Daha bir rusiyalı milyarder Moskvanın Ukraynaya qarşı hərbi
təcavüzü
fonunda Rusiya vətəndaşlığından çıxıb.
Yuri Milner oktyabrın 11-də tvitində yazıb ki, Moskva 2014-cü ildə
Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq edəndən Rusiyadan
gedib, indi isə ölkəsiylə əlaqələri daha da kəsir.
“Ailəmlə birlikdə 2014-cü ildə Rusiyadan birdəfəlik çıxdım. Bu yay
isə Rusiya vətəndaşlığından imtina prosesini tamamladım”, – Milner
yazıb. O, detalları açıqlamayıb.
ABŞ-a köçüb
60 yaşlı milyarder DST Global investisiya şirkətinin
həmtəsisçisidir, 1999-cu ildə İsrail vətəndaşlığı alıb.
Rusiyadan gedəndən sonra bir neçə il İsraildə yaşamış Milner
sonradan Birləşmiş Ştatlara köçüb.
Varidatı 7.3 milyard dollar olan Milner Moskva fevralın sonunda
Ukraynaya qarşı tammiqyaslı təcavüzə başlayandan Rusiya
vətəndaşlığından imtina edən üçüncü milyarderdir.
Milnerin vebsaytında qeyd edilir ki, o, 2014-cü ildən Rusiyaya
getməyib, orada aktivləri yoxdur, şəxsi sərvətinin 97 faizi ölkədən
kənarda qazanılıb, Prezident Vladimir Putinlə “nə fərdi, nə də qrup
şəklində görüşüb”.
Rusiyalı biznesmenlərin xahişi
“Forbes” jurnalı apreldə yazırdı ki, Rusiyaya bağlı bir neçə
biznesmen redaktorlardan onları rusiyalı biznesmen adlandırmamağı
xahiş edib. Məlumata görə, Qərb Rusiyaya sanksiyalara qoyandan belə
müraciətlərin də sayı artıb.
Ötən ay “Troika Dialog” investisiya bankının keçmiş başçısı və
səhmdarı Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib.
O,
Ermənistan pasportu olduğunu, Azərbaycanın Qarabağ regionuna
köçdüyünü bildirib.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir
hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Tərəflər sülh
sazişi imzalamayıb.
İyunda isə “Freedom Finance” investisiya şirkətinin təsisçisi Timur
Turlov Rusiya vətəndaşlığından imtina edib, ailəsi ilə birlikdə 10
ildən çox yaşadığı Qazaxıstanın vətəndaşlığını aldığını deyib.
Mənbə:
azadliqradiosu