Kürmükdən Borçalıya qarşılıqlı hörmətin və ... - Elnur Nazimdən səsli fikir
"Bu yazını gecədən səhərə qədər yazmışam. Müxtəlif mənbələr, paylaşımlar, sosial şəbəkələrdəki əks səda, əsasəndə TikTok da yayılan çox təhlükəli və millətçi ekstremist videolar məni bu mövzuya yenidən baxmağa vadar etdi. Prosesdən ayılanda gördüm ki, iki qutu siqaret çəkmişəm, altı fincan tünd qəhvə içmişəm. Bunu yazmaqda məqsədim odur ki, yazı mənim üçün heç vaxt asan və məsuliyyətsiz

proses olmayıb. Bu qələmin müstəqilliyini qorumaq üçün çox məhrumiyyətlərə dözmüşəm və bu mənim üçün heç də asan olmayıb." - Elnur Nazim


"Bizi birləşdirməli olan tarix: Kürmükdən Borçalıya — qarşılıqlı hörmətin və mehriban qonşuluğun əhəmiyyəti
Tarix bəzən xalqlar arasında körpüyə, bəzən isə təəssüf ki, anlaşılmazlıq və qarşıdurma səbəbinə çevrilir.

Məhz buna görə Azərbaycan və Gürcüstan arasında tarixi, mədəni və dini məsələlər müzakirə edilərkən xüsusi həssaslıq və məsuliyyət nümayiş etdirmək lazımdır.

Ölkələrimiz arasındakı münasibətlər ayrı-ayrı mübahisəli məsələlərdən qat-qat dərin və əhəmiyyətlidir. Bu məsələlərin həlli isə emosional yanaşmalardan daha çox dialoq və qarşılıqlı hörmət tələb edir.

Son dövrlərdə Azərbaycanın Qax rayonunda yerləşən Kürmük məbədi ətrafında aparılan işlərlə bağlı Gürcüstan Patriarxlığının bəyanatı və Azərbaycan Xarici İşlər Nazirliyinin cavabı tarixi və dini irslə əlaqədar məsələlərin nə qədər həssas olduğunu bir daha göstərdi.

Hesab edirəm ki, bu mövzuya münasibət bildirərkən iki mühüm prinsip nəzərə alınmalıdır: tarixi və mədəni irsin qorunması, həmçinin dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi. Bu prinsiplər bir-birinə zidd deyil. Əksinə, onların birlikdə qorunması mehriban qonşuluq münasibətlərinin əsasını təşkil edir.

Gürcüstan vətəndaşı üçün gürcü cəmiyyətinin Gürcüstan tarixi ilə əlaqəsi olan dini və mədəni abidələrə maraq göstərməsi tamamilə anlaşılandır. Eyni zamanda, Kürmük məbədinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində yerləşdiyi və orada aparılan işlərin Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilməli olduğu da nəzərə alınmalıdır.

Tarixi abidələrin mənşəyi, memarlıq xüsusiyyətləri və dini əhəmiyyəti haqqında müxtəlif fikirlərin mövcudluğu təbiidir. Lakin elmi müzakirələr siyasi qarşıdurmaya və yaxud hansısa dövlətin suverenliyinin şübhə altına alınmasına çevrilməməlidir.
Bu mövzudan danışarkən Gürcüstan vətəndaşı və etnik azərbaycanlı olaraq istər-istəməz Borçalıda mövcud olan tarixi və mədəni irslə bağlı məsələləri də xatırlayıram.

Tarixin müxtəlif mərhələlərində Borçalıda, indiki Kvemo Kartli bölgəsində bir sıra türk-Azərbaycan mənşəli toponimlər dəyişdirilib. Xüsusilə ötən əsrin 90-cı illərinin əvvəllərində həyata keçirilmiş dəyişikliklər diqqətəlayiqdir.

Həmin dövrdə bir sıra yaşayış məntəqələrinə rəsmi olaraq yeni adlar verilib. Məsələn, Faxralı Talaveri, Arıxlı Naxiduri, Qoçulu isə Çapala adlandırılıb.

Bu proseslər haqqında həm akademik araşdırmalarda, həm də insan hüquqları və milli azlıqlar məsələləri ilə məşğul olan təşkilatların materiallarında məlumatlar mövcuddur.

Əlbəttə, tarixi toponimlər məsələsi kifayət qədər mürəkkəbdir. Bəzi yaşayış məntəqələrinin müxtəlif tarixi dövrlərdə gürcü və Azərbaycan dillərində fərqli adları olub. Buna görə də hər bir hadisə ayrıca araşdırılmalıdır. Lakin onu da nəzərə almaq lazımdır ki, toponimlər sadəcə coğrafi adlar deyil.

