Pandemiya nəsli – Covid-19 uşaqlara uzunmüddətli necə təsir göstərdi - BBC
Covid-19 pandemiyası, karantinlər və sosial izolasiya bir çox uşağın həyatında silinməz izlər buraxdı. Sosial əlaqələrin azalması, ləğv olunmuş fəaliyyətlər və gözlənilməz dəyişikliklər uşaqların emosional inkişafına, təhsilinə və davranışlarına dərin təsir göstərdi – və bu təsirlərin nəticələri gələcək onilliklərdə də hiss oluna bilər.

ABŞ-ın Kaliforniya ştatının Santa Monika şəhərində çalışan məktəbəqədər müəllimə Rebekah Underwood bildirir ki, onun

yeni şagirdləri – 2025-ci ilin sinfi – pandemiyadan əvvəlki uşaqlara nisbətən fiziki cəhətdən daha ehtiyatlı və çəkimserdirlər.

“Bir çoxu çevrilə bilmir, iki ayaqla tullana bilmirlər, dırmaşmağa tərəddüd edirlər. Sanki onlar az çölə çıxıblar və sərbəst hərəkətdən qorxurlar,” – deyə o qeyd edir.

2020-ci ilin martında pandemiyanın sürətlə yayılması səbəbindən dünyada məktəblər bağlanmağa başladı. Bu, milyardlarla uşaq və yeniyetmə üçün gündəlik həyat ritminin pozulmasına gətirib çıxardı. Təhsil məsuliyyəti valideynlərin üzərinə düşdü, dərslər onlayn keçirilirdi, bir çox uşaq yalnız ekran qarşısında təhsil almağa məcbur oldu.

Orta hesabla məktəblər 5.5 ay bağlı qaldı, bəzi yerlərdə bu müddət daha da uzun oldu. Bu dövrdə uşaqlar sənət, idman və digər maraq dairələri üzrə fəaliyyətlərdən məhrum qaldılar. Məzuniyyət gecələri, məktəb bayramları və sosial tədbirlər baş tutmadı.

Müəllimlər və tədqiqatçılar 2021-ci ildən başlayaraq uşaqlarda dəyişiklikləri müşahidə etməyə başladılar. Bir çoxu səs-küylü mühitə uyğunlaşmaqda çətinlik çəkirdi. Underwood-un işlədiyi məktəbdə musiqi dərsləri dayandırılmışdı – sinifdəki alətlərin yaratdığı səs uşaqları qorxudurdu və narahat edirdi. Bu il isə musiqi dərsləri tədricən yenidən proqramlara daxil edilir.

Alimlər hesab edirlər ki, pandemiya zamanı erkən yaş dövründə sosial təmasın çatışmazlığı uşaqların dil və idrak bacarıqlarına birbaşa təsir göstərib. London Universitetində aparılan BICYCLE (Born in Covid Year Core Lockdown Effects) tədqiqatı pandemiyadan əvvəl, pandemiya zamanı və sonra doğulan uşaqları müqayisə edir. Araşdırmalar göstərir ki, 2020-ci ildə doğulan uşaqların lüğət ehtiyatı daha zəifdir və diqqət toplamaq kimi funksional bacarıqlarda çətinlik çəkirlər.

Görünüşdə körpələr heç nə etmir kimi görünə bilər, amma onlar sosial məlumatları qəbul edirlər – bu dövr sosial ünsiyyətin təməlini öyrənmək üçün kritik əhəmiyyət daşıyır,” – deyə inkişaf psixoloqu Nikola Botting bildirir.

Təhsil prosesinin kəsilməsi də ciddi nəticələrə gətirib çıxardı. Pandemiya dövründə 190-dan çox ölkədə 1.6 milyarddan artıq şagirdin təhsili pozuldu. Bir çoxunun internetə və texniki vasitələrə çıxışı yox idi.

