Zurabişvili milli azlıqların inteqrasiyasından danışır, lakin onunla görüşdə heç bir milli azlıq nümayəndəsi yox idi – Əhməd İmamquliyev
15:14 / 20.03.2019
Marneuli Bələdiyyə Məclisinin üzvü Əhməd
İmamquliyev Gürcüstan prezidentinin Marneuliyə səfərinə münasibət
bildirib.
“Avropalı Gürcüstan”ın üzvünün dediyinə görə,
Zurabişvilinin səfəri zamanı görüşdə heç bir etnik Azərbaycanlı
majoritar deputat iştirak etməyib, Kvemo Kartli qubernatorunun
müavini Zaur Darğallı da görüşdə olmayıb.
“Orada Parlementin üzvü Mahir Dərziyev yoxdur. O, da
həmin komandanın üzvüdür və eyni zamanda Marneulidəndir. Mənimçün
bu çox narahatçılıq doğururdu, çünki xanım Zurabişvili milli
azlıqların inteqrasiyası ilə bağlı danışırdı və Zurabişvili görüşdə
məhz inteqrasiya və milli azlıqlarla bağlı danışarkən onların
komandasında olan milli azlıq nümayəndələrini təəssüf ki, orada
görmədik”, – İmamquliyev dedi və əlavə etdi ki,
yuxarıda qeyd olunanlardan irəli gələrək, Zurabişvilinin
inteqrasiya ilə bağlı danışmaq hüququ belə yoxdur.
“Marneuli” radiosu deputatların və Kvemo Kartli qubernatorunun
müavininin görüşdə nə üçün iştirak etmədiklərini aydınlaşdırmağa
çalışdı. Telefon zənglərimizə yalnız Mahir Dərziyev və Ruslan
Hacıyev cavab verdi. Ruslan Hacıyev məşğul olduğunu bildirərək
sualımıza cavab vermədi, Dərziyev isə ötən gün Parlamentin
iclasında iştirak etdiyini və ümumiyyətlə belə görüşlərdə
proporsional qayda ilə seçilmiş deputatların deyil, majoritar
deputatların iştirak etməli olduğunu bildirdi.
Ötən gün, 19 mart tarixində Prezidentlə görüşdə Kvemo Kartli
qubernatoru Şota Rexviaşvili, Marneuli meri səlahiyyətlərini icra
edən Zaur Tabatadze və Marneuli BƏlədiyyə Məclisinin sədri Amiran
Qiorqadze iştirak edirdilər.