Marneulidə işləyən gürcü dili müəllimləri izah edirlər – Niyə “Rus qanununa yox”?
“Rus qanununa yox” – Gürcüstanda işləyən məsləhətçi müəllimlərin ötən il paylaşdığı bu poster bu il də aktualdır.


Natia Mania Marneulidə işləyən müəllimdir. O, düşünür ki, bu il artıq xarici təsir şəffaflığının adı ilə tanınan qanun şəffaflıq deyil, etiketlərin yapışdırılmasına xidmət göstərir.

“Qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi onsuz da şəffafdır və hər hansı maraqlanan şəxs ya təşkilat, eləcə də dövlət onların maliyyə mənbəsini tapa bilər. Ona görə də belə qənaətə gəlirik ki, bu qanunun məqsədi hökumət üçün əlverişsiz olan təşkilatları “xarici gücün maraqlarını daşıyan təşkilatlar” hesab etmək, onların imicinə xələl gətirməkdir. Təhsilsiz adamları idarə etmək asandır. Onsuz da “qrant yeyən” təşkilatların zərərli işləri haqqında hekayələrə çox adamlar inanır. İndi sadəcə bunların hamısını rəsmiləşdirmək istəyirlər. Hansısa təşkilat hakimiyyətin hərəkətinə etiraz edir? Hər yerdə bağıracaqlar ki, təşkilat “xarici güc maraqlarını daşıyır” və ona görə dövlətlə mübarizə aparır. Dövlət maliyyəsində olan adamlar və təşkilatları hədələmək asandır, ancaq dövlətin maliyyəsində olmayanları hədələmək çətindir. Bu zaman hakimiyyət hansı berketi işə salmalıdır? Elə ad versin ki, avtoriteti yerlə bir etsin. Bu qanunun zərərli olduğu xarici siyasətçilərin qiymətləndirməsindən də görünür. Gürcüstanın düşmənləri onu bəyənir, dostları isə qəbul etmirlər. Mənim yaxın və uzaq dostlarımdan bu qanunu bəyənənlər ya fanatik, ya da savadsızdır. Təhsilli və sağlam düşüncəli adamların bunu bəyəndiyini görməmişəm” – Natia Mania bildirir.

Natia Mania kimi illərdir, Marneulidə gürcü dili müəllimi işləyən Nona Arevadze-Kotoraşvili “Rus qanununa” qarşıdır.

“Məhkəmənin güclü və müstəqil olmadığı ölkədə damğanın yapışdırılmasından başqa insanların məsuliyyətə cəlb olunması təhlükəsi də artır. Bu Rusiyada da baş verdi və məhz ona görə, bu qanun rus qanunu kimi qəbul olunur. Bu qanunun qüvvədə olduğu ölkələrdə isə təhlükəsizlik anlayışı ilə artıq hansı maliyyələşdirmələrin diqqət altına alındığı müəyyən edilib. Bu düşmən dövlətlərdən əldə olunan maliyyədir və heç bir halda dost ölkələrə istiqamətlənmir. Bundan əlavə, müstəqil məhkəmə dövlətin çox istəməsinə baxmayaraq, ədalətsiz şəkildə kiminsə cəzalandırmayacağının zəmanətidir. Bizim məhkəmə sistemi isə yumşaq şəkildə desək, azadlıqdan, qərəzsizlikdən uzaqdır”- Nona Arevadze-Kotoraşvili bildirir.

Marneulidə işləyən müəllim Nariman Melikidze də “Rus qanununa” yox deyir və “Marneuli” radiosu ilə söhbəti zamanı bildirir ki, Gürcüstan Rusiyadan çox acı nümunələr xatırlayır.

