"Kimə zəng vurublar, deyiblər ki, heç kəsə bildirmə", — Samirə Bayramova Parlament sədri ilə görüş barədə

Gürcüstan Parlamentinin sədri Marneuli gəncləri ilə qapalı görüş keçirib.

Görüşdə əsasən “Gürcü Arzusu”nun fəalları və Marneuli meriyasının əməkdaşları iştirak ediblər.

Arçil Talakvadze ilə görüşdə Samirə Bayramovanın da iştirak etməsi hər kəsi bir qədər təəccübləndirib. Bayramovanı görüşə Parlament sədri özü dəvət edib, belə ki, onlar uzun müddətdir ki, tanışdırlar.

“Görüşdən bir gün əvvəl xəbərim oldu. Bununla bağlı Parlament sədri özü mənə yazdı. Mən onunla gender və erkən evlilik sahəsində əməkdaşlıq etmişəm, belə ki, Arçil əvvəllər Daxili İşlər Nazirliyində çalışırdı. O, bilirdi ki, regionda bu məsələlərlə bağlı işləyən yerli fəal var və mənim bu görüşdə iştirak etməyimdən şad olardı”, – Samirə Bayramova deyir.

Bayramova qeyd edir ki, onda olan məlumata görə, görüşü Marneuli meriyası təşkil edib və onların görüşdə Samirə Bayramovanın iştirak edəcəyindən xəbəri olmayıb.

“Təəssüf ki, görüşə yerli fəallar dəvət olunmamışdı və görüşdə sadəcə universitetlərdə təhsil alan, seçkiöncəsi proseslərdə az-çox iştirak edən gənclər iştirak edirdilər. Bu gənclər ictimaiyyətin tanıdığı və Parlament sədri kimi insanlarla görüşüb Marneuli gəncləri üçün aktual olan problemlərdən danışacaq fəal gənclər deyillər”, – Samirə Bayramova deyir.

Bayramova bizimlə söhbətində qeyd etdi ki, görüş zamanı o, Parlament sədrinin səfəri barədə sakinlərə və fəal gənclərə məlumat verilməməsinə etiraz edib.

“Orada başa düşdüm ki, kimə zəng vurublarsa, hamısına gec zəng vurublar və tapşırıblar ki, görüş barədə heç kəsə məlumat verməsinlər”, – Samirə Bayramova deyir.

Marneulili fəalın sözlərinə görə, Parlament sədri Marneulili fəallarla görüşməyə hazır olduğunu bildirib və deyib ki, bu görüş yalnız tanışlıq xarakteri daşıyırdı və Marneulililərlə yenə geniş tərkibli görüş keçirəcək.

"Marneuli" Radiosu

Print