Dmanisili Laşa Çxvimiani "Teatrdan görüş yerinə qədər"
13:49 / 22.12.2022
Gürcüstanın Mədəniyyət, İdman və Gənclər naziri Tea Tsulukianinin
Dmanisi Dövlət Teatrına rəhbər
seçimləri ilə bağlı müsabiqənin pozulduğunu elan etməsindən, yeganə
namizəd olan Laşa Çxvimianinin əvəzinə bədii rəhbər olaraq Kutaisi
Teatrının keçmiş rəhbərini təyin etməsindən sonra Laşa yenə də
Dmanisidə qalmağa və öz enerjisini yerli icmanın inkişafına sərf
etməyə qərar verib.
“Görüş Yeri”
təşkilatı belə yaranıb.
“Çalışdıq ki, bizim təşkilatın məqsədi təşkilatın adında da
görünsün. “Görüş yeri” – bizim təşkilat belə adlanır və biz
istəyirik, bu kiçik bələdiyyədə bir-birinə yadlaşmış ictimaiyyəti
müsbət mühitdə görüşdürək. Onlar burada bir-biri ilə öz dəyərlərini
bölüşəcək, bir-birini kəşf edəcək və bir-birinin baxışlarına qiymət
verəcəklər”.
Laşa deyir ki, təşkilatın yaranmasına səbəb araşdırma olub. Həmin
araşdırma çərçivəsində 200-ə yaxın Dmanisili gənc sorğuda iştirak
edib. Sorğuda iştirak edənlərin əksəriyyəti Dmanisidə öz gələcəyini
təsəvvür etmədiyini deyib.
“Bu nəticə bizi çox təəccübləndirdi. Çünki 200 nəfərdən
cəmi 5-10 nəfəri Dmanisiyə qayıtmaq, burada yaşamağa davam etmək
istədiyini dedi”.
Laşanın layihə yazmağa qərar verməsinə zəmin yaradan araşdırma bir
neçə il əvvəl aparılıb. O zaman gənclərdən onların Dmanisidə
qalması üçün bələdiyyədə hansı işlərin həyata keçirilməsini
istədiklərini yazmağı xahiş ediblər. Laşanın sözlərinə görə, əksər
hallarda uşaqlar bir-biri ilə görüşə, tanış ola və öz təcrübələrini
bölüşə biləcəkləri yerlərin olmaması problemini qeyd ediblər.
“Çalışdıq ki, bizim birillik layihəmiz bu ehtiyaclara
uyğun, bu arzuların həyata keçməsinə istiqamətlənmiş olsun. Bununla
təşkilatın fəaliyyətinə başlayırıq”.
Baxmayaraq ki, Dmanisi kiçik bələdiyyədir və ümumilikdə 20 000
nəfər yaşayır. Laşa deyir ki, bələdiyyədə hiss olunacaq dərəcədə
yadlaşma var. Bu etnik gürcü və azərbaycanlılar arasındadır.
“Bu barədə ən çox iki il əvvəl Dmanisidə baş vermiş
mübahisə, etnik qarşıdurma məni düşündürdü. Bəziləri buna ad
vermir, amma hər şeyin öz adı olmalıdır və bəli, bu etnik
qarşıdurma idi. Bu məni düşündürdü, hələ ki, mən svanam və atamdan
1989-cu ildə baş vermiş təxminən eyni tarixi eşitmişdim. Mən bunun
heç vaxt təkrar olunmayacağını və keçmişdə qalmış məsələ olduğunu
düşünürdüm. Amma bir axşam gördüm ki, atamın danışdığı hadisə mənim
ətrafımda canlanır, ekrandan izləyirəm. Onda düşündüm ki, kiçik
bələdiyyədə, kiçik şəhərdə yaşayan adamların bir gün belə acımasız
şəkildə bir-birinə qıyması, dəmir dəyənəklərlə bir-birini vurması
niyə baş verir. Bunun səbəbi həmin adamların heç yerdə bir-biri ilə
görüşməməsidir. Dmanisidə vəziyyət belədir, şəhərdə əsasən etnik
gürcülər, kəndlərdə isə əsasən etnik azərbaycanlılar
yaşayırlar”.
Dmanisidə bələdiyyə nəqliyyatı işləmir. Laşanın sözlərinə görə, bu
səbəbdən gürcü və azərbaycanlı əhalinin yolları ictimai nəqliyyatda
da kəsişmir. Bələdiyyədə kafe yoxdur. Vətəndaşlar boş vaxtlarını
keçirəcəkləri və gənclərin təhsil, inkişafla bağlı alternativ
vasitələr əldə edə biləcəyi məkan yoxdur.
Laşa “Görüş yerini” məhz bu problemlərin həlli
üçün yaratmağa qərar verib. Təşkilatın ilk layihələrindən biri
“pulsuz taksidir”. Çxvimiani bu layihə vasitəsi ilə yerli
sakinlərlə danışır, onların problemlərini, narahatçılıqlarını,
təcrübəsini dinləyir. Sonra isə bu təcrübəni geniş auditoroya ilə
bölüşür.
Laşa 2017-2021-ci illərdə Dmanisi Teatrının bədii rəhbəri
vəzifəsini tuturdu. Teatrın kiçik resurslarına baxmayaraq 4 il
ərzində tamaşalar qoyulurdu, maarifləndirici fəaliyyətlər
keçirilirdi və teatr kəndlərə gedirdi. Çünki bələdiyyədə ictimai
nəqliyyat hərəkət etmir.
“Yerli sakinlərin ehtiyacına uyğun olaraq bunu qismən təmin
etməyə istiqamətlənmişdik və teatrın hamının evinə qədər getməsini
istəyirdik, bizim əsas məqsədimiz bu idi”.
Laşa 2021-ci ildə yenidən bədii rəhbər seçimləri müsabiqəsində
iştirak edib.
“Yeganə iştirakçı idim, başqa namizəd yox idi. Bir ay yarım
müsabiqənin nəticələrini gözlədim və ay yarımdan sonra, 8 fevralda
birdən-birə nazirliyin feysbuk səhifəsindən gördüm ki, bu müsabiqə
heç bir açıqlama olmadan pozulub. Elə həmin gün də müsabiqədən
kənar başqa adam vəzifəyə təyin olunub. Mən bu günə qədər buna
cavab axtarıram, nazirin şəxsi feysbuk səhifəsinə də yazmışam, Xalq
Müdafiəçisinə də, hər şeyi sınadım, amma bu günə qədər nə baş
verdiyi ilə bağlı cavab almamışam. Bu günə qədər bu vəziyyətdəyəm,
bunun niyə baş verdiyini düşünürəm”.
Laşa deyir ki, Mədəniyyət Nazirliyindən qeyri-formal şəkildə ona
bildiriblər ki, bədii rəhbər vəzifəsinə onun təyin edilməməsi
bələdiyyə ilə fikir ayrılığı səbəbindən baş verib.
“Bu fikir ayrlığı ondan ibarət idi ki, biz tamaşalar
qoyanda yerli özünüidarənin xoşuna gəlmirdi. Məhz nazirlikdən bu
səs çıxdı və nazirin məsləhət şurasının üzvləri də bir neçə
müsahibəsində təkrar etdilər ki, hər şeyin səbəbi bu idi. Mən yenə
də bunlara inanmaq istəmirəm, çünki əgər doğurdan da belədirsə,
əgər kiminsə namizədliyini qoyduğu tamaşalara, bələdiyyə ilə
“işini” qaydaya sala bilməməsinə görə seçmirsənsə, o zaman işimiz
pisdir və buna da sonuna qədər inanmıram. Amma yekun fakt budur ki,
biz ədalətsizlik baş verən ölkədə yaşayırıq, hamımız ədalətsizliyin
olması ilə razılaşırıq, amma nə? Heç nə”.
Dmanisi teatrının yeni bədii rəhbərinin təyin edilməsindən bir il
ötür. Mədəniyyət Nazirliyi teatrın maliyyəsini də artırıb. Amma
Dmanisidə hələ tamaşa keçirilməyib. Bu dövr ərzində Dmanisi teatrı
Tbilisidə oynayıb, Svanetidə tamaşa qoyub, Avropanın bir neçə
ölkəsində qastrolda olub. Amma Dmanisili tamaşaçıların hələ də
tamaşaya baxmaq imkanı olmayıb.
Laşa düşünür ki, teatrın əsas funksiyası problemlərdən danışmaqdır.
Teatr hakimiyyətin ört-basdır etmək istədiyi problemlərin üzərindən
pərdəni qaldıra bilər. Laşanın fikrincə, bu olmadan teatrı
funksiyasını itirir.
“Mən istəmirəm, elə çıxsın ki, layihəyə başlamışam,
başımda papağım var və susum, çünki yalnız Dmanisidə deyil, başqa
yerdə də monitorinq çox mühümdür. Dövlət pulu nəyə xərclənir,
repertuar siyasətləri nədir”.
Laşa Dmanisi teatrının hazırkı yanaşmasını açıq tənqid edir və
hesab edir ki, repertuar regionun səciyyəviliyinə uyğun olmalıdır.
Laşanın fikrincə, truppanın hazırda işlədiyi “Xalde üsyanı”
tamaşası regionun problemlərinə səthi yanaşmanın
göstəricisidir.
“İki il əvvəl Dmanisidə baş verənlər fonunda “Xalde
üsyanı”nı tamaşaya qoymaq cinayətdir”, – Laşa
deyir
“Elə fikir yaranıb ki, Dmanisi teatrı strateji
teatrdır. Çünki Dmanisidə fəaliyyət göstərir və o millilikdən
danışmalıdır, amma məhz bu milliliyi tərs başa düşürlər. Etdikləri
ilə işləri daha da korlayırlar, mən belə hesab edirəm. Bu gün
Dmanisidə insanlara humanizm göstərəcək tamaşalar qoyulmalıdır.
Dmanisidə məhz humanizm çatışmazlığı var”.
Laşa istəyir ki, “Görüş yeri” Dmanisiyə lazım olan, yerli əhalinin
problemlərini müzakirə edə biləcəyi və ortaq dil tapa biləcəyi yer
olsun. Belə görüşlərin keçiriləcəyi yer yerli əhalinin dəstəyi və
ianəsi ilə artıq tikilir.
Laşa ümid edir ki, mərkəz 2023-cü ildə açılacaq və burada bir
məkanda kafe, kinoteatr, kamera teatrı, görüş yeri, kitab mağazası,
teatr studiyası və qeyri-formal təhsil guşəsi olacaq. Baxmayaraq
ki, “Görüş yeri” böyük ərazi tutmur, Laşa ümid edir ki, məhz bu yer
Dmanisililərə problemlərinin həllində kömək edəcək.