmuşdu. Onlardan biri ikinci dərəcəli struktur
bölməsinin rəhbəri vəzifəsi, yəni şöbə rəhbəri vəzifəsidir. Aylıq
əməkhaqqı 2530 laridir. Birinci kateqoriyalı baş mütəxəssis
vəzifəsinə 4 ştat nəzərdə tutulub. Onların aylıq əməkhaqqı 1870
lari olacaq. İkinci kateqoriyalı baş mütəxəssis vəzifəsinə isə 2
ştat nəzərdə tutulub. 23 mart tarixində edilmiş dəyişikliyə əsasən
iki ştat əlavə olunub. İkinci kateqoriyalı baş mütəxəssisin
əməkhaqqı isə 1760 laridir.