Onlar yerli əhalinin tarixi yaddaşının və mədəni kimliyinin ayrılmaz hissəsidir.
Bu baxımdan Avropa Şurasının Gürcüstanda milli azlıqların ənənəvi toponimlərinin qorunması və bərpası ilə bağlı tövsiyələri də xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda, Borçalıda mövcud olan Azərbaycan mədəni irsinin vəziyyəti də diqqətə layiqdir. Tarixi qəbiristanlıqlar, dini tikililər və digər mədəni abidələr ümumi tariximizin tərkib hissəsidir. Onların araşdırılması, qeydiyyata alınması, mühafizəsi və bərpası dövlətlə yerli cəmiyyətin birgə məsuliyyəti olmalıdır.

Əgər hansısa tarixi abidə lazımi səviyyədə qorunmursa və yaxud onun tarixi əhəmiyyəti tam araşdırılmayıbsa, problemin həllinin ən düzgün yolu peşəkar tədqiqatların aparılması, müvafiq dövlət qurumlarının prosesə cəlb edilməsi və yerli əhali ilə əməkdaşlıqdır.

Burada Gürcüstanın müstəqilliyinin ilk illərini də xatırlamaq lazımdır. Həmin dövrdə ölkədə mövcud olan mürəkkəb siyasi və sosial vəziyyət fonunda etnik azlıqlar, o cümlədən azərbaycanlılar müəyyən çətinliklərlə üzləşmişdilər. Bu dövrün təcrübəsi kollektiv yaddaşın bir hissəsidir və onun obyektiv şəkildə araşdırılması vacibdir.

Lakin keçmişdə baş vermiş problemləri xatırlatmaq bugünkü gürcü cəmiyyətini ittiham etmək məqsədi daşımamalıdır. Əksinə, tarixi öyrənməkdə məqsəd gələcəkdə oxşar səhvlərə yol verməmək və milli, dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın özünü ölkəsinin tamhüquqlu üzvü kimi hiss etməsinə nail olmaqdır.

Mənim fikrimcə, Kürmük məbədi ilə bağlı məsələni Borçalıdakı tarixi irs problemləri ilə müqayisə etmək yalnız bir məqsədə xidmət etməlidir: qarşılıqlı anlaşmanın və bütün tərəflərə eyni prinsiplərlə yanaşmağın nə qədər əhəmiyyətli olduğunu göstərmək.
Gürcü xalqının Azərbaycandakı tarixi irsi hansı hörmətə və diqqətə layiqdirsə, Gürcüstandakı Azərbaycan mədəni irsi də eyni hörmət və diqqətə layiqdir.

Bir məsələnin mövcudluğu digərinin əhəmiyyətini azaltmır. Heç bir ölkənin tarixi maraqları başqa bir dövlətin suverenliyinin məhdudlaşdırılmasına və yaxud iki cəmiyyət arasında etimadsızlığın yaranmasına əsas verməməlidir.

Bu mövzunun mənim üçün xüsusilə həssas olan tərəfi Gürcüstanda yaşayan etnik azərbaycanlıların vəziyyətidir.
Biz Gürcüstan vətəndaşlarıyıq. Gürcüstan bizim anadan olduğumuz, böyüdüyümüz, təhsil aldığımız, çalışdığımız və övladlarımızın gələcəyini bağladığımız vətənimizdir. Eyni zamanda, Azərbaycan dili, mədəniyyəti və tarixi köklərimiz kimliyimizin ayrılmaz hissəsidir.

Bu iki anlayış bir-birinə zidd deyil və olmamalıdır.

Təəssüf ki, Azərbaycan və Gürcüstan arasında müəyyən anlaşılmazlıqlar yarandıqda sosial şəbəkələrdə bəzən emosional, aqressiv və etnik mənsubiyyət əsasında ümumiləşdirilmiş fikirlərə rast gəlirik. Belə vəziyyətlərdə Gürcüstanda yaşayan azərbaycanlılar heç bir əsası olmayan ittihamlarla və xoşagəlməz münasibətlə üzləşə bilirlər.

Burada ayrı-ayrı şəxslərin radikal fikirləri ilə bütövlükdə cəmiyyətin münasibətini fərqləndirmək vacibdir. Bir neçə nəfərin aqressiv mövqeyini bütün gürcü xalqının ümumi düşüncəsi kimi qəbul etmək olmaz. Eyni şəkildə, ayrı-ayrı bəyanatlar əsasında Azərbaycan xalqı haqqında ümumiləşdirilmiş nəticələr çıxarmaq da yolverilməzdir.

