İranın ali lideri Ayətullah Əli Xamenei çərşənbə günü ABŞ ilə nüvə
sazişi üzrə
danışıqlar aparmaq fikrini rədd edib. Bu, ABŞ prezidenti Donald
Trampdan belə danışıqların aparılması ilə bağlı məktubun
gəlməsindən sonra baş verib.
Tramp keçən həftə Xameneiyə məktub göndərdiyini bildirib. O,
məktubda İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün iki
yolun olduğunu vurğulayıb: “Ya hərbi
yolla, ya da sazişlə”.
Məktub çərşənbə günü Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin
diplomatik müşaviri Ənvər Qarqaş tərəfindən İranın xarici işlər
naziri Abbas Əraqçiyə təqdim edilib.
Əraqçi və Qarqaş görüş keçirər zaman Xamenei universitet tələbələri
ilə görüşündə Trampın danışıqlar təklifini “ictimai rəyi aldatmağa
yönəlmiş bir hiylə” adlandırıb. Bu barədə İran dövlət mediası
məlumat verib.
“Onların sazişə əməl etməyəcəyini bilirik, o zaman
danışıqların nə mənası var? Buna görə də danışıqlara dəvət ictimai
rəyin aldadılmasıdır”, Xamenei dövlət mediasına
bildirib.
Xamenei vurğulayıb ki, Tramp administrasiyası ilə danışıqlar
aparmaq İran üçün daha böyük çətinliklər yaradacaq: “Onların
həddindən artıq tələbləri var və bu, sanksiyaların daha da
güclənməsinə və İrana təzyiqlərin artmasına səbəb olacaq”.
2018-ci ildə Tramp ABŞ-ı İranın dünya gücləri ilə 2015-ci ildə
imzaladığı nüvə sazişindən çıxarıb və Tehranın iqtisadiyyatını
sarsıdan sanksiyaları yenidən tətbiq edib. İran buna bir il sonra
nüvə məhdudiyyətlərini pozmaqla cavab verib.
Xamenei keçən həftə bildirib ki, Tehran “həddindən artıq tələblər”
və təhdidlərlə danışıqlara məcbur edilə bilməz.
BƏƏ isə Vaşinqtonun əsas təhlükəsizlik tərəfdaşlarından biri
olmaqla yanaşı, Tehranla da isti əlaqələr saxlayır. Keçmişdə
yaşanan gərginliyə baxmayaraq, iki ölkə arasında biznes və ticarət
əlaqələri güclü qalır və Dubay bir əsrdən çoxdur ki, İran üçün əsas
ticarət mərkəzi rolunu oynayır.
Tramp İranla nüvə sazişi üçün qapını açıq saxladığını bildirsə də,
ABŞ-ın birinci prezidentlik müddətində tətbiq etdiyi “maksimum
təzyiq” kampaniyasını yenidən bərpa edib. Bu strategiya İranı
qlobal iqtisadiyyatdan təcrid etmək və neft ixracını sıfıra
endirmək məqsədi daşıyır.
İran uzun müddətdir ki, nüvə silahı inkişaf etdirmək niyyətində
olmadığını bildirir.
“
Əgər biz nüvə silahı hazırlamaq istəsəydik, ABŞ bunu
dayandıra bilməzdi. Amma biz özümüz bunu istəmirik”,
Xamenei qeyd edib.
Bununla belə, Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) keçən ayın
sonunda İranın 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatının
artdığını və bu səviyyənin 90%-lik silah dərəcəsinə yaxınlaşdığını
bildirib.
Bundan əlavə, Əraqçi BMT Təhlükəsizlik Şurasının İranın nüvə
fəaliyyəti ilə bağlı keçirdiyi qapalı iclası tənqid edib və bunu
İranla danışıqlar aparmaq istəyən ölkələrin səmimiliyini şübhə
altına alan yeni bir proses adlandırıb.
Təhlükəsizlik Şurasının 15 üzvündən altısı – Fransa, Yunanıstan,
Panama, Cənubi Koreya, Britaniya və ABŞ – İranın silah dərəcəsinə
yaxın uran ehtiyatlarını artırması ilə bağlı iclasın keçirilməsini
tələb edib.
Əraqçi bildirib ki, İran yaxın zamanda Fransa, Britaniya və
Almaniya ilə 2015-ci il nüvə sazişi çərçivəsində beşinci raund
danışıqları aparacaq.
“
Avropalılarla danışıqlarımız davam edir və davam edəcək…
Lakin BMT Təhlükəsizlik Şurasının və ya BMT-nin nüvə nəzarəti
qurumunun İrana təzyiq göstərmək üçün atacağı hər hansı bir addım
bu danışıqların legitimliyini şübhə altına alacaq”, – deyə
Əraqçi dövlət mediasına bildirib.
Bundan əlavə, Çin Xarici İşlər Nazirliyi bildirib ki, Çin və Rusiya
cümə günü Pekində İran rəsmiləri ilə görüşərək İranın nüvə
məsələsini müzakirə edəcəklər.