"Gürcü Arzusu” partiyasının baş naziri İrakli Kobaxidze
Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri
Elina Valtonenin Gürcüstana səfərini
şərh edib. Kobaxidzenin sözlərinə görə, o, Valtonenlə
planlaşdırılmış görüşü ləğv edib, çünki finlandiyalı nazir
Rustaveli prospektində keçirilən etiraz aksiyasında görünüb.
Kobaxidze etirazçılar barədə əvvəllər istifadə etdiyi “Akatsuki”
ifadəsini Valtonenə də aid edib:
“Təsəvvür edin, Finlandiyanın xarici işlər naziri gəldi.
Biz onunla görüşmədik, çünki 50 Akatsukinin aksiyasında 51-ci
Akatsuki kimi dayandı. Belə bir insanla necə görüşmək olar?! O dedi
ki, mən Finlandiyanın xarici işlər naziri deyiləm, Akatsukiyəm. Biz
də görüşmədik, çünki Akatsuki ilə danışıqların mənası yoxdur. Biz
Finlandiyanın xarici işlər naziri ilə danışmaq istəyirdik, amma
nəticədə əlimizdə Akatsuki qaldı,” – deyə Kobaxidze
bildirib.
Elina Valtonen Gürcüstana rəsmi səfərlə gəlmişdi, vətəndaş
cəmiyyətinin nümayəndələri və “Gürcü Arzusu” partiyasının üzvləri,
o cümlədən xarici işlər naziri Maka Boçorişvili ilə görüşlər
keçirmişdi.
Bundan sonra o, nümayəndə heyəti ilə birlikdə Rustaveli
prospektində keçirilən etiraz aksiyasına da qoşulub və daha sonra
sosial şəbəkə X-də (Twitter) aksiya iştirakçılarına dəstək videosu
paylaşmışdı.
Bundan sonra hökumət administrasiyası bəyanat yayaraq bildirdi ki,
“qanunsuz mitinqdə iştirakı və yalan bəyanatlarına görə, İrakli
Kobaxidze Finlandiya xarici işlər naziri ilə planlaşdırılmış görüşü
ləğv edib.”
Daha sonra Finlandiyanın Helsingin Sanomat nəşri yazdı ki, Valtonen
özü görüşü ləğv etmək qərarını Bakıda, Azərbaycan prezidenti ilə
görüşü zamanı vermişdi.
Səfərin sonunda Gürcüstan Daxili İşlər Nazirliyi Valtoneni “yolun
bağlanması” səbəbi ilə 5000 lari cərimə edib, Xarici İşlər
Nazirliyi isə ATƏT-ə etiraz notası göndərib.
“Akatsuki”
nədir?
“Akatsuki” – yapon “Naruto” anime və manqa seriyasında əsas düşmən
təşkilatının adıdır. Bu təşkilat güclü, cinayətkar və dağıdıcı
ninja qaçaqlardan ibarətdir, məqsədləri dünya nizamını zorla
dəyişməkdir.
*"Naruto" (Naruto) dünyada ən
populyar Yapon manqası (komiks) və animesindən (cizgi serialı)
biridir.
"Akatsuki" serialın əsas antaqonist (pis) təşkilatıdır. Bu, yüksək
rütbəli, qaçqın ninzaların qrupudur.
Manqa nədir? Bu, komiksin Yapon versiyasıdır, ənənəvi olaraq
qara-ağ rəsmlərlə çəkilir.*
Gürcü siyasətində “Akatsuki” termini 2023-cü ilin martında “xarici
agentlər haqqında” qanun layihəsi ilə bağlı etirazlar zamanı
hökumət tərəfindən etirazçılara qarşı istifadə olunmağa başlayıb.
Bu söz etirazçıları “radikal, xaricdən idarə olunan və dağıdıcı
qüvvə” kimi göstərmək məqsədi daşıyır.
İrakli Kobaxidzenin bu termini Finlandiya naziri Valtonenə də aid
etməsi, hökumətin etirazlara dəstək verən hər kəsi — o cümlədən
yüksək səviyyəli xarici diplomatları belə — “düşmən qüvvə” kimi
göstərmək istədiyini göstərir.