Ədliyyə Nazirliyi Qaçağan kəndində "İctimai mərkəz" tikəcək
Qaçağan kəndində Ədliyyə Nazirliyi "İctimai
Mərkəz" tikəcək.
Bu
haqda məlumatı Marneulinin mer maüvini Laşa Lobjanidze 24 yanvarda
baş tutan bələdiyyə məclisinin iclasında bildirib və deyib ki,
Ədliyyə Nazirliyi meriyadan torpaq sahəsi ayırmağı tələb edib.
“Qaçağanda 2700 kv.m. torpaq sahəsi ayrılıb və Ədliyyə
Nazirliyinə verilib. Orada yaxın gələcəkdə "İctimai mərkəz"
tikiləcək. Sahə imkan yaradır ki, orada istirahət parkı da
qurulsun. Bu cəmiyyət üçün çox yaxşı olacaq” – deyir
Laşa Lobjanidze.
Ədliyyə Nazirliyindən izah edirlər ki, "İctimai mərkəz" vasitəsilə
əhali kənddən çıxmadan 200-dən artıq ictimai və özəl sektorun
xidmətlərindən istifadə edə biləcək.
"İctimai Mərkəz"in istifadəçiləri Dövlət Xidmətlərinin İnkişafı
Agentliyinin, Gürcüstan Milli Arxivinin, İctimai reyestrin Milli
Agentliyinin, Sosial Xidmət Agentliyinin və MMC Mekanizatorun
servisindən istifadə edə biləcəklər.
Hazırda Gürcüstan miqyasında 60 "İctimai mərkəz" fəaliyyət
göstərir.