“Gürcü Arzusu” və Salome
Zurabişvilinin qərargahının nümayəndələri Marneulidə qadın
seçicilərlə yenə “şirniyyat süfrəsi” arxasında görüşlərə davam
edirlər.
Görüş 16 noyabr tarixində Marneuli şəhərində “Qızıl tac”
restoranında keçirilib.
“Gürcü Arzusu”nun Marneuli qərargahının üzvü Nərgiz Əliyeva bizimlə
söhbəti zamanı deyir ki, görüşdə müxtəlif sahələrdə fəaliyyət
göstərən qadınlar iştirak edirdilər.
"Bəli, bu seçkiöncəsi təbliğat sayılır, lakin tam
olaraq yox. Biz qadınlarla görüşürük ki, onların problemlərini,
ölkənin qadınlarla və milli azlıqlarla bağlı siyasətini daha da
yaxşılaşdırmaq istiqamətində ideyalarını dinləyək", -
Nərgiz Əliyeva deyir.
Nərgiz Əliyeva görüşün seçkiöncəsi təbliğat məqsədilə keçirildiyini
təkzib etmir. Lakin o, özü seçkiöncəsi təbliğat aparmadığını
deyir.
Kürtlərdə qadınlarla görüşdə olduğu kimi, “Qızıl tac”da da çay,
konfet və şirniyyatlar var idi. Onda Əliyeva “şirniyyat süfrəsini”
ev sahibəsinin açdığını bildirmişdi, indi isə bildirir ki,
Marneulinin ən görkəmli şadlıq evində keçirilmiş görüşü adının
açıqlanmasını istəməyən bir biznesmen maliyyələşdirib.
“Çox da böyük maddi yardım deyil. Sadəcə bütün bunları
öz xərcimizlə edə bilmədik, kimlərdənsə xahiş etdik və onlar təşkil
etdilər. Orada maksimum çay, limon, şəkər və konfet var
idi” - Nərgiz Əliyeva deyir.
Görüşdə Marneulili qadınlar və təşkilatçılarla birgə Marneulinin
majoritar deputatı Ruslan Hacıyev də iştirak edirdi. Hacıyev
bizimlə söhbəti zamanı bildirdi ki, onu görüşə qadınlarla söhbət
etmək üçün dəvət ediblər. Deputat üçün görüş çox xoş və səmərəli
olub.
“Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası”nın vəkili Rati
Tinikaşvilinin dediyinə görə, qeyd olunan görüşlərin məqsədi
hansısa bir namizədin xeyrinə seçkiöncəsi təbliğatdırsa və bunu
siyasi partiya edirsə, bu qeyri-qanuni ianə də sayıla bilər.
“Partiyanın hər-hansı subyekt lehinə ianə etməsi
qadağandır. İanə isə hər hansı seçki subyekti üçün tədbirin
keçirilməsi də hesab olunur və müvafiq olaraq, bu halda siyasi
partiyanın seçkilərin maliyyələşdirilməsi qaydalarını pozması da
ola bilər” – Gürcüstan Gənc Hüquqşünaslar
Assosiasiyasının vəkili bildirdi.
Mövzu ilə bağlı digər
xəbərlər:
İkinci tur
öncəsi qadın seçicilərlə "şirin süfrə" ilə başlamış görüşlər