İkinci tur öncəsi qadın seçicilərlə "şirin süfrə" ilə başlamış görüşlər
“Gürcü Arzusu” Marneuli kəndlərində qadın seçicilərlə görüşlərə başlayıb. Salome Zurabişvilinin nümayəndəsi Leyla Əliyeva və “Gürcü Arzusu”nun Marneuli qərargahının nümayəndəsi Nərgiz Əliyeva çay, konfet və şirniyyatların olduğu “şirniyyat süfrəsi” arxasında Kürtlər kəndində yaşayan qadınlarla görüşüblər.
Marneuli majoritar deputatı Ruslan Hacıyevin dediyinə görə, süfrənin açılması və qonaqlar üçün çay Qafqaz adətidir və bunda pis heç nə yoxdur.

“Bura Qafqazdır, Gürcüstandır, süfrədə mütləq çay olmalıdır, bu adi şeydir. Əgər süfrədə qonaq əyləşibsə, mütləq çay olmalıdır. Bura Gürcüstandır, hər hansı bir Avropa ölkəsi deyil, bu bizim ənənəmizdir”, - Ruslan Hacıyev deyir.

Hacıyev görüşlərin belə formatda keçirilməsini qanun pozuntusu hesab etmir. Lakin qadınların nə barədə söhbət etdikləri haqda məlumatı olmadığını deyir.

“Gürcü Arzusu”nun Marneuli qərargahının nümayəndəsi Nərgiz Əliyevanın dediyinə görə, görüşdə fəal qadınlarla yanaşı fəal olmayan qadınlar da iştirak edirlər.

“Biz yalnız seçkiöncəsi görüş keçirmirik, həm də onların problemləri ilə maraqlanırıq. Biz onların bölgələrində və ya ümumiyyətlə Gürcüstanda nə edilə biləcəyi ilə bağlı təkliflərini dinləyirik. Görüşdən sonra isə mən bütün bunları cəmləşdirirəm, protokol tərtib edirəm və partiyaya təqdim edirəm”,
- Nərgiz Əliyeva bildirir.

Qadın seçicilərlə görüşlər dünən başlayıb və bütün həftə ərzində davam edəcək.

Nərgiz Əliyevanın dediyinə görə, “şirniyyat süfrəsini” evlərinə getdikləri qadın açır, bunun üçün partiya və ya Zurabişvilinin qərargahı heç bir vəsait ödəmir.

Gender sahəsində araşdırmaçı Nona Samxaradzenin dediyinə görə, qadınlarla belə görüşlərin keçirilməsi qadınların siyasətdə iştirakına indikindən daha çox zərər vurur.

“Qadınların hansısa “şirniyyat süfrəsi” arxasında əyləşdirilməsi və qadınların ictimai-siyasi həyatda rolundan söhbət edilməsi çox cinsiyətçi və stereotip yanaşmadır. Şirniyyata qonaq etmək qadın seçicilərə fərqli münasibət göstərilməsi stereotipini daha da gücləndirir”, - Nona Samxaradze deyir.

Samxaradzenin dediyinə görə, seçkiöncəsi prosesi müşahidə edirdi və heç bir siyasi partiya qadın seçicilərlə görüş keçirmirdi. İndi isə ikinci tura bir neçə həftə qalmış “şirniyyat süfrəsinin” açılması və qadınlarla görüş siyasi partiya tərəfindən yaxşı hal deyil.

Samxaradze deyir ki, siyasi partiyalar qadın seçicilərin 53% olduğunu başa düşüb və onlarla işləməyə başlayıblar. Lakin partiyalar qadınlarla da, kişilərlə də görüşü eyni formatda keçirməlidirlər. Bu birdəfəlik hərəkət olmamalıdır və qadınlarla görüş siyasi partiyaların siyasətinin bir hissəsi olmalıdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google