Bu il də Təkəli kəndində uşaqlar bağçaya gedə bilməyəcəklər
15:44 / 11.09.2019
Yeni
tədris ilinin başlamasına bir neçə gün qalıb. Valideynlər,
müəllimlər, məktəblilər məktəblərin, eləcə də bağçaların açılmasını
səbirsizliklə gözləyirlər.
Marneulidə məktəb və bağça yaşına çatmış uşaqların valideynləri
artıq dərs ləvazimatları, xüsusi geyimlər almağa başlayıblar.
Marneulidən fərqli olaraq Təkəli kəndində valideynlər bu il də
uşaqlarını bağçaya apara bilməyəcəklər. Çünki onların kəndində
məktəb olsa da, azyaşlıların gedə biləcəyi bağça yoxdur. Uşaq
bağçalarının olmaması Təkəli kənd sakinlərini narahat edir.
Təkəli sakinləri deyirlər ki, kənddə illərdir ki, uşaq bağçası
yoxdur. Sakinlərin sözlərinə görə, gün ərzində evdə, əkin
sahələrində işlər çox olur, belə olduqda isə onlar azyaşlı uşaqları
ilə məşğul ola bilmirlər. Onlar düşünürlər ki, kənddə bağçanın
olması həm uşaqlar, həm də valideynlər üçün olduqca əhəmiyyətli
olardı.
Səməngül Zeynalova 50 ildir ki, Təkəli kəndində yaşayır. O, deyir
ki, nəvələri bağçaya getməlidir, lakin bağça olmadığından
azyaşlılar bütün günlərini evdə keçirirlər. Zeynalovanın sözlərinə
görə, kənddə yaşayanların əksəriyyəti azyaşlı uşaqlarını evdə qoyub
əkin sahəsində işləməyə gedirlər. Amma bağça olsaydı azyaşlılar
orada vaxtlarını daha səmərəli keçirərlər. O, bildirdi ki,
nəvələrini Marneulidə fəaliyyət göstərən bağçalardan birinə
yerləşdirmək istəyib. Lakin xərcləri və məsafəni nəzərə aldıqda o,
bu fikrindən daşınmalı olub.
“Bu kənddə illərdir ki, uşaq bağçası yoxdur. İş görməyə gedirik
uşaq ağlayır, əlimiz çirkli gəlib uşağı yedizdirməli oluruq. Bağça
olsa, yaxşı olardı. Marneuliyə qeydiyyat etmək istədik. Amma benzin
pulu, gedib-gəlmək çətindir. Buradakıların hamısı işləyir, analar
uşaqlarını aparıb-gətirər. Anaların da, uşaqların da dünya görüşü
artar, uşaqlar daha tərbiyəli böyüyər”, - Səməngül
Zeynalova deyir.
Zeynalova onu da əlavə etdi ki, məktəbdən əvvəl bağçaya gedən
uşaqlar dövlət dilini də yaxşı öyrənərlər və gələcəkdə məktəbdə
təhsil alanda elə də çətinlik çəkməzlər.
Qeyd edək ki, Marneuli bələdiyyəsinin ərazisində hazırda 14 uşaq
bağçası var. Bu bağçaların üçü Marneuli şəhərindədir, qalanı isə
kəndlərdədir.