Bu gün, 23 noyabr tarixində Marneulidə “Yaşıl Marneuli üçün - Yaşıl
Yürüş” adlı aksiya keçirildi. Gənclərin iştirakı ilə təşkil olunan
aksiya Marneuli meriyasının qarşısından başlayaraq bazar ərazisinə
qədər davam etdi.
Əllərində plakatlarla hərəkət edən gənclər Marneuli bələdiyyəsində
ekoloji problemlərlə bağlı əhaliyə məlumatlar çatdırmağa
çalışdılar.
Yürüşün əsas məqsədi Marneulidə ekoloji problemlərin gündəmə
gətirilməsi, əhalinin ekoloji maariflənməsinə töhfənin verilməsi,
yerli hakimiyyətin “Yaşıl Marneuli” üçün gənclərlə əməkdaşlıq
etməsi və bələdiyyədə ətraf mühitin mühafizəsinə diqqətin
artırılmasıdır.
“Yaşıl Düşüncə” təşəbbüs qrupunun həmtəsisçisi Gülgün
Məmmədxanovanın sözlərinə görə, Marneuli rayonu digər qonşu
bələdiyyələrə nisbətən ekoloji baxımından çox çirklənib. Burada bir
çox önəmli faktorlar əsas rol oynayır.
“Əhalinin ekoloji maariflənməsi və ekoloji təhsilin çox
aşağı olmasıdır. Adicə biz avtobusda olan zaman sürücülər,
sərnişinlər su və yaxud şirə içirlər. Həmin qabları pəncərədən yerə
atırlar. Bu onlar üçün sadə bir şeydir və bunun insan üçün nə qədər
təhlükəli olduğunu dərk etmirlər. Təbiətə vurduğumuz ziyan həmin an
bizə özümüzə geri qayıdır. Məsələn balıqlar, mal-qara plastikləri,
zibilləri qida olaraq qəbul edirlər. Biz həmin dəniz məhsullarını
və ət məhsullarını istifadə edən zaman həmin mikro plastiklər bizim
bədənimizə daxil olur. Ona görə də biz Marneuli yerli əhalisini və
Marneuli yerli hakimiyyətini ətraf mühitin qorunması üçün
əməkdaşlığa çağırırıq. Və bu istiqamətdə daha çox layihələr olsun,
aktivliklər olsun və birlikdə hərəkət edək. Çünki elə bir zaman
gələ bilər ki, bu artıq gec ola bilər”, – Gülgün
Məmmədxanova dedi.
Aksiyada iştirak edən Sədi Sadıqovun bildirdiyinə görə, onların
əsas məqsədləri təbiəti qorumaqdır. Sadıqov düşünür ki, rayonun
özündə və kəndlərində zibil qablarının sayı yetərli deyil. Buna
görə də zibil qablarının sayı artırılmalıdır və tez-tez daşınması
həyata keçirilməlidir.
“Meriyanın qarşısına yığılmaqda əsas məqsədimiz odur
ki, bu cür problemlərin həllində meriyanın da mühüm rolu var. Sadə
bir misal deyə bilərik. Bu gün rayonumuzda və kəndimizdə çox sayda
maşın görürük. Bu da çoxlu sayda zəhərli qazların havaya
buraxılmasıdır. Amma meriya bununla mübarizə üçün kütləvi olaraq
ictimai nəqliyyatın sayını artırsa, buna müsbət təsiri olar. Və
havamız daha yaxşı olar. Eyni zamanda meriya yaşıllaşdırma
tədbirlərinə start versə, müəyyən aksiyalar həyata keçirsə,
bələdiyyəmiz üçün çox yaxşı olar”, – Sədi Sadıqov
dedi.
Təşkilatçılarının sözlərinə görə, onlar bir sıra kəndlərdə təmizlik
aksiyaları da həyata keçiriblər və bu cür aksiyalar yenə də davam
edəcək. Aksiyanın sonunda “Yaşıl Düşüncə” təşəbbüs qrupunun üzvləri
bəyanat da oxudular. Həmin bəyanatı sizə olduğu kimi təqdim
edirik: