Qış öncəsi İran Avropanın artan qaz ehtiyaclarını ödəyərək
sərvət qazanmağa ümid bəsləyirdi.
Avropada qışın çətin keçməsi İrana bir çox üstünlüklər qazandıra
bilərdi. Onlardan biri də Vyanada İranın dünya gücləri ilə nüvə
danışıqlarının bərpası ola bilərdi. Bu fikirlər həm dövlət
rəsmiləri, həm də dövlət mediasında səsləndirilirdi.
"Daha yaxşı sövdələşmə üçün iki ay gözləyin, Avropaya qış gəlsin”,
– əsasən Ali dini lider Ayətullah Əli Xameneyinin ifrat mühafizəkar
fikirlərini əks etdirən “Kayhan” qəzeti yazırdı.
Nüvə danışıqları irəli getmədi, sanksiyalar yerində qaldı, söz
verilmiş Rusiya qazı çatdırılmadı, İranın özünə yanvarda çox sərt
qış gəldi. Buna baxmayaraq, Tehran hələ də nikbin idi.
İslam İnqilab Keşikçiləri Korpusuna yaxın “Javan” qəzeti kinayə ilə
yazırdı ki, “fransızların odun, almanların kömür, britaniyalıların
pişik təzəyi yandırdığı, isveçlilərinsə adyalların ümidinə qaldığı”
zamanda İranın soyuqla problemi olmayacaq.
Ancaq temperaturlar endikcə ölkədə qaza tələbat artdı və İran artıq
qaz nəql etmək iqtidarında olmadı. Hökumət bunun əvəzinə qaza
qənaət etməyə başladı. Nəticədə bəzi məktəblər və ictimai məkanlar
bağlandı. Qaz qiymətlərinin artması və qazın tez-tez kəsilməsi
vətəndaşları qəzəbləndirdi. Onsuz da aylardır davam edən hökumət
əleyhinə nümayişlərə yeniləri əlavə olundu.
Elektrik enerjisindən istifadənin artması nəticəsində şəbəkə
yükləndi, mazut və heyvan təzəyi kimi kirli yanacaqlardan istifadə
isə hava çirklənməsini daha da artırdı.
"Son bir neçə gün ərzində, temperaturlar -20º C-yə çatanda …biz
insanlara nöyüt, yaxud maye yanacaq qaz verə bilmədik. Vəziyyət o
qədər çətin idi ki, kəndlərdə odun və heyvan təzəyi yandırırdılar”,
– ölkənin cənub-şərqində yerləşən Sistan-Bəlucistan əyalətindən
seçilmiş millət vəkili Mohəmməd Sərqazi yarırəsmi ILNA xəbər
agentliyinə deyib.
Sosial media postlarından ölkənin bir çox yerində qazın
kəsildiyini, sərt soyuqlarda insanların çarəsiz durumda qaldığını
görmək olurdu. Videolarda insanların maye qaz ala bilmək üçün uzun
növbələrdə gözləməli olduğu, azyaşlı şagirdlərin sinif otaqlarında
adyala büküldüyü görüntülənmişdi.
İstər iranlılar, istərsə də kənar müşahidəçilər nəhəng təbii qaz
ehtiyatlarına malik ölkənin düşdüyü durumu heyrətlə izləyirlər.
Ekspertlərinsə cavabı sadədir: on illərlə davam edən yanlış
strategiya İranı yalnız təbii qazdan asılı duruma salıb və ölənin
enerji təhlükəsizliyini risk altına atıb.
"İran dünyada ikinci ən böyük təbii qaz yataqlarına malikdir. Ancaq
daxili istehlakın yüksək olması, yanlış idarəetmə, sanksiyalar,
maliyyə resursları və qabaqcıl texnologiyaların çatışmaması kimi
səbəblərdən ölkə bu kapitaldan səmərəli istifadə edə bilmir”, –
Vaşinqtonda yaşayan enerji strateqi, Corc Meyson Universitetinin
müəllimi Umud Şokri deyir.