Dövlətlər arasında yaranan istənilən anlaşılmazlıq müvafiq institutlar və diplomatik kanallar vasitəsilə müzakirə edilməlidir. Vətəndaşlar etnik mənsubiyyətlərinə görə heç bir təsir imkanına malik olmadıqları hadisələrə görə cavabdehlik daşımalı deyillər.

Gürcüstanda yaşayan azərbaycanlılar iki dost ölkə arasında seçim etmək məcburiyyətində qalmamalıdırlar. Əksinə, bizim dil, mədəniyyət və ictimai əlaqələrimiz vasitəsilə bu iki ölkə arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfə vermək imkanımız var.

Məhz buna görə hesab edirəm ki, siyasətçilərin, dini təsisatların, medianın və ictimai rəyin formalaşmasında iştirak edən şəxslərin üzərinə xüsusi məsuliyyət düşür. Tarixi məsələlərdən danışarkən hər bir söz düşünülmüş şəkildə ifadə edilməlidir.
Çünki emosional bəyanat bəzən elə bir gərginliyə səbəb ola bilər ki, sonradan həmin gərginliyi aradan qaldırmaq üçün daha böyük səylər tələb olunar.

Azərbaycan və Gürcüstan bir-biri üçün sadəcə qonşu dövlətlər deyil. Ölkələrimizi çoxillik iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik maraqları və mühüm beynəlxalq layihələr birləşdirir.

Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi ölkələrimiz üçün əməkdaşlığın və sabitliyin nə qədər əhəmiyyətli olduğunu aydın şəkildə göstərir.

Lakin münasibətlər yalnız iqtisadi mənfəət üzərində qurulmamalıdır. Həqiqi tərəfdaşlıq bir-birinin tarixinə, mədəniyyətinə, dövlət maraqlarına və ictimai həssasiyyətlərinə hörmət edilməsini nəzərdə tutur.

Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstək və Gürcüstanın Azərbaycanın suverenliyinə hörməti məhz iki ölkə arasındakı münasibətlərin inkişafında əsas götürülməli olan prinsiplərdir.

Tarixi və dini irslə bağlı fərqli fikirlərin müzakirəsi üçün diplomatik dialoq, elmi əməkdaşlıq, birgə ekspert qrupları və beynəlxalq təcrübə mövcuddur. Bu imkanlardan istifadə etmək məsələləri ictimai qarşıdurma predmetinə çevirməkdən daha səmərəli olar.
Eyni yanaşma ilə Borçalıda mövcud olan Azərbaycan tarixi irsi ilə bağlı məsələləri də müzakirə etmək mümkündür.

Tarixi abidələrin vəziyyətinin araşdırılması, ənənəvi toponimlər ətrafında müzakirələrin aparılması və yerli əhalinin prosesə cəlb edilməsi hansısa tərəfə qarşı yönəlmiş fəaliyyət kimi qəbul edilməməlidir.

Bu, Gürcüstanın mədəni müxtəlifliyinin qorunması və vətəndaş bərabərliyinin möhkəmləndirilməsi üçün bir imkandır.
Eyni zamanda, Azərbaycan ərazisində yerləşən və gürcü tarixi və mədəniyyəti baxımından da maraq doğuran abidələrin elmi şəkildə araşdırılması hər iki dövlətin suverenliyinə tam hörmət edilməklə həyata keçirilə bilər.

Tarixi irs onun müstəsna olaraq kimə məxsus olması haqqında bitib-tükənməyən mübahisələrin predmetinə çevrilməməlidir. Əsrlər boyu regionumuzda müxtəlif mədəniyyətlər yanaşı mövcud olub və bir-birinə təsir göstərib. Məhz bu müxtəliflik bizim ortaq zənginliyimizdir.

Gürcüstan vətəndaşı olaraq mənim üçün ölkəmin dövlət maraqları, ərazi bütövlüyü və sabitliyi böyük əhəmiyyət daşıyır. Eyni zamanda, hesab edirəm ki, Azərbaycanın suverenliyinə və tarixi irsinə hörmət edilməsi mehriban qonşuluq münasibətlərimizin vacib şərtidir.
İstəyirəm ki, hər iki ölkədə tarixi və mədəni məsələlər qarşılıqlı hörmət şəraitində müzakirə edilsin və onların heç biri cəmiyyətlər arasında qarşıdurma yaratmaq üçün bəhanəyə çevrilməsin.

