Məlumat Azadlığının İnkişafı İnstitutunun (İDFİ) yayımladığı təhsil
sektoru ilə bağlı araşdırmaya əsasən,
Gürcüstan miqyasında etnik azlıq nümayəndəsi olan tələbələrin sayı
2010-cu ildən 2018-ci ilə qədər 5 dəfə artıb. Araşdırma etnik
azlıqların və sosial baxımdan həssas qrupların problemlərini
müəyyən edir.
“2010-cu ildən etnik azlıq nümayəndələrinin Gürcüstanda
sadələşdirilmiş qaydada ali təhsil almaq imkanı var.
Sadələşdirilmiş sistem, “1+4” proqramı ümumi qabiliyyət imtahanının
erməni, azərbaycan, abxaz, osetin dillərində verilməsini və müvafiq
bal topladıqda ali təhsil almaq imkanını nəzərdə
tutur”.
Təhsil sektoru ilə bağlı araşdırmaya görə, ali təhsil müəssisəsinə
qəbul olmuş etnik azlıq nümayəndəsi olan tələbələrin sayı 9 il
ərzində illik orta hesabla 22% artırdı.
“Əgər vahid milli imtahanların göstəricilərinə nəzər yetirsək,
görərik ki, 2021-ci ildə qeydiyyatdan keçmiş 38 415 abituriyentdən
2 665 qeyri-gürcüdilli ümumi qabiliyyət imtahanına qeydiyyatdan
keçib. Bu isə abituriyentlərin 7% təşkil edir.
2010-cu ildə vahid milli imtahanlarda 253 nəfər ermənidilli
abituriyent ümumi qabiliyyət imtahanına qeydiyyatdan keçib. Bu
etnik azlıq nümayəndəsi olan abituriyentlərin 18%-dir. Qeyd olunan
göstərici 2021-ci ildə 21%-ə qədər artıb. Çünki imtahana 565
ermənidilli abituriyent qeydiyyatdan keçib. Azərbaycandilli ümumi
qabiliyyət imtahanına 2010-cu ildə 335 abituriyent qeydiyyatdan
keçib. Bu abituriyentlərin 24% təşkil edib. 2021-ci ildə isə
onların sayı 2076 nəfərə qədər artıb. Bu etnik azlıq nümayəndəsi
olan abituriyentlərin 78% təşkil edib. Statistika göstərir ki,
rusdilli abituriyentlərin sayı illər ərzində hiss olunacaq dərəcədə
azalıb. Həmin dövrdə rusdilli ümumi qabiliyyət imtahanı vermək
istəyənlərin sayı 58%-dən 1%-ə qədər azalıb.
Qeyd edək ki, Marneuli miqyasında ümumilikdə 6 rusdilli məktəb
fəaliyyət göstərir. Bunlardan 2 məktəb tam rusdillidir, dördündə
isə gürcü və rus bölməsi fəaliyyət göstərir.
“Rusdilli məktəblərdə şagirdlərin sayının azalması
qeydə alınır. Marneulidə ümumilikdə 6 rusdilli məktəb var. Onlardan
3 şəhərdə, 3 isə kəndlərdədir. 2 və 6 saylı məktəblər şəhərdədir və
həmin məktəblərdə gürcü dili bölməsi də var. Gürcü siniflərinə rus
sinifləri ilə müqayisədə həqiqətən çox şagird qeydiyyatdan keçib. 4
saylı məktəb tam rusdillidir və orada say faktiki olaraq dəyişmir,
hər il iki sinif qəbul edirlər. Kənd məktəblərində həqiqətən
rusdilli şagirdlərin sayında azalma qeydə alınır. Həmin məktəblər
Şulaveri 2 saylı, Opreti və Şaumyani məktəbləridir” –
Marneuli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze
bildirdi.
Marneuli Təhsil Resurs Mərkəzinin nümayəndəsinin sözlərinə görə,
Qullar və Algeti ictimai məktəblərində də rus bölmələri var idi,
ancaq həmin məktəblərdə birinci sinfə qeydiyyatdan keçməyiblər.
Buna görə də bölmə bağlanıb.