Marneuli meriyasının son iki ildəki büdcəsinə əsasən, təhsilə
ayrılan vəsait ildən-ilə artır.
Bələdiyyə tərəfindən ayrılan vəsaitin böyük hissəsi Uşaq Bağçası
Birliyinə subsidiya vermək üçün sərf olunur. Uşaq Bağçaları Birliyi
isə pulun böyük hissəsini əməkhaqlarına xərcləyir.
2023-cü il büdcəsində təhsilə 4 812 000 lari, 2024-cü il büdcəsində
isə 5 922 000 lari ayrılıb. Marneuli meriyası
hər il məktəb
müəllimlərinin gediş haqqı üçün ümumilikdə 72 000 lari ayırır ki,
bu da “Gürcü dili ikinci dil” müəllimlərinə bölünür.
2025-ci ilin büdcə layihəsi çərçivəsində təhsilə 7 072 000 lari
ayrılıb. Qeyd olunan vəsaitdən 7 000 000 lari uşaq bağçaları
birliyinə ayrılıb.
“Bələdiyyə üzrə ümumilikdə 3000 məktəbəqədər yaşlı uşaq
qeydiyyatdadır. Ərazidə yerləşən 14 uşaq bağçasında 2749 uşaq var,
onlardan 1161 qız, 1373 oğlandır. 251 uşaq isə müvafiq xidmətlərdən
yararlana bilmir. Bələdiyyə ərazisində fəaliyyət göstərən 14 uşaq
bağçası var və onların fəaliyyəti Uşaq Bağçaları Birliyi tərəfindən
təmin edilir” - 2025-ci ilin büdcə layihəsində qeyd
olunub.
Marneulidə fəaliyyət göstərən 14 uşaq bağçası aşağıdakı ünvanlarda
yerləşir:
1. 1 saylı uşaq bağçası, ünvan: Marneuli İkinci Erekle küç.
#21;
2. 3 saylı uşaq bağçası, ünvan: Marneuli May küç. #26;
3. 4 saylı uşaq bağçası, ünvan: Marneuli Rustaveli küç. #77;
4. Tsereteli kənd uşaq bağçası, ünvan: Marneuli, Tsereteli
kəndi;
5. Saimerlo kənd uşaq bağçası, ünvan: Marneuli, Simerlo kəndi;
6. Qızılhacılı kənd uşaq bağçası, ünvan: Marneuli, Qızılhacılı
kəndi;
7. Tamarisi kənd uşaq bağçası, ünvan: Marneuli, Tamarisi kəndi;
8. Şaumyan erməni uşaq bağçası, ünvan: Marneuli, Şaumyan kəndi;
9. Şaumyan yeni uşaq bağçası, ünvan: Marneuli, Şaumyan kəndi;
10. Şulaveri uşaq bağçası, ünvan: Marneuli, Şulaveri kəndi;
11. Xixani uşaq bağçası, ünvan: Marneuli, Xixani kəndi;
12. Kəpənəkçi kənd uşaq bağçası, ünvan: Marneuli, Kəpənəkçi
kəndi;
13. Marneuli, Algeti kənd uşaq bağçası – Marneuli, Algeti
kəndi;
14. Marneuli, Sadaxlı kənd uşaq bağçası – Marneuli, Sadaxlı
kəndi;
2025-ci ilin büdcə layihəsinə əsasən, məktəbəqədər təhsil
müəssisələrində 68 müəllim, 68 köməkçi olmaqla, ümumilikdə 350 işçi
işləyir. 2025-ci il büdcəsindən ayrılan 7 000 000 laridən 5 632 600
lari bağça işçilərinin əməkhaqqına xərclənəcək.
Marneuli bələdiyyəsinin 2025-ci il büdcə layihəsinin ictimai
müzakirəsi zamanı Marneuli meriyasının nümayəndələri “Marneuli”
radiosunun suallarını cavablandırıblar. Meriyanın Maliyyə və Büdcə
xidmətinin rəhbəri Koba Çxitunidzenin sözlərinə görə, yeni uşaq
bağçalarının tikintisi Marneuli meriyasının səlahiyyətinə aid
deyil.
“Yeni uşaq bağçalarının tikintisi üçün lazım olan
xərcləri hökumət ayırır. Biz artıq təmir və istismar xərclərini
qarşılayırıq. Yemək xərcləri, işçilərin maaşları, inventar,
kommunal xərclər və s. Biz ancaq bu xərcləri
qarşılayırıq” - Koba Çxitunidze bildirib.
Büdcənin ictimai müzakirəsi zamanı meriyanın İctimaiyyətlə Əlaqələr
Xidmətinin rəhbəri Davit Çikadze də bildirib ki, indiki mərhələdə
bələdiyyədə 3 yeni uşaq bağçasının tikintisi davam etdirilir,
ümumilikdə gələn illər ərzində 10 yeni uşaq bağçasının tikintisi
nəzərdə tutulub.
