Azərbaycan əsilli Romina Purmoxtari İsveçin iqlim və ətraf mühit
naziri təyin olunub.
"Marneuli" radiosu
APA-ya istinadən xəbər verir ki, Baş nazir Ulf
Kristersson hökumətinin 18 oktyabr 2022-ci il tarixində açıqlanan
tərkibində yer alan 27 yaşlı soydaşımız İsveç tarixində ən gənc
nazir hesab olunur.
Romina Purmoktari 12 noyabr 1995-ci ildə Stokholm qraflığının
Sundbyuberq dairəsində anadan olub. Upsala Universitetini bitirib.
2019-cu ildən Liberallar Partiyasının İdarə Heyətinin həmsədridir.
2022-ci ildə İsveçdə keçirilən parlament seçkilərində Stokholm
dairəsi və Stokholm bələdiyyəsinin seçki dairələrində deputatlığa
namizəd olub. Seçkilərdə yaxşı nəticə göstərən gənc liberal qalib
gəlib.
Qeyd edək ki, Rominanın atası İbrahim Purmoxtari vaxtilə Təbrizdən
İsveçə mühacirət edib, bir neçə il öncə vəfat edib.
İsveçin azərbaycanlı naziri kimdir?
Modern.az yazdığına görə, Romina Purmoxtari 12
noyabr 1995-ci ildə Stokholm qraflığının Sundbyuberq dairəsində
anadan olub.
Upsala universitetini bitirib. 2019-cu ildən
Liberallar Partiyasının İdarə Heyətinin həmsədridir.
Onun namizədliyi yeni seçilmiş Baş nazir, ifrat sağçı Ulf
Kristersson tərəfindən irəli sürülüb.
Purmoxtari əslən Cənubi Azərbaycandandır. Onun atası İbrahim
Purmoxtari vaxtilə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz
şəhərində siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz
qaldığından İsveçə mühacirət edib. İbrahim Purmoxtari bir neçə il
öncə dünyasını dəyişib.
İsveçdə doğulub-böyüyən Romina ölkənin ən gənc naziri kimi diqqət
mərkəzindədir. Bundan öncə İsveçin ən gənc naziri 27 yaşlı Aida
Hacialiç hesab olunurdu.
Qeyd edək ki, yeni formalaşmış İsveç hökumətinin tərkibi 24
nazirdən ibarətdir. Onlardan 13-ü kişi, 11-i qadındır. Nazirlərin
on üç nəfəri mötədil, altı nəfər xristian demokrat, beş nəfər isə
liberaldır.
Ölkəni idarə edən 11 qadının arasında yer alan azərbaycanlı gənc
nazir təyin olunana qədər Liberal Xalq Partiyasının gənclər
qanadının rəhbəri vəzifəsində çalışıb. Onun siyasi profilində iqlim
məsələləri prioritetlər sırasındadır.
Onu da bildirək ki, Romina Purmoxtari İranda 22 yaşlı Məhsa Əminin
polis əməkdaşları tərəfindən döyülərək öldürülməsinə etirazını
bildirib və bu ölkədə keçirilən aksiyalara dəstək nümayiş etdirib.
Gənc siyasətçi çıxışlarında İranı sərt tənqid edib.
O, həmçinin həftəsonu "Evin" həbsxanasında baş verən yanğından
sonra İran hökumətini tənqid edən şərhləri retvit edib. Bildirib
ki, həbsxanadakı qarşıdurma və yanğın zamanı 8 nəfər həlak olub.
Gənc nazir İranın təzyiqləri dərhal dayandırmasına çağırış
edib.
Bundan başqa, azərbaycanlı nazir dəfələrlə İsveçlə bağlı vacib
siyasi məsələlərə özünə məxsus tərzdə münasibət bildirməsi ilə
gündəmə gəlib.
Xanım siyasətçi, həmçinin feminst olduğunu da gizlətmir. O, mediaya
müsahibələrində feminstləri dəstəklədiyini etiraf edib.
Gənc nazir, eyni zamanda dünyada baş verən qadın cinayətlərinə
qarşı aktiv mübarizənin vacibliyini diqqətə çatdırıb.
Xatırladaq ki, İsveçin 10 milyon əhalisinin təxminən 20%-i xaricdə
doğulanlardır. Onların çoxu Suriya, İraq, Əfqanıstan və Somali də
daxil olmaqla, müharibə şəraitində olan ölkələrdən gələn
qaçqınlardır.
Onu da qeyd edək ki, Romina Purmoxtari fars dilini mükəmməl,
Azərbaycan dilini isə nisbətən zəif bildirini söyləyib.