Əldə edilən nəticələr, gələcək planlar və yeni addımlar – abituriyentlərin imtahan nəticələri ilə bağlı təəssüratları
Marneuli bələdiyyəsindən olan abituriyentlər bu il Milli İmtahanlardan əldə etdikləri nəticələri və öz təəssüratlarını “Marneuli” radiosu ilə bölüşürlər.
17 yaşlı Osman Məmmədov imtahan nəticəsinə baxdığı dəqiqələrdə yaşadığı hisslərdən söhbət açır.
Marneuli rayonunun Lejbəddin kəndində yaşayan və həmin kəndin məktəbini bitirən Osman Məmmədovun sözlərinə görə, onun imtahana hazırlaşmağı bir az çətin olub.

“Yatırdım, zəng gəldi ki,
cavablar çıxıb. Əllərim titrəyərək baxmışam cavabıma. Sevincimin həddi-hüdudu yox idi, bu nəticəni görəndə çox sevinmişdim. Çox fərqli bir hiss yaşamışdım çünki, əziyyətimin yerdə qalmadığını hiss etmişdim. Cavabımı öyrənəndə ilk öncə ailəmlə bölüşdüm, onlar bunu məndən daha səbirsizliklə gözləyirdilər və nəticəmi eşidəndə məndən daha çox sevindilər. Hazırlığım bir az çətin oldu. Məni imtahana öz kəndimizin riyaziyyat müəllimi Almaz Osmanova hazırlaşdırdı. Müəllimim sağ olsun, mənim üçün çox əziyyət çəkmişdi və mənə inanırdı. İmtahan mənim üçün çox çətin olmadı, bir az stressli girmişdim, çətin olar, bacara bilmərəm deyə qorxurdum, imtahan başladıqda asan olduğunun fərqinə vardım. Xəyallarımı gözümün önünə gətirib özümü motivasiya etmişdim, elə buradan başladım. Çox razı idim, yaxşı olacağını bilirdim”.

Osman imtahandan 70 bal toplayıb. O, həmin balı toplaya biləcəyini, çox çalışdığını və müəlliminə söz verdiyini deyir.

“Gələcək planım Gürcüstan Texniki Universitetində İnformasiya Texnologiyaları və ya Tbilisi Dövlət Universitetində Riyaziyyat üzrə təhsil almaqdır. Bu iki peşə mənim uşaqlıq xəyalımdır və xəyallarıma daha da yaxınlaşdığım üçün çox sevincliyəm. Mənim hazırlığım digərlərindən çətin oldu, çünki, bu il 11-ci sinif olaraq başlamışam məktəbə, ancaq mart ayında eksternat imtahanı ilə 12ci sinfə keçmişəm, buna görə də digərlərindən daha çox çalışmalı oldum. Ancaq şükürlər olsun ki, əziyyətim yerdə qalmadı və mən bunu bacardım”, - Osman Məmmədov dedi.

Marneulinin Təzəkənd kəndində yaşayan 17 yaşlı Nicat Qarayev 72 bal toplayaraq yüksək nəticə əldə edən abituriyentlər sırasına düşüb.

“Əmrah Aslanov adına Təzəkənd 1 Nömrəli ictimai məktəbini bitirmişəm. Gözlədiyim nəticə idi. Sevincimi ilk olaraq əlbəttə, bu nəticəni əldə etməyimdə ən çox əziyyəti keçən Abbas Abbasov və Elvir Həsənoğlu ilə, sonra yaxınlarımla bölüşdüm. İmtahana hazırlıq gözlədiyim qədər çətin olmadı. Başlanğıcda çətin olacağını düşünürdüm, amma istədikdən sonra çətin heç nə yoxdur. Məni imtahana hazırlayan müəllimlərə sonsuz təşəkkür edirəm. İlia Dövlət Universitetində proqramçılıq oxumağı düşünürəm, amma hələ seçimimi tam etməmişəm. Abituriyentlər qarşılarına bir məqsəd qoysunlar və o məqsədə sadiq qaldıqca hər şey öz qaydasında olacaq, yetər ki, istəsinlər”, – Nicat Qarayev qeyd etdi.

Kürtlər kənd sakini 17 yaşlı Sevanə İsgəndərova ümumi qabiliyyət imtahanından 56 bal toplayıb. O, imtahana hazırlaşmağa 11-ci sinifdə oxuyarkən başlayıb.

“Sevincimi öncə ailə üzvlərimlə bölüşdüm. 11-ci sinifdə məni imtahana Riyaziyyat müəllimim Səfa Əfəndiyeva hazırladı. 12-ci sinifdə oxuyarkən isə riyazi hissədə Elvir Həsənoğlu, verbal hissədə isə Abbas Abbasov və Güləbətin Xəlilova məni imtahana hazırladı. İmtahana hazırlıq mənim üçün o qədər də çətin olmadı, çünki bu prosesdə ailəmin və müəllimlərimin dəstəyi daima mənimlə idi. İmtahan mənim üçün çətin olmadı, sadəcə çox həyəcanlı olduğum üçün istədiyim nəticəni əldə edə bilmədim. Gələcəkdə Riyaziyyat sahəsi üzrə təhsil almaq istəyirəm”, – Sevanə İsgəndərova bildirdi.

Osman, Nicat və Sevanə kimi, Aqil də “1+4” proqramı vasitəsilə imatahana hazırlaşan abituriyentlərdəndir. Onun gələcək planı Tbilisi Dövlət Universitetində təhsil almaqdır.

“Mən Aqil Şərəfov, Marneuli rayonunun Kürtlər kəndində yaşayıram. Uğur hədəfi seçməklə başlayır. Ən böyük hədəflərimdən biri Tbilisi Dövlət Universitetinə qəbul olmaq idi. Hədəfimə nail olmaq üçün durmadan çalışdım və məqsədimə çatdım. 46 bal toplayaraq ümumi qabiliyyət imtahanını uğurla başa vurdum. Təhsilimi davam etdirmək və öz karyeramı qurmaq da hədəflərim arasındadır. Bu uğuru əldə etməyimə dəstək olan bütün müəllimlərimə dərin təşəkkürmü bildirirəm”, – Aqil Şərəfov deyir.

Aqil gələcəkdə imtahan verəcək olan abituriyentlərə uğurlar arzulayır və məsləhət görür ki, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün çalışmalı, mübarizə aparmalı və içinizdən gələn səsə qulaq asmalısınız.

Print ელ. ფოსტა
FaceBook Twitter Google