ABŞ Milli Elmlər Akademiyasının 2023-cü il hesabatında qeyd olunub ki, şagirdlərin nailiyyətləri pandemiyadan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə pisləşib. Xüsusilə aşağı gəlirli ailələrdən olan uşaqlarda bu geriləmə daha çox hiss olunur. 2025-ci ilin yanvarında dərc edilən tədqiqata görə, dünya üzrə riyaziyyat nəticələri orta hesabla 14% aşağı düşüb – bu isə təxminən yeddi aylıq təhsil itkisidir.

Pandemiyanın təsiri xüsusilə daha uzun müddət məktəbdən uzaq qalan şagirdlər – immiqrantlar, oğlan uşaqları və həssas qruplar üçün daha ağır olub. Distant təhsil bu itkiləri bərpa edə bilmədi. Təhsil üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, bu geriləmələr gələcəkdə maliyyə itkilərinə çevrilə bilər – bəzi proqnozlara görə, pandemiya nəsli ümumilikdə trilyonlarla dollar itirə bilər.

Polşada aparılan araşdırmaya əsasən, bu ölkə 0.35% az iqtisadi artım tempi ilə üzləşə bilər. McKinsey şirkətinin təhlilinə görə, pandemiya dövründə təhsili yarımçıq qalan amerikalı şagirdlər ömürləri boyu on minlərlə dollar daha az gəlir əldə edə bilər. Bu isə ABŞ iqtisadiyyatına ildə 128-188 milyard dollar zərər vura bilər.

Karantinlərin uşaqların psixi sağlamlığına da təsiri oldu – narahatlıq, depressiya, qəzəb və davranış problemləri artdı. Çində aparılan bir araşdırma göstərdi ki, uşaqlar başqalarına yardım etmək istəyi baxımından daha zəif oldular – yəni daha az prososial davranış nümayiş etdirdilər.

Fiziki sağlamlıq da zərər gördü: Birləşmiş Krallıqda 10-11 yaşlı uşaqlar arasında piylənmə səviyyəsi artdı. Bu, pandemiya dövründəki qidalanma və fiziki aktivlik vərdişlərinin dəyişməsi ilə əlaqələndirilir.

Los Ancelesdə fəaliyyət göstərən sosial işçi Tandi Parks deyir ki, bir çox uşaq pandemiyadan sonra valideynlərə daha çox bağlanıb və müstəqillik qazanmaqda çətinlik çəkir. Dörd-yeddi yaşlı bəzi uşaqların inkişaf mərhələsi pandemiyadan əvvəl 2.5 yaşlı uşaqlarla oxşarlıq təşkil edir.

Buna baxmayaraq, ekspertlər ümid edirlər ki, bu təcrübə gələcəkdə bənzər böhranların idarə olunmasında kömək edəcək – istər yeni pandemiya, istərsə də sosial izolyasiyada böyüyən uşaqlar üçün.

Tədqiqatçı Cudit Perrigo hesab edir ki, uşaqlara dəstək olmaq üçün daha çox resurs tələb olunur. Onun fikrincə, əgər siyasətçilər, valideynlər və müəllimlər birlikdə və məqsədyönlü şəkildə hərəkət etməsələr, bu mənfi tendensiyalar daha da dərinləşəcək.

"Bütün göstəricilər pisləşir. Və əgər biz elmi əsaslı yanaşmalarla sistemli tədbirlər görməsək, bu tendensiyalar öz-özünə dəyişməyəcək," – deyə Perrigo xəbərdarlıq edir.

Yekunda isə ümid işartısı qalır – Underwood bildirir ki, onun son sinfi əvvəlkilərlə müqayisədə daha cəsarətlidir, onlar yenidən hoppanır, musiqi dərslərindən zövq alırlar. "Tendensiya müsbətə doğru dəyişir," – deyir müəllimə, – "amma sosial və emosional inkişaf hələ də mürəkkəbdir."


Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google