İran Krımın və Ukraynanın daha dörd vilayətinin Rusiya tərəfindən
ilhaqını tanımır.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyənin
TRT World dövlət telekanalına müsahibəsində deyib:
"Biz beynəlxalq qanunlar çərçivəsində ölkələrin suverenliyini və
ərazi bütövlüyünü tanıyırıq. Buna görə də Tehran və Moskva arasında
gözəl münasibətlərin mövcudluğuna baxmayaraq, biz Krımın, Luhansk
və Donetsk vilayətlərinin Ukraynadan ayrılmasını
tanımamışıq”.
Nazir əlavə edib ki, İran hakimiyyəti özünün ardıcıl xarici
siyasətində israrlıdır:
"Biz deyəndə ki, Ukraynadakı münaqişə həll yolu deyildir, deməli
özümüzün fundamental siyasi prinsipimizə inanırıq”.
İranın Rusiyaya hərbi dəstəyi
Bundan əvvəl media İranın Rusiyaya döyüş dronları verməsindən
dəfələrlə yazıb.
Kiyev bildirir ki, Rusiya İranın intiharçı dronları ilə Ukraynanın
mülki obyektlərinə və enerji infrastrukturuna zərbələr endirir.
İran və Rusiya arasında hərbi əməkdaşlıq xüsusilə də Ukraynada
müharibə başlanandan sonra fəallaşıb.
Ukrayna və Qərb kəşfiyyatları bildirirlər ki, Tehran Rusiyanı
intiharçı dronlarla təchiz edir. Rusiya bu dronlardan Ukraynaya
zərbələr endirilməsində istifadə edir.
Məlumata görə, İran istehsalı olan dronlarla Ukraynaya hücumlar
2022-ci ilin payızında başlayıb.
Rusiya İran silahlarından istifadə ittihamlarını rəsmən rədd etsə
də Müdafiə Nazirliyi yanında İctimai Şuranın nümayəndəsi RBC
telekanalındakı canlı yayımda bunu etiraf edib. O, bunu deyəndə
həmin anda mikrofonun söndürüldüyünü zənn edib.
Tehran isə bu xəbərləri nəhayət təsdiqləyərək bildirib ki, İran “az
sayda” PUA-nı Rusiyaya Ukraynaya hücumundan aylar əvvəl
çatdırıb.
Su-35 qırıcıları
Bu arada xəbər verilir ki, İran bu ilin martında Rusiyadan Su-35
qırıcıları almağa ümid edir.
Bunu İran Milli Məclisinin milli təhlükəsizlik və xarici siyasət
komitəsinin üzvü Şəhriyar Heydəri deyib.
Təsnim xəbər agentliyi habelə Heydəriyə istinadla bildirir ki,
Tehran Rusiyadan hava hücumundan müdafiə (HHM) sistemləri, raketlər
və helikopterlər almağa hazırlaşır.
Bu da qeyd olunur ki, sözü gedən hərbi texnika və silahların İrana
ən yaxın vaxtlarda gətiriləcəyi gözlənilir.
Xəbər verilir ki, qırıcıların bir hissəsi İsfahandakı taktiki
aviasiya bazasında yerləşdiriləcək.
ABŞ, Avropa İttifaqı və Britaniya İranın dron istehsalı və
təchizatı ilə bağlı şirkət və fərdlərə sanksiyalar qoyub.