Marneulili idmançı Tbilisidə keçirilən turnirdə bürünc medal qazanıb (VİDEO)
15:18 / 07.12.2022
4-6 dekabr tarixlərində Tbilisidə yerləşən “Milli Olimpiya
Ehtiyatlarının Hazırlıq Mərkəzi”ndə gənclər arasında dünya çempionu
Mixeil Saladze adına Yunan-Roma güləşi turniri keçirilib.
Turnirdə Marneulidə fəaliyyət göstərən “Olimp İdman Məktəbi”nin
yetirmələri də iştirak ediblər. Bu barədə “Marneuli” radiosu ilə
söhbəti zamanı məktəbin Yunan-Roma güləşi üzrə məşqçisi Elçin
Mustafayev məlumat verdi. Onun sözlərinə görə, yarışa onların
məktəbindən üç idmançı qatılmışdı. O, çox sevinir ki, Marneulidə
hər il idmana maraq artır.
“Nəzərinizə çatdırım ki, Yunan-Roma güləşi olimpiya
idman növüdür. Bu idman növünün Marneulidə inkişafı üçün əlimizdən
gələni edirik. Məqsədimiz yeniyetmələri və gəncləri bu idman növünə
yönəltməkdir. Həm özlərini, həm də bu idman növünü inkişaf etdirə
bilərlər. Məqsədimiz gənclərimizi pis vərdişlərdən uzaqlaşdırmaq,
onların sağlam düşünüb, sağlam böyüməsinə şərait yaratmaqdır. Bizim
hədəflərimiz böyükdür. Tələbələrimiz məşqlərini böyük həvəslə davam
etdirirlər. Davamlı olaraq məşq edirlər. Yarışlarda fərqlənməyi
bacarırlar. Bu amillər bizi çox sevindirir. Qarşıda yarışlarımız
çoxdur. Dekabr ayının 17-18-də Kutaisi şəhərində yarışımız var. Hər
yarış bir təcrübədir. İndi səhvlərimizin üzərində işləyirik.
Rustavi klubu ilə danışıqlar aparmışıq. Komandaları birləşdirib,
hazırlıqlarımızı davam etdirəcəyik. Hazırlıqları daha da
artıracağıq. Nəzərinizə çatdırım ki, bir tələbəmiz Rəşad Orucov
hal-hazırda Almaniya klubunda kubok yarışlarında güləşir. Bu ayın
sonlarında qayıdacaq və böyüklər arasında Gürcüstan birinciliyində
iştirak edəcək. Həmçinin Rəşad milli komandanın üzvüdür. Bir
idmançımız Ravil Məmmədov isə Azərbaycanın Bakı şəhərində təlim
məşq toplantısındadır. Orada hazırlıq keçir. O, ölkəyə qayıdaraq 2
ay sonra keçirilməsi planlaşdırılan gənclər arasında Gürcüstan
çempionatında iştirak edəcək. Məqsədli şəkildə hər birimiz müəllim
və şagirdlərimiz işləyirik. İnşallah məqsədimizə çataçağıq. Bizə
dəstək olan hər kəsə təşəkkür edirik”, – Elçin
Mustafayev dedi.
Yarışda iştirak edən Hüseyn Mansurov, Nizami Qasımov və Nasir
Bayramov uğurla çıxış ediblər. Onların arasında Nasir Bayramov
medal qazana bilib. Bayramovun sözlərinə görə, həmin yarış onun
üçün çox önəmli olub.
“Bu yarış mənim üçün çox önəmli idi. Daima məşq edirik.
Ancaq nəyə qadir olduğumuzu yarışlarda göstəririk. Mən 51 kq çəkidə
güləşirəm. Amma bu yarışda müəllimlərim məni 55 kq çəki dərəcəsində
yoxladı. Həmin yarışda 3 görüş keçirdim. İlk görüşdə məğlub oldum.
Növbəti iki görüşü qələbə ilə başa vura bildim və bürünc medal
qazandım. Hədəfim mart ayında keçiriləcək Gürcüstan birinciliyində
iştirak etməkdir. İnanıram ki, həmin yarışda 51 kq çəkidə çıxış
edib, qələbə qazanacağam. Avropa və dünya çempionatında ölkəmizi
mən təmsil edəcəyəm. Mənim məqsədim ölkəmizə, Marneulimizə Avropa
və dünya çempionatlarından medal gətirməkdir”, –
Nasir Bayramov dedi.
Çempionat 2006-2007-ci il təvəllüdlü idmançılar arasında keçirilib.
İdmançıların məşqçisi Elşən Qocayev bildirdi ki, onlar üçün yarış
yüksək səviyyədə keçib.
“Yarış yüksək səviyyədə keçdi. Demək olar ki,
Gürcüstanın bütün şəhər və rayonlarından güləşçilər iştirak
edirdilər. Aralarında
hər çəkidə 2-3 idmançı Avropa və dünya medalçıları da var
idi. Biz “Olimp İdman Məktəbi” olaraq 3 idmançı ilə qatıldıq. Hər
üç idmançımız yaxşı güləş göstərdilər. Bildiyiniz kimi Yunan-Roma
güləşi olimpiya idman növüdür. Bu idman növündə rəqabət çox olur.
Belə yarışlarda nəticə göstərmək çox çətindir. Şükür olsun ki,
şəxsi məşqçisi olduğum Nasir Bayramov ümidlərimizi doğrultdu.
Bürünc medal qazandı. Növbəti hədəfimiz mart ayında keçirilməsi
planlaşdırılan Gürcüstan birinciliyidir. Kiçik səhvlərimiz var.
İndi onların üzərində işləyəcəyik. Hər yarış bir təcrübədir.
İnanıram ki, bu il bizim üçün uğurlu olacaq. Biz Gürcüstan çempionu
olub, Avropa və dünya çempionatlarında çıxış edə biləcəyik. Bizə
dəstək olan hər kəsə təşəkkür edirəm”, – Elşən
Qocayev bildirdi
Tbilisidə yerləşən “Milli Olimpiya Ehtiyatlarının Hazırlıq
Mərkəzi”ndə təşkil olunan turnir Milli Güləş Federasiyasının
bayrağı altında keçirilib. Yarışda Marneuli ilə yanaşı Rustavi,
Tbilisi, Kutaisi, Qardabani, Ozurgeti, Tsalka, Acarıstan, Xobi,
Çiatura və digər bölgələrdən idmançılar iştirak edirdilər. Turnirin
məqsədi Yunan-Roma güləşinin populyarlaşdırılması və idmanın
inkişafıdır.