Marneulili gənclər "Rus Qanununa" niyə yox deyirlər
Marneulili gənclər də “Gürcü Arzusu” tərəfindən irəli sürülən “Xarici Təsirin Şəffaflığı haqqında” qanuna öz münasibətlərini bildirirlər. Onlar qeyd edirlər ki, həmin qanun Gürcüstanın deyil, Rusiyanın maraqlarını qorumağa yönəldilib. Bu barədə Marneuli bələdiyyəsinin Xüldərə kənd sakini Sona Orucova bildirir ki, rus qanunu Avropaya tərəf irəliləməkdə maneə yaradacaq.

“Biz gənclər, xüsusən də etnik azlıqlar Avropaya tərəf irəlilədikcə müxtəlif layihələrə qoşularaq öz məlumatlılığımızı artırır, hüquqlarımızın tənzimlənməsinə töhfə veririk. Rus qanununun bizim əlimizdən bu imkanları alacağı məlumdur. Biz bu halda, gələcəkdə öz hüquqlarımızı qoruya bilməyəcək və bir çox imkanlarımızı itirəcəyik”.

Sonanın sözlərinə görə, gənclərin inkişafına və sözlərini sərbəst şəkildə ifadə etməklərinə kömək edən qeyri-hökumət təşkilatlarının xarici agent adı alması qəbuledilməzdir.

“Eyni zamanda bizim üçün çalışan bir çox təşkilatlar var hansı ki, bu gün biz öz fikirlərimizi rahat şəkildə ifadə edə biliriksə, bunlar məhz o təşkilatların köməyi ilə olmuşdur. Qeyri-hökumət təşkilatları ölkəmizin inkişafına çalışır. Onlara bu cür təhqiredici ad verilməsi ilə düşünürəm ki, bir çox təşkilat geri çəkiləcək. Bu isə öz növbəsində inkişafımıza zərər verir. Düşünürəm ki, Avropa bizə bu qədər imkanlar verdiyi halda rus qanununun seçilməsində məqsəd, məhz hakimiyyət nümayəndələrinin fərqli düşüncəli insanları susduraraq öz qanunlarını irəli sürmələridir. Fikrimcə, biz bu yanlış seçimdən yalnız qarşısında dayanaraq və səsimizi çıxararaq azad ola bilərik”! - Sona Orucova dedi.

Bundan əlavə, mövzu ilə əlaqədar olaraq Marneuli bələdiyyəsinin Qullar kəndində yaşayan Bayram Məmmədov qanun layihəsinin xarici təşkilatların və jurnalistlərin fəaliyyətini məhdudlaşdıraraq demokratiya standartlarına və insan haqlarına qarşı təhdid yaratdığını vurğuladı.

“Xarici təşkilatların və jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması nəticəsində şəffaflıq və sərbəstlik azalır. Xarici təşkilatların fəaliyyətinin azaldılması ilə beynəlxalq mədəniyyət və təcrübə alışverişi məhdudlaşırılır. Xarici təşkilatların maraqları qanun nəticəsində məhdudlaşdırılaraq, onların Gürcüstan ərazisində fəaliyyət göstərməsinə mane olur”.

Bayram rus qanununun onun müxtəlif xarici layihələrdə və proqramlarda iştirakına xələl gətirəcəyini və ya tamamilə qadağa qoyacağını düşünür.

“Bundan əlavə biz azad medyalardan gündəlik həqiqətləri izləyirik. Qanun qəbul olunarsa, yalnız hakimiyyətə məxsus medyaları izləməli olacağıq. Bu da o deməkdir ki, hakimiyyət əlehinə olan gerçəkləri görməyəcəyik. Bu məhdudiyyətlər mənim şəxsi inkişafımı çətinləşdirə bilər, çünki çoxsaylı və müxtəlif mədəniyyətlərlə tanışlıq mənim təcrübəm və inkişafım üçün əhəmiyyətlidir. Bunun üçün də xarici ölkələrin dəstəkləri önəmlidir. Təəssüf ki, bu günki reallıqda Gürcüstan dövləti gənclərin inkişafını tam olaraq dəstəkləyə bilmir”,
- Bayram Məmmədov bildirdi.

Bayram bildirir ki, qanunun qəbul edilməsinə çalışılmaqda məqsəd, ölkədə vətəndaş cəmiyyətinin və azad medyaların təsirini azaltmaqdır. Bu onlar üçün böyük təhlükələr yaradır. Çünki dövlətə aid olmayan medya və təşkilatlar daim səhfləri üzə çıxarırlar.

