Hazırda bir çox insan yaddaş zəifliyindən şikayət
edir. Gərginlik, stress, informasiya çoxluğu, yuxusuzluq, düzgün
olmayan qida və digər amillər yaddaşın zəifləməsinə gətirib
çıxarır. Yaddaşın pozulması yaşlılarda daha çox rast gəlinsə də,
son zamanlar gənclərin də bir çoxu bu problemdən əziyyət çəkir.
Yaşlandıqca yaddaşın zəifləməsi normal sayıla bilər. Lakin
gənclərdə yaddaş zəifliyinin səbəbləri əsasən yuxarıda qeyd
etdiyimiz amillərdir.
Mütəxəssislər yaddaşın yaxşılaşdırılması üçün
ilkin olaraq düzgün qidalanmağı, hər gün eyni saatda yatıb durmağı
və fiziki işlə məşğul olmağı məsləhət görür. Mütəxəssislər hesab
edir ki, bir çox qidalar yaddaşı möhkəmləndirmək gücündədir.
Bunların sırasında balıq əti, balıq kürüsü, yumurta, kakao, qoz və
müxtəlif çərəzlər, lobya, meyvə-tərəvəz, süd və digərlərini misal
göstərə bilərik.
Səhər yeməkləri sağlamlıq üçün xüsusi əhəmiyyət
daşıyır. Həkim-nevropatoloqların fikrincə, səhər yeməyi zamanı
şirin çay içmək orqanizm üçün çox faydalıdır. Bu, həm də yaddaşın
möhkəmlənməsi üçün əvəzolunmaz vasitədir.
Yaddaşın zəifləməsinin əsas səbəblərindən biri də
damarlarda baş verən dəyişikliklərdir. İdmana zaman ayırmaq, eyni
zamanda bərkdən kitab oxumaq, şeir əzbərləmək, yalnız lazım olan
informasiyanı beyində saxlamaq və tərkibində kalsium, fosfor, A, C,
E, B vitaminləri olan qidaları qəbul etmək yaddaşın
möhkəmlənməsində sizə yardımçı olur.
Alimlərin apardıqları araşdırmalar zamanı məlum
olub ki, həddən artıq televizor izləmək də yaddaşa mənfi təsir
göstərir. Hər gün 7 saatdan artıq zamanını televizor qarşısında
keçirən insanlar televizora daha az baxanlara nisbətən 50% daha çox
yaddaş zəifliyinə məruz qalırlar.
Fiziki məşq zehni fəaliyyətə kömək edir.
Öyrənməyə davam edin: Davamlı olaraq oxumaq, yeni hobbilər əldə
etmək, tapmaca həll etmək zehninizi
gücləndirir.
Kifayət qədər yatın: Gündə səkkiz saatlıq yuxu
ilə beyninizin dincəlməsinə şərait
yaradın.