Peskov: Rusiya Prezidenti Azərbaycanın qəzaya uğrayan təyyarəsi ilə bağlı danışmağı planlaşdırmır
Kremlin mətbuat katibi Dmitri Peskov fevralın 7-də keçridiyi brifinqdə Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsi ilə bağlı açıqlama verib.

O, Rusiya Prezidenti Vladimir Putinin məsələ ilə bağlı danışmağı planlaşdırmadığını bildirib.

25 dekabr 2024-cü ildə “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsi Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau hava limanı yaxınlığında məcburi eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsində
38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Qazaxıstan Nəqliyyat Nazirliyinin “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsinin qəzasının təhqiqatı ilə bağlı ilkin hesabatında deyilir ki, 2024-cü il dekabrın 25-də Rusiyanın Qroznı aerodromuna iki uğursuz eniş cəhdindən sonra ekipaj Bakıya qayıtmaq qərarına gəlib.

“Sonra, qara qutudan alınan qeydlərə əsasən, səs bumu qeydə alınıb. Avtopilotun və avtomatik tənzimləyicinin söndürülməsi üçün səsli siqnal işə salınıb. Geri qayıtma prosesi zamanı təyyarənin ilkin idarəetmə sistemləri itirilib. 3-cü hidravlik sistemdə təzyiq 0-a düşüb. 3-cü hidravlik sistemdə mayenin səviyyəsi 0%-ə düşüb. İdarəetmə səthləri sıfır vəziyyətində sabitlənib və uçuşun sonuna qədər bu vəziyyətdə qalıb. Təyyarə meydançasının trim sisteminin nasazlığı qeydə alınıb”.

Hesabatda bildirilir ki, komissiya təyyarənin konstruksiyalarına dəyən zərərin ətraflı ekspertizasını davam etdirir.

"Sağ qalan fraqmentlərə ilkin baxış zamanı gövdənin quyruq hissəsində, şaquli stabilizatorda və stabilizatorda, liftdə və sükanda müxtəlif ölçülü və formalı çoxlu və açıq olmayan zədələr aşkar edilib. Analoji zədələr təyyarənin sol mühərrikində və sol qanadında da aşkar edilib", sənəddə qeyd edilir.

Bununla yanaşı “Rosaviasiya” - Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsinin iştirakı ilə baş vermiş aviasiya qəzasının təhqiqatına dair Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş ilkin hesabat ilkin xarakter daşıyır və insidentin səbəbləri ilə bağlı heç bir nəticəni ehtiva etmir”.


Agentlik bildirir ki, komissiyanın işi davam etdiriləcək və baş verənlərlə bağlı nəticələr yekun hesabatda təqdim olunacaq.

“Rosaviasiya” eyni zamanda təyyarənin “xarici təsirlər nəticəsində zədələnməsini” təsdiq edib.

“Lakin hesabatda Qazaxıstan tərəfinin təyyarədə olan yad obyektləri müəyyən etdiyi əks olunmur, halbuki Rusiyanın indiyədək belə bir imkanı olmayıb, çünki bu elementlər ekspertiza üçün ona verilməyib. Əvvəllər Aktau aerodromunu müstəqil seçərək alternativ eniş aerodromunu seçən ekipaj olduğu barədə məlumat yayılmışdı. Rusiya dispetçerləri tərəfindən təklif edilən alternativ hava limanları Mahaçqala və Mineralnıye Vodı, bu aerodromların təyyarələri qəbul etməyə texniki hazırlığına baxmayaraq ekipaj istifadə etməyib”, açqılamada qeyd edilir.

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə AZAL-a məxsus sərnişin hava gəmisinin uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olduğunu bildirir.

“Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar məlumatlar FDR (Flight Data Recorder - uçuş məlumatları qeydiyyatçısı) vasitəsilə öz təsdiqini tapıb. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıb”.

Nazirlik bildirir ki, hava gəmisi Rusiya hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib.

“Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barədə qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-də (Cockpit Voice Recorder-kabina diktofonu) 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb”, məlumatda qeyd edilir.

Məlumatda deyilir ki, hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb.

“Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib”.

Daha sonra 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispetçer “Ковер” əməliyyatı barədə Qroznıya məlumat verir.

“Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb”, nazirlik qeyd edir.

Xatırladaq ki, Azərbaycan mediası, həmçinin Euronews və Reuters Rusiya hava hücumundan müdafiə sistemindən atılan raketin fəlakətə səbəb olması barədə materiallar dərc edib.

Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Dekabrın 29-da Prezident İlham Əliyev bildirib ki, Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında Azərbaycanın mülki təyyarəsi kənar təsirə məruz qalaraq zədələnib və idarəetməni praktiki olaraq itirib. Onun sözlərinə görə, təyyarə elektron idaretmə vasitəsi ilə idarəolunmaz hala salınıb.

Bundan başqa, Azərbaycan Prezidenti Rusiyaya qarşı üzr istənilməsini, günahkarların cəzalandırılmasını və kompensasiya verilməsi tələblərini irəli sürüb. Rusiya Prezidenti üzr istəsə də, digər iki tələbin yerinə yetirilib-yetirilməyəcəyi ilə bağlı hələ rəsmi açıqlama yoxdur.

Müstəqil ekspertlərin dediyinə görə, Azərbaycan sərnişin təyyarəsinin Rusiya ərazisində bu ölkənin hərbi qüvvələrinə məxusus raket qurğusundan vurulması barədə məlumatları rəsmi Moskva etiraf etmək istəmir.

Bütün bu səbəblərdən hazırda Azərbaycan və Rusiya arasında diplomatik gərginlik davam edir. Hər iki ölkənin səfirləri Xarici İşlər Nazirliyinə dəvət edilib. Bu ölkələrin hökumətlərinə yaxın medialarda bir-birinə qarşı tənqidlər yer alan məqalələr dərc edilir. Azərbaycan mediasında qeyd edilir, sərnişin təyyarəsinin Rusiya ərazisində bu ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulması etiraf edilməsə beynəlxalq məhkəməyə müraciət ediləcək.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
თეგები: AZAL Azərbaycan Dmitri Peskov
FaceBook Twitter Google