Keçmişdə mövcud olmuş problemləri unutmaq məcburiyyətində deyilik. Lakin həmin problemlərdən yeni münaqişələr yaratmaq üçün istifadə etmək də yolverilməzdir.
Bizim ortaq məqsədimiz tarixi irsin qorunmasının, vətəndaş bərabərliyinin və dövlətlərin suverenliyinə hörmətin bir-birini tamamlayan prinsiplərə çevrildiyi mühit yaratmaq olmalıdır.
Azərbaycan və Gürcüstan arasında süni şəkildə yaradılan istənilən gərginlik hər iki ölkənin maraqlarına zərər vurur. Xüsusilə vacibdir ki, belə vəziyyətlərdə öz mədəni və insani əlaqələri ilə iki cəmiyyət arasında təbii körpü rolunu oynayan insanlar zərər görməsinlər.
Bizim vəzifəmiz məhz bu körpünü qorumaq və möhkəmləndirməkdir.

Tarixi öyrənməkdə məqsəd bir-birimizə qarşı arqumentlər axtarmaq deyil, bir-birimizi daha yaxşı anlamaq olmalıdır. Mehriban qonşuluq yalnız ortaq sərhədi bölüşmək demək deyil. Bu, həm də bir-birimizin tarixinə, ləyaqətinə və gələcəyinə hörmət etməyi bacarmaqdır."

Müəllif: Elnur Nazim — Kvemo Kartlidən olan mülki fəal, bloqer



Kontekst:

Kürmük məbədi ətrafında gərginlik — Patriarxlığın narahatlığı və Bakının sərt cavabı

Məsələ sentyabrın 24-də Gürcüstan Patriarxlığının Azərbaycan ərazisində (bəyanatda “tarixi Hereti” kimi qeyd olunan) yerləşən Müqəddəs Georgi adına Kürmük məbədi və onun ətrafında aparılan işlərlə bağlı narahatlığını ifadə etməsindən sonra kəskinləşib. Patriarxlıq aidiyyəti qurumların məsələyə müdaxiləsini tələb edərək qeyd edib ki, yaranmış vəziyyət “iki qonşu dövlət və xalqlar arasında dostluq münasibətlərinin və əməkdaşlığın möhkəmlənməsi prosesinə mənfi təsir göstərir... Həm işlərin qeyri-müəyyən məqsədlərindən, həm də Gürcüstanın mədəni irs abidəsinin Gürcüstan tərəfi ilə razılaşdırılmadan bərpasından irəli gələn çoxlu suallar yaranır”.

Gürcüstan tərəfinin bu bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyindən sərt reaksiya gəlib. Bakının qiymətləndirməsinə görə, “bəyanat Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir”. Azərbaycan XİN-dən bildirilib ki, “Gürcüstan Patriarxlığının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə münasibətdə ərazi iddialarını ehtiva edən yanaşması anlaşılan deyil” və vurğulanıb ki, “Azərbaycan ərazisində yerləşən coğrafi və tarixi toponimlərin digər adlarla təqdim edilməsi qəbuledilməzdir”.

Rəsmi Bakı Azərbaycanın hər zaman Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığını xatırladaraq əlavə edib:

“Dini qurumların Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu formalaşmış tarixi dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirə biləcək yanaşmalardan çəkinməsi vacibdir. Bununla əlaqədar, Gürcüstan Patriarxlığı tərəfindən Ermənistan kilsəsinin məlum yanaşmalarının təkrarlanması və onun yolu ilə gedilməsi məsləhət görülmür”.

Xarici İşlər Nazirliyinin bəyanatı bu fikirlərlə yekunlaşır: Azərbaycan ərazisində mövcud olan bütün tarixi, mədəni və dini abidələr “Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli irsinin ayrılmaz tərkib hissəsidir”.


Diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycan XİN-in bu bəyanatından bir neçə saat əvvəl Prezident İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında telefon danışığı olub. İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, pres-relizə əsasən, “telefon danışığı zamanı tərəflər ölkələrimiz arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişafı barədə fikir mübadiləsi aparıblar”.

Hazırda Gürcüstan Patriarxlığından bildirilir ki, Azərbaycan tərəfinin cavab bəyanatı ilə hələ tanış olmayıblar, Gürcüstanın hökumət qurumlarından isə rəsmi şərh almaq hələlik mümkün olmayıb.
Print ელ. ფოსტა
FaceBook Twitter Google