“Mən də aksiyada dayanan xalqın yanındayam. Avropanı ona görə seçirik ki, məndən təcrübəli adamlar və dərin hörmət bəslədiyim siyasətçilər bu seçimi edir. Mən özüm kommunist dövründə doğulub, böyümüşəm və bizə qarşı olan rus qaydalarını , yönlərini, yanaşmalarını, rus ictimaiyyətinin, siyasətinin və bizə qarşı idarəetməsinin nə olduğunu yaxşı bilirəm. Buradan irəli gələrək, çox acı şeylər xatırlayıram. Ona görə Avropa bizim gələcəyimiz üçün çox yaxşı olacaq. Mən kəskin şəkildə “Rus qanununa yox” deyirəm” – Nariman Melikidze bildirir.

Daha bir Marneulili pedaqoq, Lali Marqiani Gürcüstanın seçiminin Avropadan keçdiyini təsdiq edir. Gürcü dili müəllimi hesab edir ki, vətəni xilas etmək üçün rus qanuna yox deməliyik.

"Biz, məsləhətçi müəllimlər, Avropaya qarşı gedən yola razılaşmamalı və Rusiya qanunlarını rədd etməliyik. Əgər biz həqiqətən ölkəmizi xilas etmək istəyiriksə, gürcü dilinin itirilməməsini istəyiriksə, o zaman düzgün yolu seçməliyik. Tarixdən, lap elə yaxın tarixdən, avqust müharibəsindən çox acı nümunələrimiz var və biz həqiqətən Rusiyanı istəmirik. Həmişə qızımı fikirləşirəm, sağ olsa 21 yaşı olacaqdı. O, yəqin ki, mütləq Avropa yolunu seçən, Rustavelidə mitinq iştirakçıları arasında dayanardı” – Lali Marqiani bildirir.

Nino Çankvetadze Marneuli məktəblərində 10 ildən artıq dərs keçib. O, qərbin maliyyəsi ilə məktəblərdə əldə olunan faydaları xatırlayır. Misal üçün, dövlət dilinin tədrisi və təhsil infrastrukturuna sərf edilmiş vəsaitlər. O, düşünür ki, bu qanun dövlətin əlehinədir.

"Tərəfdaşlarımızdan alınan pulla təhsil sahəsində ən mühüm işlər görüldü. Etnik azlıqların yaşadığı regionlarda tələbələr və böyüklər dövlət dilini öyrəndilər, media savadlılığı və insan hüquqları üzrə təlimlər keçirildi, qapalı və inteqrasiya olunmayan mühit dəyişdi. Bu gün burada insanlar özlərini tamhüquqlu dövlətin vətəndaşları kimi hiss edirlər və burada tikilən ya təmir olunan məktəblər, müxtəlif təhsil resursları haqqında heç nə demirəm. Seçkilərə nəzarət azdır, amma yenə də var. Bütün vətəndaşların bu imtiyazlardan istifadə etməsi üçün hələ çox işlər görülməlidir. Bu qanun hökumət əlehinədir, çünki bu yolları bağlamaqla donorların özləri bizə kömək etməyi dayandıracaq və özlərinə damğa yapışmayacaq. Bundan əlavə, Medvedev qanunun qəbulun ilə maraqlıdırsa, Şolz və Mişel bizə xəbərdarlıq edirsə ki, onu qəbul etməyək, deməli, rus qanunudur, bəs nədir?! Bu qanunda Gürcüstan və ya Avropaya uyğun heç nə yoxdur və hələ heç kim bunun əksini sübut etməyib”- Nino Çinkvetadze bildirir.

Hakim komanda bir daha 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmiş “Rus qanununu” qəbul etməyi planlaşdırır. Parlament 17 aprel tarixində qanun layihəsini birinci dinləmədə qəbul edib və Parlament çoxluğundan “Gürcü Arzusu”-nun 73 deputatı, “Xalq gücü”-nun 9 üzvü və “Avropalı sosialistlərin” 1 üzvü dəstəkləyib. Qanun layihəsinin dinlənməsi ilə yanaşı, bütün gün ərzində Gürcüstan Parlamenti qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları ötən il olduğu kimi, indi də “Gürcü Arzusu”-nun “Rus qanununu” geri çəkməsini tələb edirlər.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google