Niyə hamı eyni yeməkləri xoşlamır?
Bəzi dadlar
var ki, heç də hamımız bəyənmirik.
Birinə şokolad və ya isti çörək təklif etdikdə "yox" cavabı almaq
şansı çox azdır. Amma bir tanışımıza biyan və ya quru kokosa
batırılmış bir şirniyyat vermək istəsək, böyük ehtimal ki, rədd
cavabı alarıq.
Qəribə səslənir. Yaşamaq üçün eyni hava ilə nəfəs alırıq, eyni
Günəşin şüalarını qəbul edirik və damarlarımızdan səkkiz qan
qrupundan birinə aid qan axır. Dadından asılı olmayaraq, eyni
"yanacağı" qəbul etmək fikri də ağlabatandır.
Amma elə deyil. Dad ciddi bir elmdir və onu yaxşı bilmək üçün
dilimizə nəzər yetirməliyik.
Dil
Dilimizin üzəri nahamardır. Bu nahamarlığı təşkil edən çıxıntılar
məməciklər (papillae) adlanır. Qida ağzımıza daxil olduqda müxtəlif
dadlara reaksiya verən dad tumurcuqları da bu çıxıntılarda
yerləşir. Lakin dildəki məməciklərin sayı insandan-insana
fərqlənir.
Dadlar beş kateqoriyaya ayrılır: acı, şirin, turş, duzlu və
xoşməzə. Dad tumurcuqları insandan-insana dəyişdiyi üçün eyni
yeməyə qarşı reaksiya da fərqli olur.
Bu xüsusilə də dadları daha çox hiss edən insanlara "super
taster" xas həqiqətdir. Onların dillərində məməciklərin
sayı çox olur və müəyyən dadlar, əsasən də turş və acı, onlara pis
təsir göstərir. Az məməciyə sahib insanlar isə güclü dadlara qarşı
həssas deyillər və onlar "subtaster" adlandırılırlar. Subtasterlərə
acı dad az təsir göstərdiyi halda, super tasterlər dərhal soyuq su
və ya qatıq içmək istəyirlər.
Super taster olub-olmadığınızı müəyyənləşdirmək
istəyirsiniz? Bunun ən yaxşı üsulu dilinizə mavi rəngli
qida rəngləndiricisi sürtməkdir. Mavi rəng məməciklərə yapışmır.
Əgər diliniz maviləşmirsə, demək çox məməciyə sahibsiniz və super
tastersiniz.
Lobya sevirsiniz? Bu genetik ola bilər
Hər şey dad tumurcuqları ilə bitmir. Dilimizin göndərdiyi
siqnalları beynin oxumasından asılı olaraq, beş dadın ayrılmasında
müxtəlif kimyəvi maddələrin də rolu var.
Doğulduğumuz andan bizə şirinin yaxşı, acını pis olduğu aşılanır.
Bu sağ qalmaq texnikasıdır. Orqanlarımız üçün ziyanlı qidalar
adətən yaxşı dadmırlar.
Bu təkamül ilə bağlıdır və genlərimizin də rolu az deyil. Dilimizdə
acı dadı müəyyənləşdirən təxminən 25 reseptor yerləşir, lakin onlar
hər kəsdə eyni cür işləmir. Xüsusilə də biri:
TAS2R38 adlanan və profiltiorasil
(propylthiouracil) və ya qısaca PROP dadını müəyyənləşdirən
reseptor. Heç də hər kəs PROP dada bilmir və araşdırmalar göstərib
ki, PROP hiss etməyən insanlar acı və yağlı yeməklərdən ləzzət
alırlar.
Ana bətnində ikən biz anamızın sevdiyi yeməkləri dadırıq.
Hamiləlikdə dad bətnə amniotik maye vasitəsilə və doğulduqdan
sonra, ana südü vasitəsilə ötürülür. Lakin sonralar bizə ləzzətli
gələn yeməklər fərqli dadların bizim üçün nə qədər əlçatan
olmasından asılı olaraq formalaşır.
Elizabeth Phillips Arizona Dövlət Universitetinin psixoloqu və dad
mütəxəssisidir. O deyir: İnsan iki yaşa qədər hər şeyi yeyə
bilər.
"Lakin sonradan neofobikləşirik və yeni qidanı bəyənmirik. Əgər iki
yaşınıza qədər istər amniotik maye, istər ana südü, istərsə də
normal yemək vasitəsilə müəyyən dadlarla tanış olmamısınızsa, onu
bəyənməyəcəksiniz."
Bəzi dadlar yaşla formalaşır
18-ci yaş günü hamının xüsusi həvəslə gözlədiyi bir gündür. Ola
bilsin ki, həyatınızda ilk dəfə pivəni o gün dadıbsınız. Əgər
pivəni ilk dəfədən içib bəyənmisinizsə, bu cür acı dada ilk dəfə
yaxşı reaksiya verən nadir insanlardan birisiniz.
Pivə elə bir daddır ki, ilk dəfədən bəyənməyən insanlar belə,
zamanla özlərini onu içməyə alışdıra bilirlər.
Amerikanın Yale Universitetində psixiatriya və psixologiya
müəlliməsi Dana Small 2013-cü ildə aparılan bir araşdırmada
deyirdi: "Bir qidanı qəbul edən zaman bütün hormonlar ifraz olunur.
Qan şəkəri dəyişir, beynin dadı əks etdirməsi üçün bütün metabolik
təsirlər baş verir. Əgər bir qidanı ilk dəfə dadır və pozitiv təsir
alırsınızsa, növbəti dəfə həmin qida sizə daha dadlı gələcək və
daha çox qəbul etmək istəyəcəksiniz."
Lakin əksi də mümkündür. Dr. Phillips, bədənin bir qidanı ilk dəfə
yeyib və ya içən zaman sağ qalma mexanizmini hərəkətə keçirdiyini
önə çəkir. Beyin həm qoxu, həm dadı zəhərli sanaraq ikrah və ya
sevməmə hissi formalaşdıra bilər.
Qidanın quruluşu
Təkamül, mədəniyyət, cins və həyat təcrübəsi müxtəlif insanlar
fərqli dadlara reaksiyasına təsir etsə də, qidanın quruluşuna qarşı
individual reaksiyanı izah etmək sirr olaraq qalır.
Bəziləri donuz qığırdağını ləzzətlə çeynəməyi sevdiyi halda,
bəziləri ondan iyrənir. Müəyyən qidaların toxunuş hissi bəzi
insanlara xoş gəlmir (məsələn, bişmiş lobya və ya kokos), amma
alimlər bunu izah edən əsaslı bir dəlil irəli sürə bilmirlər.
Mənbə:
bbc.com