El-obasına vurğun şair - Vəkil Əhmədov
Şair Vəkil Əhmədov Kirəç Muğanlı kəndinin ziyalılarından biridir. O, gənc yaşlarından ədəbiyyata maraq göstərib və müxtəlif mövzularda şeirlər qələmə almağa başlayıb.

Şairin haqq-həqiqətə, doğruluğa və elinə obasına olan bağlılığını yazdığı şeirlərdən də görmək olur.

Onun şeirləri "Borçalı", "Maarif", "İctimai fikir" qəzetlərində çap olunaraq bütün Borçalıya səs salmışdır. Daha sonra 2013-2015-ci illərdə onun şeirləri "Əsrin Ziyalıları" qəzetində müntəzəm olaraq dərc olunmuşdur.

Vəkil Əhmədovun qələmə aldığı şeirlər tək Borçalıda deyil, qonşu Azərbaycanda da kifayət qədər tanınmışdır.
Hələ 2015-ci ildə “XX-XXI-ci əsr Azərbaycan yaradıcı və ziyalıları Ensiklopediyası" kitabında ziyalılar cəmiyyətinin sədri Məleykə xanım Göyçəlinin təşəbbüsü ilə V.Əhmədovun haqqında ətraflı şəkildə məlumat verilmişdir.

Şair doğulub boya-başa çatdığı Kirəç Muğanlı kəndində də yetəri qədər sevilir. 2014-cü ildə kəndin xeyriyyəçi oğlu Əhmədov Natiq Əmiraslanoğlu tərəfindən Vəkil Əhmədovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Bu tədbirdə kəndin bütün ziyalıları toplaşaraq sazlı, sözlü məclis qurub, şairin illər ərzində yazmış olduğu şeirlərini səsləndirmişdilər.


Sevdirənindir!

Bu dünya kiminçün yalan olsa da,
Bu dünya düzünü sevdirənindir!
Birinin taleyi talan olsa da,
Bu dünya yüzünü sevdirənindir!

Yanıb-yaxılsa da qeylü-qalında,
Təpəri dizində, gücü qolunda.
Ədəblə-ərkanla ömür yolunda
Bu dünya, özünü sevdirənindir!

El-oba içində yaxın-yadıyla,
Halal zəhmətiylə, təmiz adıyla,
Qəlbi isindirən ocaq-oduyla,
Bu dünya közünü sevdirənindir!

Zamanla hər yaşı qədimdən-qədim,
Yaşında hər daşı qədimdən qədim,
Daşında yaddaşı qədimdən-qədim,
Bu dünya izini sevdirənindir!

Öyüblər, öyürük, öyənləri var,
Haqqın qapısını döyənləri var,
Kirəçli Vəkil tək deyənləri var
Bu dünya sözünü sevdirənindir!



Qeyd edək ki, Vəkil Əhmədov 1964-cü ildə doğulub və Əslən Qazax mahalının Kəmərli kəndindəndir.


Müəllif: Pərvin Hacıyeva


Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli
FaceBook Twitter Google