Rusiya Müdafiə Nazirliyinin internet səhifəsində yaşayış
məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilir.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin paylaşdığı bəyanatda
deyilir.
“Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun
yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı
və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan
ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı
kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən
rəsmi qaydada göndərilmiş və məlumatlarda məhz bu adlardan istifadə
olunması barədə dəfələrlə müraciət edilib.
Buna baxmayaraq, təəssüf ki, Rusiya Federasiyasının Müdafiə
Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya
Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında
yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd
edilir.
Belə ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 24
noyabr 2022-ci il tarixli rəsmi məlumatında “Maqavuz” yaşayış
məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya atəşkəsin
pozulmasının qeydə alındığı bildirilir.
Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların “Maqavuz”
adlandırdığı Azərbaycan yaşayış məntəqəsinin rəsmi adı ÇARDAQLIDIR.
Azərbaycan Ordusunun bölmələri atəşkəsi pozmayıb və bu istiqamətdə
heç bir atəş açmayıb.
Eyni zamanda onu da bəyan edirik ki, son zamanlar qeyri-qanuni
erməni silahlı dəstələri tərəfindən atəşkəsin pozulması və digər
hadisələr barədə Rusiya tərəfinə verilən məlumatlar nədənsə Rusiya
sülhməramlı kontingentinin rəsmi açıqlamalarında öz əksini
tapmır”, - nazirlikdən əlavə edilib.