“Yeni Düşüncə İnstitutu” Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardım paketləri göndərib
“Yeni Düşüncə İnstitutu” Türkiyədə baş vermiş zəlzələ zamanı zərər çəkmiş insanlara dəstək olmaq üçün yardım kampaniyası təşkil edib. Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı mərkəzin təsisçilərindən Kamran Əfəndiyev verdi.

O, hamı kimi insanlıq borclarını yerinə yetirmək məqsədilə mərkəzin üzvləri ilə birlikdə yardım kampaniyası başlatdıqlarını bildirdi. Əfəndiyev deyir ki, kampaniya bir gün ərzində başladılıb və Xuldərə, Mollaoğlu, Xocorni kəndlərinin sakinlərindən 5000 lari pul toplanılıb. Əfəndiyevin sözlərinə görə, yardım yalnız maddi şəkildə toplanmayıb. Kimin gücü nəyə çatıbsa, evindən gətirərək mərkəzə təqdim edib.

“Yeni Düşüncə İnstitutu ailəsi olaraq Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər çəkən insanlara yardım etmək qərarına gəldik. Biganə qala bilməzdik. Bu məbləğ cəmi bir günə toplandı. 5 000 lari, paltarlar, ləvazimatlar, kim nə bacardı, onu gətirdi. Əsasən Yeni Düşüncə İnstitutunun ailəsi, gənclər və onların yaxın ətrafları, bizi sevən insanlar, Xocerni, Mollaoğlu, Xuldərə kəndlərindən, dəstək olan gürcü dostlarımız bir gün içərisində məbləğ göndərdi və bizim kampaniyamıza dəstək oldular”.

Kampaniyaya məktəb şagirdləri də qoşulublar. Onlar isə öz növbələrində zəlzələdən zərər çəkmiş körpələrə mənəvi dəstək olmaq üçün məktublar yazıb və rəsmlər çəkiblər.

Kamran Əfəndiyev toplanan məbləğə gigiyenik ləvazimatlar, isti paltarlar, qida məhsulları, tibbi ləvazimatlar və s. kimi lazım olan hər şeyi alıblar.

“Məktəblərdə şagirdlər Türkiyədəki bacı-qardaşlarına məktublar yazdılar, onların yanlarında olduqlarını bildirmək üçün şəkillər çəkdilər. İnsanlar öz evlərindən təzə qış gödəkcələri, uşaq paltarları, əlcək, papaq, corab, yorğan-döşəkləri gətirirdilər. Kim nə bacarırdı, gətirirdi. Biz buna sevindik ki, təşkilatımıza bu qədər insanların güvəni var. Xalqımız oradakı insanlara biganə qalmırlar. Bu qürurvericidir. Biz bir gün ərzində yığılan məbləği düzgün istifadə etmək üçün lazımi ləvazimatları aldıq. Gigiyenik məhsullar, qida məhsulları, tibbi ləvazimatlar aldıq. 30-dan artıq qutu idi. Onları qablaşdırdıq. Uşaq bezləri, əl kağızları və qida məhsullarını heç saymadan demək olar ki, 40-50 qutu yardım paketini biz dünən Türkiyənin Gürcüstandakı səfirliyinə təhvil verib qayıtdıq”.

O, kampaniyanın məqsədinin insanlara kiçik bir təşkilatın bir gündə yardım kampaniyası başlatmasını və insanların bir-birinə dəstək olmasının əhəmiyyətini göstərmək üçün başladıldığını vurğuladı.

Əfəndiyev bundan sonra toplanacaq yardımın məbləğ olaraq bir başa Türkiyənin Gürcüstandakı səfirliyinə təqdim olunacağını dedi.

“Bizim bir günlük kampaniyamızın əsas məqsədi o idi ki, kiçik bir təşkilat bir gün ərzində bu məbləği yığa bilirsə, onun gəncləri özlərini bu şəkildə ifadə edə bilir, başqalarına örnək ola bilirsə, artıq bölgələrimizdə, kəndlərimizdə, məktəblərdə, məhlələrdə yaşayanlar bunu edə bilər. Edirlər də, əlbəttə, bundan artığını edirlər. Hər yerdə insanlar yardım toplayır, oradakı bacı-qardaşlarına kömək edirlər. Biz də sadəcə olaraq ictimaiyyətə nümayiş etdirmək istədik ki, bu formada da yardım etmək mümkündür. Ən azından orada maddi və mənəvi dəstəyə də ehtiyac var və şagirdlər də öz məktubları ilə bu dəstəklərini göstərə bilirlər. Kampaniyanın davamında biz maddi dəstəyi qida formasında, paltar formasında almağı deyil, toplanan məbləği Türkiyə səfirliyinə göndərməyi düşünürük”.

Məlumat üçün bildirək ki, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş insanlara Marneulidən yardımlar davam edir.

Zəlzələ zamanı ölənlərin sayı 18 342 nəfərə çatıb.




Print ელ. ფოსტა
FaceBook Twitter Google