Şokri AzadlıqRadiosuna yazılı cavabında qeyd edir ki, İran nəhəng
yataqlarının olmasına rəğmən 2011-ci ildən bəri təbii qaz idxal
edir. Həmin il Tehran Türkmənistandan qaz almağa başlayıb.
Ancaq bu əlavə qaz da dünyanın beşinci ən iri təbii qaz
istehlakçısı olan İranın ehtiyaclarını tam ödəyə bilməyib. Yaranan
kəsir bu qış günündə 300 milyon kubmetr həcminə çatıb. Daxili
istehsal azaldıqca defisit daha da artır. Köhnəlməkdə olan
infrastruktur sıradan çıxır, ölkə xarici investisiya və vəziyyəti
dəyişmək üçün zəruri texnologiya cəlb edə bilmir.
Dünyanın ən iri təbii qaz yatağı olan Cənubi Pars yatağının
istismarı sayəsində son iyirmi ildə daxili qaz istehsalı xeyli
artıb. Bu yataq İran körfəzində dəniz təkindən 3 min metr dərində
yerləşir. Ancaq İranın əksər qaz yataqları kimi, Cənubi Pars
yatağında da yeni iri qazma platformaları quraşdırılmasa,
istehsalın kəskin aşağı düşməsi gözlənilir.
Şokri deyir ki, hətta İran günü bu gün bu cür platformaları qurma
təcrübəsi olan hər hansı xarici partnyorla razılığa gəlsə belə, bu
25 milyard dollara başa gələcək və nəticələrin əldə edilməsi beş il
çəkəcək.
İranın enerji məsələləri üzrə ekspert Dalqa Xatınoğlu deyir ki,
ölkənin təbii qaz yataqlarının çox hissəsi qaz sızmaları, səmərəsiz
elektrik enerjisi istehsalı, düzgün saxlama anbarlarının olmaması
kimi səbəblərdən israf olunur.
Onun sözlərinə görə, İran 2000-ci illərin əvvəllərində özünün neft
və qaz sektoruna ildə 20 milyard dollara qədər vəsait yatırsa da,
2016-cı ildə bu rəqəm artıq yarıbayarı azalıb, o zamandan bəri də
artıq ildə 3 milyard dollar səviyyəsinə düşüb.
İran Rusiyadan almağa ümid etdiyi 55 milyon kubmetr qazı da ala
bilməyib. Şokrinin sözlərinə görə, İran Rusiyadan alacağı qazı həm
daxili istifadəyə cəlb etməyi, həm də onun qarşılığında öz qazını
Rusiyanın regiondakı müştərilərinə satmağı düşünürdü.
Ancaq qaz əsasən Moskvanın Türkiyədən keçən tranzit yollarına
yönləndirildiyi üçün bu plan baş tutmadı. Şokri deyir ki, burada
Rusiyanın öz potensial rəqibinə kömək etməklə bağlı tərəddüdü də
rol oynayıb.
"Rusiyanın daha Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaya
bilmədiyini nəzərə alsaq, onun neft və qaz ixrac bazarı Asiyaya
yönələcək. Moskva İranın Asiya enerji bazarında ona rəqib olmasını
istəmir”, – o deyir.
Şokri yanvarda ödəmələrin gecikməsinə görə Türkmənistandan alınan
təbii qazın itirilməsini və İranın yenidən Azərbaycana üz tutmasını
da qeyd edib.
"İslam Respublikasının gərgin xarici siyasəti, habelə nüvə, raket
və dron proqramlarını davam etdirməsi, digər ölkələrin işlərinə
müdaxiləsi də İranın enerji sənayesindəki mövcud problemlərinin
həllindən ötrü zəruri maliyyə və texnoloji resursları cəlb edə
bilməməsinə səbəb olur”, – Şokri söyləyir.