Twitter-in sahibi, ABŞ milyarderi İlon Mask Rusiya Təhlükəsizlik
Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedevin
“Ukraynanın yox olacağına” dair postunu silməkdən imtina etməsinin
səbəblərini bildirib.
Medvedevin postunda deyilirdi ki, “Ukrayna yox olacaq, çünki o heç
kimə lazım deyil...”
Twitter istifadəçiləri Maskı Rusiyanın anti-Ukrayna ritorikasına
meydan verməkdə və beləliklə də Moskvaya qarşı sanksiyaları
pozmaqda ittiham edirlər.
Mask bildirib ki, bu məsələdə seçimi adamların özləri
etməlidirlər.
O habelə Rusiya hökumət strukturlarının Twitter hesablarını
məhdudlaşdrmaqdan boyun qaçırır.
Mask onu ittiham edənlərə yazır:
"Bütün xəbərlər müəyyən dərəcədə təbliğatdır. Qoy adamlar özləri
müstəqil qərar qəbul etsinlər... Putin Ukraynaya göstərdiyim köməyə
görə məni hərbi cani adlandırıb. Odur ki, onu mənim heç də ən yaxşı
dostum hesab etmək olmaz”.
İlon Mask əlavə edib ki, Twitter Rusiyanın hökumət hesablarını nə
təbliğ edəcək, nə də məhdudlaşdıracaq:
"Senzura ilə, yalnız başqaları bundan istifadə edirlər deyə məşğul
olmaq zəif gedişdir”.
Ötən ilin aprel ayında, Rusiyanın Ukraynaya müdaxiləsinin ardınca
Twitter bəyan etmişdi ki, o azad informasiyaya çıxışı
məhdudlaşdıran və ya dövlətlərarası münaqişələrdə iştirak edən
dövlətlərin hökumət postlarını “reklam və tövsiyə etməyəcək”.
Şirkət qeyd edirdi ki, Rusiya hakimiyyətinə bağlılığı olan hesablar
məhdudlaşdırılacaq.
Lakin Mask ötən ilin oktyabrında Twitter-i alandan sonra
bildirmişdi ki, o bu sosial şəbəkədə daha geniş söz azadlığına
imkan yaradacaq.
Bundan başqa keçmiş prezident Donald Trampın hesabı təkrar
açılmışdı. Hərçənd Tramp artıq bu hesabdan istifadə etmir.
Bir sıra şərhçilər və siyasətçilər Maskın siyasətini kəskin tənqid
edirlər.
Onlar bildirirlər ki, moderasiya siyasətinin bu sayaq
dəyişdirilməsi yalnız dezinformasiya və nifrət hisslərini yayanlara
əl verir.
Bununla yanaşı İlon Maskın özü də Ukrayna rəhbərliyi tərəfindən
rusiyayönlü kimi qiymətləndirilən bir sıra bəyanatlar vermişdi.
Bundan əvvəl The Telegraph qəzeti xəbər vermişdi ki, Twitter Rusiya
hakimiyyəti ilə bağlı hesabların üzərindən məhdudiyyətləri
qaldırıb.
Twitter-də axtarışlar yenə də Kremlə, Rusiya Xarici İşlər
Nazirliyinə gedib çıxır.
TASS bildirir ki, indi axtarış zamanı Rusiya Müdafiə Nazirliyinin
hesabına da çıxmaq olur.