O, çıxış yolu olaraq, daha açıq və şəffaf müzakirənin təşkil edilməsini və həm də xarici təşkilatların Gürcüstanın inkişafına verdikləri töhfələri dəyərləndirmək üçün obyektiv qiymətləndirmə aparılmalı olduğunu düşünür.

Bununla bağlı, daha bir gənc öz fikirlərini “Marneuli” radiosu ilə bölüşdü. Marneuli bələdiyyəsinin Qaçağan kəndindən olan Aygün Mikiyeva rus qanununun qəbul edilməməsini istədiyini, onun Gürcüstanın deyil, Rusiyanın maraqlarını qoruduğunu bildirdi.

“Bu qanun biz gənclərin gələcək perspektivlərinə, ifadə azadlığına və ya internetin sərbəstliyi kimi sahələrə təsir edə bilər. Xarici agent statusu tətbiqinin, gənclərin öz fikirlərinə və ideyalarına təsir edə biləcəyi təhlükəsi var. Bu, gənclərin fəal fikirlərini qəbul etməmək və onların inkişafına təhəkküm etmək deməkdir. Bu vəziyyət isə bütün ölkənin inkişafına mənfi təsir edəcək və cəmiyyətdə bir sıra problemlərə səbəb ola bilər. Gürcüstanın demokratik mühitinə zərər gətirə bilər.
Bu qanunun qəbul edilməsinin məqsədi, Rusiyanın nüfuzunu artırmaq və onun maraqlarını qorumaqdır”
, - Aygün Mikiyeva qeyd etdi.

Mikiyeva çıxış yolunu demokratik proseslər və qanunvericilik prosedurlarına əməl etməkdə görür. Onun sözlərinə görə, bu həmvətənlərin demokratik hüquqlarını müdafiə etmək və müxtəlif cəmiyyət təşkilatlarının səsini eşitməklə başlayır.

Həmçinin, qeyd olunan qanunla bağlı Marneuli bələdiyyəsinin Mollaoğlu kənd sakini Elçin İsmayılov “Marneuli” radiosuna məlumat verdi. O, bildirdi ki, "Xarici təsirin şəffaflığı haqqında" qanununun qəbulu azad cəmiyyətin formalaşmasını və demokratiyanı baltalayır.

“Elə düşünürəm ki, heç bir vətəndaş və gənc bu prosesin baş verməsini istəməz. Bu qanun gələcəkdə, əsasən mənim üçün və bir çox gənc üçün söz azadlığımız və təhsilimiz üçün ciddi problem törədə bilər. Hər birimizə məlum olduğu kimi təhsilin və mədəniyyətin ən çox inkişaf etdiyi yerlərdən biri qərbdir, bu qanun isə Gürcüstanı qərb yolundan döndərir. İştirak etdiyimiz bir çox layihə və proqramlar qərb təşkilatları tərəfindən maliyyələşdirilir. Ancaq, qərar qəbul olunarsa bizim inkişafımıza və maariflənməyimizə səbən olan layihələrin və proqramların həyata keçirilməsinə rus qanunu ciddi problem yaradar”.

Elçinin sözlərinə görə, bu qanunun bütün Gürcüstana edəcəyi təsir əsasən, haqları qoruyan və azad cəmiyyət formalaşmasına töhfə verən mərkəzlərin fəaliyyət göstərə bilməməyi və qərblə əlaqələrin korlanması olacaq.

“Bu qanunun qəbul edilməsi ancaq Rusiyanın və hakim partiyanın məqsədlərinə xidmət edir. Çıxış yolu vətəndaş cəmiyyətinin və müxalifətin "Xarici təsirin şəffaflığı" qanununu yekdilliklə rədd etməsi ola bilər”, - Elçin İsmayılov dedi.

Hakim komanda bir daha 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmiş “Rus qanununu” qəbul etməyi planlaşdırır. Parlament 17 aprel tarixində qanun layihəsini birinci dinləmədə qəbul edib və Parlament çoxluğundan “Gürcü Arzusu”-nun 73 deputatı, “Xalq gücü”-nun 9 üzvü və “Avropalı sosialistlərin” 1 üzvü dəstəkləyib. Qanun layihəsinin dinlənməsi ilə yanaşı, bütün gün ərzində Gürcüstan Parlamenti qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları ötən il olduğu kimi, indi də “Gürcü Arzusu”-nun “Rus qanununu” geri çəkməsini tələb edirlər.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google