Fransa sentyabrda Fələstin dövlətini tanıyacaq
Fransa BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini tanıyacaq. Bu barədə iyulun 24-də Fransa prezidenti Emmanuel Makron bildirib.

Prezident Makron X sosial media hesabında Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasa yazdığı məktubun surətini paylaşıb.

Məktubda bildirilir ki, Makron müvafiq qərarın Yaxın Şərq münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcəyinə inanır.

İyulun 24-də Böyük Britaniyanın baş naziri Kir Starmer də Qəzza zolağında dərhal atəşkəsin elan olunmasına çağırış edib və faktiki olaraq İsraili bu bölgədəki humanitar fəlakətə görə məsuliyyət daşıyan tərəf adlandırıb. Starmer yazıb ki, yalnız Qəzzada atəşkəs əldə olunduqdan sonra Böyük Britaniya Fələstin dövlətini tanıyacaq.

BMT-yə üzv 193 ölkədən 150-yə yaxını Fələstinin müstəqilliyini tanıyır. Hazırda ABŞ və xüsusilə İsrail onu tanımaqdan imtina edir. BMT qətnamələrinə görə, dövlətin ərazisi İordan çayının qərb sahili, Qəzza zolağı və Şərqi Qüdsdən ibarət olmalıdır, lakin İsrail bu sərhədlərlə razılaşmır.

Qəzza zolağının bir hissəsi hazırda İsraillə müharibə vəziyyətində olan HƏMAS qruplaşmasının (ABŞ və Aİ tərəfindən terrorçu təşkilat kimi tanınır) nəzarəti altındadır. HƏMAS-ın əlindəki israilli girovların azad olunması və atəşkəslə bağlı dolayı danışıqlar, hələlik, nəticə verməyib. "Reuters"in xəbərinə görə, İsrail və ABŞ nümayəndələri Qətəri tərk ediblər və hazırda HƏMAS-ın son təklifini təhlil edirlər. ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, HƏMAS xoş niyyətlə hərəkət etmir, vurğulayıb ki, "girovların evlərinə qaytarılması və Qəzza sakinləri üçün daha sabit şəraitin yaradılması ilə bağlı alternativ variantlar" nəzərdən keçiriləcək. O, əlavə təfərrüatları açıqlamayıb. Qəzzada isə İsrailin hərbi əməliyyatı davam edir. Əraziyə humanitar yardımın çatdırılması çətinləşib, beynəlxalq təşkilatlar aclıq təhlükəsi barədə xəbərdarlıq edirlər.

Qəzzada döyüşlər 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailin cənubuna hücum edərək 250-dən çox insanı girov götürdüyü vaxtdan bəri davam edir. İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatı isə on minlərlə sakinin ölümünə səbəb olub. Vaxt keçdikcə bir çox Qərb ölkələri bu əməliyyata görə İsraili daha çox tənqid etməyə başlayıb. Beynəlxalq Cinayət Məhkəməsi hətta HƏMAS-ın bir neçə komandiri ilə yanaşı, İsrailin baş

naziri Benyamin Netanyahunun həbsi barədə order verib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
თეგები: Fransa Fələstin
FaceBook Twitter Google