WhatsApp-la sizi güdə bilərlər - XƏBƏRDARLIQ
WhatsApp messencerinin sistemində olan ciddi
boşluq hakerlərin istifadəçiləri güdmək üçün onların telefonlarına
ziyanverici proqramlar yazmasına imkan verib.
Bu haqda mobil messencer xidmətinin rəsmisi BBC-yə açıqlama
verib.
Kiberhücumun kütləvi hal almadığı, yalnız "seçilmiş
istifadəçilərin" ona məruz qaldığı bildirilir. "Facebook"un sahib
olduğu messencerin texniki şöbəsi boşluğu yalnız cümə günü aradan
qaldıra bilib.
"Financial Times"ın yazdığına görə, virtual hücum İsrailin "NSO
Group" təhlükəsizlik şirkəti tərəfindən təşkil olunub.
Bazar ertəsi, "WhatsApp" ehtiyat tədbiri olaraq 1,5 milyard
istifadəçisini tətbiqi yeniləməyə çağırıb.
Hücumun ayın əvvəli qeydə alındığı və bu barədə Amerikanın hüquq
mühafizə orqanlarının və təhlükəsizlik ekspertlərinin
məlumatlandırıldığı bildirilir.
Deyilənə görə, gizli müdaxilə aşağıdakı kimi olub: seçilmiş
istifadəçinin telefonuna WhatsApp zəngi gəlib. İstifadəçi "dəstəyi
qaldırmasa" belə onun mobil telefonuna zərərli proqram yazılıb.
Həmin haker proqramı istifadəçinin hərəkətlərini smartfonun
kamerası ilə güdməyə imkan verib. Həmçinin kibercinayətkarlar
mikrofonla danışıqlarını dinləyə biliblər.
Mənbə: Marneuli
Press