Seysmoloqlar bildirirlər ki, Türkiyə və Suriyada fevralın 6-da
baş vermiş 7.8 ballıq zəlzələ bəlkə də bu onilliyin ən dağıdıcı
zəlzələsi olacaq.
Alimlərin fikrincə bu zəlzələ Yerin litosferində Anadolu və
Ərəbistan tavaları arasında 100 kilometrlik çat yaradıb.
Reuters agentliyinin ekspertləri Yerin dərin qatlarında nələrin baş
verməsindən və zəlzələ sonrası mümkün hadisələrdən danışıblar.
Zəlzələnin mənşəyi haradadır?
Zəlzələnin episentri Türkiyənin Nurdağı şəhərinin 26
kilometrliyində, Şərqi Anadolu çatının 18 kilometr dərinliyində
olub.
Zəlzələnin zərbə dalğası şimal-şərq istiqamətində hərəkət edərək
mərkəzi Türkiyə və Suriyada dağıntılara səbəb olub.
Bu da qeyd olunur ki, 20-ci əsr ərzində Şərqi Anadolu Çatında çox
az seysmik fəallıq müşahidə olunub.
ABŞ Geoloji Mərkəzinin məlumatına görə burada 1970-ci ildən bəri
6.0 baldan güclü olan yalnız üç zəlzələ baş verib.
Amma bundan əvvəl, 1822-ci ildə burda baş vermiş 7.0 ballıq
zəlzələdə təqribən 20 min insan ölüb.
Zəlzələ nə dərəcədə dağıdıcı olub?
Əgər hər il gücü 7.0 baldan çox olan 20-dən az zəlzələnin baş
verməsi nəzərə alınarsa, fevralın 6-da baş vermiş zəlzələ dağıdıcı
adlandırıla bilər.
London Universitet Kollecinin Risk və Fəlakətlərin Önlənməsi
İnstitutunun rəhbəri Coanna Uolkerin sözlərinə görə, 2016-cı ildə
mərkəzi İtaliyada baş vermiş 6.2 ballıq zəlzələ 300 nəfərin ölümünə
səbəb olmuşdusa, Türkiyə-Suriya zəlzələsi zamanı 250 dəfə çox
enerji ayrılıb.
2013-cü ildən 2022-ci ilədək yalnız iki belə güclü zəlzələ qeydə
alınıb.
Niyə bu qədər güclü?
Şərqi Anadolu Çatı zərbə-sürüşmə tipli çatdır.
Belə çatlarda bərk qaya tavaları çat boyunca şaquli olaraq
bir-birinə doğru hərəkət edir.
Bu qarşılıqlı itələmə prosesi bu tavalardan biri sürüşərək üfqi
hərəkətə keçəndə dayanır və zəlzələ törədəcək gərginlik
yaradır.
Kaliforniyadakı San Andreas Çatı dünyanın ən iri zərbə-sürüşmə
tipli çatı sayılır və alimlərin fikrincə burada fəlakətli bir
zəlzələnin olacağı gözləniləndir.
Türkiyə-Suriya zəlzələsində sınma nisbətən dayaz qatlarda baş
verib.
Britaniyadakı Açıq Universitetinin planetar geologiya alimi Deyvid
Rotberi bildirir ki, episentri dayazda olan zəlzələlər Yer səthi
üçün daha dağıdıcı olur.
Başqa sözlərlə bu gücdə zəlzələnin episentri daha dərində olsaydı,
bu qədər dağıntı yaratmazdı.
Bundan sonra necə ard zərbələri gözlənilir?
Türkiyədə birinci zəlzələdən 11 dəqiqə sonra 6.7 ballıq ard zərbəsi
olub. Bundan bir neçə saat sonra baş vermiş 7.5 ballıq ikinci
zəlzələdən sonra 6.0 ballıq daha bir ard zərbəsi baş verib.
Alimlərin fikrincə bu, seysmik fəallığın qonşu çatlara yayıldığını
göstərir və bu fəallıq hələ bir müddət davam edəcək.
1822-ci ildə baş vermiş zəlzələdən sonra ard zərbələri bir il
ərzində davam etmişdi.
Son ölü sayı nə qədər ola bilər?
Məskun ərazilərdə bu gücdə olan oxşar zəlzələlər nəticəsində
minlərlə insan tələf olub.
2015-ci ildə Nepalda baş vermiş 7.5 ballıq zəlzələ təxminən 9 min
insanın həyatına son qoymuşdu.
Britaniya Geoloji Müşahidə Mərkəzindən Rocer Musson Türkiyə-Suriya
zəlzələsi qurbanları sayının minlərlə, hətta on minlərlə ola
biləcəyini deyir.
Alimin fikrincə soyuq qış havası xarabalıqlar altında ilişib
qalanların sağ qalması ümidlərini azaldır.