Adigeni bələdiyyəsinin ən böyük kəndlərindən birində sürüşmə
hadisəsi baş verib. Ude kəndində geoloqlar işləyir.
Bələdiyyənin meri Qoça Kimadzenin "Azadlıq" Radiosunun Gürcüstan
bürosuna verdiyi məlumata görə, 20-yə yaxın ailənin yaşadığı kəndin
ərazilərindən birinin yaxınlığında sürüşmə baş verib. Bələdiyyə
sədrinin sözlərinə görə, bir ev yaşayış üçün yararsızdır və əlavə
olaraq dörd-beş ailə çıxarıla bilər.
“Geoloqlar işləyir, ondan sonra biləcəyik ki, əhalinin
köçürülməsinə nə qədər ehtiyac var – bizim onları köçürə
biləcəyimiz ərazimiz hazırdır... Biz bunu son üç-dörd gündə
müşahidə etmişik və vaxtında ölçü götürmüşük”, – Qoça
Kimadze bildirib.
1800-ə yaxın ailənin məskunlaşdığı kənddə 2023-cü ildə gözlənilən
sürüşmə hadisələri barədə yazılan “Ətraf Mühitin Mühafizəsi Milli
Agentliyi”nin məlumat bülletenində sürüşmə hadisələri inkişafı
proqnozlaşdırılır.
"Kənddə inkişaf edən 2 sürüşmə sahəsi dövri aktivliklə xarakterizə
olunur. Sahəsi 15,2 hektar olan birinci sahədə ötən illər ərzində
120 yaşayış evi zərər görüb, xəstəxana binası da daxil olmaqla 9
yaşayış evi tamamilə dağılıb. Hazırda dirəklərin üzərində
quraşdırılan qaz kəməri təhlükə altındadır”, - deyə
sənəddə bildirilir.
Həmin bülletendə qeyd olunur ki, bələdiyyə ərazisində 16 sürüşmə
sahəsi, 9 çınqıl sürüşməsi sahəsi , 1 qaya düşməsi sahəsi, 1
eroziya sahəsi, 22 infrastruktur obyekti və 17 yaşayış evi var.