Vətəndaş İştirakı və Aktivizm Mərkəzinin rəhbəri Rəşan Ziyadəliyev
“Marneuli” radiosu ilə söhbəti zamanı bildrir ki, kəndlərdə uşaq
bağçalarının, mədəni-yaradıcılıq məkanlarının olması vətəndaşların
siyasi həyata cəlb olunmasında, fəallaşmasında böyük rol oynayır.
Ziyadəliyevin sözlərinə görə, Marneuli bələdiyyəsində uşaq
bağçalarının sayının artırılması vacibdir.
“İlk növbədə qeyd etmək lazımdır ki, yerli
özünüidarənin həyata keçirilməsi üçün vətəndaşların cəlb olunması
vacibdir. Marneuli meriyasında, Bələdiyyə Məclisində büdcə
vətəndaşların fəal iştirakı ilə təsdiqlənməlidir. Bundan əlavə,
Bələdiyyə Məclisi, meriya kənd səviyyəsində kənd yığıncaqlar
keçirməlidir, yerli ehtiyacları müzakirə etməlidir, lakin bu il
belə görüşlərə rast gəlmədik. Təəssüf ki, bələdiyyədə uşaq bağçası
problemi hələ də var və daha çox uşaq bağçası tikmək
lazımdır” - Rəşan Ziyadəliyev bildirir.
Kəndlərdə uşaq bağçalarının olması bir neçə cəhətdən yaxşı ola
bilər. Birincisi, uşaqların məktəbə hazır olması üçün zəruri ilkin
şərtdir, ikincisi, kəndlərdə uşaq bağçasının olması valideynlərin
fəallaşmasına, ictimai-siyasi həyatda iştirakına töhfə verə bilər.
Rəşan Ziyadəliyevin sözlərinə görə, demokratik dövlət quruculuğunda
vətəndaşların yerli özünüidarəetmə proseslərində iştirakının
artırılması vacibdir.
Vətəndaşların fikirlərini nəzərə almaq və müxtəlif mövqelərin
qəbulunu artırmaq üçün etnik azlıq və çoxluq arasında
inteqrasiyanın gücləndirilməsi vacibdir.
“Etnik azlıqların inteqrasiyası üçün etniklərarası
dialoq üçün mədəni tədbirlərin həyata keçirilməsi birbaşa vacibdir.
Məsələn, bir çox mədəni tədbirləri Marneuli meriyası tərəfindən
maliyyələşdirilən Marneuli Mədəniyyət Evi həyata keçirməlidir. O da
vacibdir ki, belə tədbirlər təkcə Marneulidə və ya konkret bir
kənddə deyil, bir çox yaşayış məntəqələrini, o cümlədən ucqar
kəndləri əhatə etməlidir”. - Rəşan Ziyadəliyev
bildirir.
Marneuli yerli özünüidarəetməsi mədəniyyət sahəsinin inkişafı üçün
2025-ci il büdcəsində 4 186 300 lari nəzərə alıb. Qeyd olunan
vəsaitin 2 771 300 larisi Marneuli “Mədəniyyət Mərkəzi”-nin
subsidiyası olacaq, 480 000 lari mədəniyyət sahəsində yeni il
konserti, “Marneuloba”, Novruz bayramı və s. kimi tədbirlərin
təşkili üçün nəzərdə tutulub. Marneulidə mədəniyyət obyektlərinin
saxlanması və bərpası üçün 515 000 lari ayrılıb.
22 noyabr tarixində Marneulinin 2025-ci il büdcə layihəsinin
müzakirəsi zamanı “Marneuli” radiosu meriya nümayəndələrindən etnik
azlıqların inteqrasiyası üçün büdcəyə hansı vəsaitin daxil olduğunu
soruşub. Meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri Koba Çxitunidze
bildirib ki, vətəndaşların cəlb olunmasını gücləndirmək üçün
büdcədən 20 000 lari ayrılıb.
“Həmin proqrama əsasən, gürcü, azərbaycan və erməni dillərində
məlumat flayerləri çap olunur ki, onlar bələdiyyədə həyata
keçirilən büdcə və müxtəlif layihələr haqqında məlumat əldə
etsinlər” - Koba Çxitunidze bildirib.
Marneuli yerli özünüidarəsinin inteqrasiyanın təşviqi üçün büdcədə
ayrıca ayrılmış lazımi vəsaiti yoxdur. Marneuli Bələdiyyə Məclisi
19 dekabr tarixində 2025-ci ilin büdcəsini təsdiqləyib. Büdcə
təsdiqlənəndən sonra mədəniyyət və təhsilə ayrılan vəsait dəyişə
bilər.