“Başqa partiyaya səs versək müharibə baş verəcəyini söylədilər” - Zaur Darğallının Sadaxlıdakı görüşündə müəllimlərin iştirakı
20 oktyabr tarixində “Gürcü Arzusu” partiyasının nümayəndələri, Marneuli şəhərinin meri Kənan Ömərov, Parlamentin üzvü Zaur Darğallı və Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze Sadaxlı kəndində əhali ilə görüş keçiriblər.

Bu barədə Zaur Darğallı öz rəsmi feysbuk səhifəsində məlumat dərc edib. Biz seçkiqabağı keçirilən görüşləri Zaur Darğallının paylaşdığı video və fotolardan öyrənirik. Onlar əhali ilə keçirdikləri kampaniyaları

bizdən gizlədirlər. Keçirilən görüşləri işıqlandırmaq üçün “Gürcü Arzusu” seçkibabağı təşviqat kampaniyasına başlayan zaman onlardan görüşün yerini bizə bildirmələrini tələb etdik. Yerli səviyyədə patiyaya yaxın olanlar bir zəngdən sonra bizim zənglərimizə cavab vermirlər və ya bu mövzunun onlara aid olmadığını deyirlər. Zaur Darğallı isə telefon zənglərinə cavab vermir.

Paylaşılan şəkillərdə görüşə Sadaxlı 1 və 2 saylı,Təzəkənd, Xuldərə və Mollaoğlu orta məktəblərinin müəllimlərinin də qatıldığını gördük. Biz onlardan bir neçəsi ilə əlaqə saxladıq və şəxsi məlumatların məxfiliyini nəzərə alaraq onların ad və soyadlarını qeyd etmədik.

“Bizi məktəb direktoru aparmışdı. Heç bir vəd vermədilər. Dedilər biz haraya, siz də oraya. Ölkənin çətin vəziyyətdə olduğunu və başqa partiyaya səs versək müharibə baş verəcəyini söylədilər” - ad və soyadının keçməsini istəməyən müəllim bildirdi.


Zaur Darğallı öz paylaşımında, görüş çərçivəsində “Gürcü Arzusu” dövründə həyata keçirilən layihələri müzakirə etdiklərindən və gələcək planlardan danışdıqlarından bəhs edib.

Tədbirdə iştirak edən müəllimlərdən bir digərinin sözlərinə görə, görüşdə əsas diqqət Gürcüstanın gələcəyinin gözəl olacağına yönəldilib. 

“Mən başqa məktəbdə işləyirəm deyə, heç xəbərim olmadı. Onu bildim ki, gedilir mən də getdim. Gürcüstanın gələcəyi haqqında, gələcəyinin bu gündən də gözəl olacağı barədə danışdılar. Əvvəllər də olduğu kimi, yavaş-yavaş kəndlərdə olan problemləri həll edəcəklərini və ildən-ilə büdcənin artdığını bildirdilər. Əsas məsələ Gürcüstanın bütövlüyü, azadlığı, əmin-amanlığı və yenə gözəl Gürcüstan idi”
- müəllimlərdən biri qeyd etdi.

Qeyd edək ki, Parlament seçkiləri siyahısında “Gürcü Arzusu” partiyasından Zaur Darğallı 25-ci yeri tutur.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Print ელ. ფოსტა
FaceBook Twitter Google