Son iki ildə tibb işçilərinin sayında da azalma baş verib, ya işdən
gediblər, ya da pandemiya ilə mübarizədə həyatlarını itiriblər
Covid-19-un ürək və beyin xəstələrinə potensial təsiri bütün
dünyada səhiyyə sistemlərinə çətinliklər yaradır. “The Financial
Times” qəzeti bu haqda araşdırmalardan yazır.
Britaniyada həkim Deyvid Streyn 64 yaşlı xəstəni altı ay öncə
Covid-19-dan müalicə edib,
indi isə o, iflic, demensiyanın əlaməti
olan yaddaşsızlıqdan əziyyət çəkir. “Xəstəni tanıdım, onun beyninin
dramatik şəkildə yaşlandığını anladım”, – həkim danışır.
Bu yaxınlarda yayılmış araşdırma koronavirusdan sağalmış 51-81
yaşlı 400-dək şəxsin beyində ciddi kiçilmə aşkarlamışdı.
“Financial Times” Britaniyanın Milli Səhiyyə Xidmətinin dünyada ən
zənginlərdən olan datasının təhlilini aparıb. Üzə çıxan odur ki,
pandemiya başlayandan ürək xəstəliyindən ölənlərin sayında ciddi
artım var, ancaq bu ən yaşlı qrupları əhatələyir. 40-64 yaş
qrupunda isə 2021-ci ildə ürək tutmasından ölüm 2019-cu illə
müqayisədə 15 faiz artıb.
ABŞ-da fevralda aparılmış təhlilə görə, hətta Covid-i ağır
keçirməyənlər belə azı bir il sonra ürək-damar xəstəlikləri riskilə
üzləşirlər.
Tədqiqatçılar bir sıra xəstəlik göstəricilərinin, o cümlədən ürək
çatışmazlığı və iflicin Covid-dən sağalanlarda daha yüksək olduğunu
aşkarlayıblar.
Bəzi tədqiqatçılar məhdud data əsasında geniş nəticələr əldə etmək
üçün çox tez olduğunu deyirlər. Sietldə yerləşən Səhiyyə
Göstəriciləri və Dəyərləndirmə İnstitutunun direktoru Kristofer
Murrey deyir ki, pandemiyanın birinci ilində yaşlılar arasında
ölümlərin çoxu demensiya ilə əlaqələndirilirdi. Faktiki olaraq, bu
ölümlərə diaqnoz qoyulmamış Covid də səbəb ola bilərdi.
Ancaq dəlillər artdıqca, bütün dünyada səhiyyə sistemlərinin
liderləri əhali arasında xəstəlik yükünün artdığını anlayırlar,
qəzet yazır.
Bu arada son iki ildə tibb işçilərinin sayında da azalma baş verib,
ya işdən gediblər, ya da pandemiya ilə mübarizədə həyatlarını
itiriblər.
Qəzet yazır ki, xəstəlik göstəricilərinin artması fonunda
resursların azalması tibb peşəkarlarını tibbi xidmət üsullarına
yenidən baxmağa vadar edir. Onlar profilaktik müalicəyə, birgə işə,
xroniki xəstəlikləri idarə etmək üçün distant təbabətə və əhalinin
sağlamlığının yaxşılaşdırılmasına fokuslanırlar.
Əslində bu dəyişikliklər pandemiya başlamazdan öncə də nəzərdən
keçirilirdi, özəlliklə də əhalisi yaşlanmaqda olan ölkələrdə. Ancaq
böhran onların icrasını daha da sürətləndirib.
Son iki il yarımda dünyada koronavirusa 600 milyondan çox yoluxma
qeydə alınıb, 6 milyon yarıma yaxın xəstə dünyasını dəyişib.
Dünyada Covid-19-a qarşı 12 milyard dozadan artıq vaksin
vurulub.
məmbə:
azadlıqradiosu