“Salam” platforması 29 fevral tarixində Gürcüstanın Baş naziri
İrakli Kobaxidzeyə Novruz bayramının istirahət günü elan edilməsi
tələbi ilə müraciət edib.
Platforma tərəfindən elan olunan məlumata görə, vətəndaş cəmiyyəti,
mülki fəallar və həmçinin, “Salam” komandası illərdir, Novruz
bayramının qeyri-iş günü elan edilməsini tələb edirlər və ümid
edirlər ki, baş nazir onların tələbini təmin edəcək.
“Salam” platformasında birləşmiş gənclər inanırıq ki,
Novruz Bayramını Gürcüstanda etnik həmrəylik və mədəni rəngarənglik
nümunəsinə çevirə bilərik. Çünki həqiqi rəngarənglik ilk növbədə
bərabərliyə söykənir. Bərabərlik ideyası öz mahiyyətində bərabər
tanınmağa, bərabər imkanlara və bərabər ədalətli mühitin
yaradılmasına əsaslanır”, – “Salamın” açıqlamasında
qeyd olunur.
Gürcüstan vətəndaşı olan etnik azərbaycanlı icması hər ilin 21 mart
tarixində Novruz bayramını qeyd edir. “Salam” platforması İrakli
Kobaxidzeyə məhz 21 mart tarixinin istirahət günü elan edilməsi
tələbi ilə müraciət edib.
“Novruz” fars sözüdür. Onun birinci hissəsi “Nov” – yeni, digər
hissəsi isə “Ruz” gün deməkdir. Novruz Bayramı yazın, bəzi
ölkələrdə isə yeni ilin gəlişini göstərir.
2010-cu ildə BMT Baş Assambleyası Novruzu beynəlxalq gün kimi
tanıyıb. YUNESKO-nun 2009-cu il 28 sentyabr tarixində keçirilən
sammitində Novruz rəsmən bəşəriyyətin qeyri-maddi mədəni irs
siyahısına daxil edilib. 2010-cu ildə Novruz Bayramı Gürcüstanda
dövlət bayramı elan edilib.