"Biz "Rustavi Su" MMC-dən icarəyə
götürdüyümüz 13 kilometrlik içməli su xəttinin tamamilə
dəyişdirilməsi layihəsini hazırlamışıq və layihə Regional İnkişaf
Fondu tərəfindən maliyyələşdiriləcək. Layihənin dəyəri isə 3.5 mln
laridən artıqdır", – bu barədə Marneuli meri Zaur
Darğallı məlumat verdi.
Onun
sözlərinə görə, layihə artıq hazırdır, Bələdiyyə Məclisi və
Regional İnkişaf Fondunun komissiyası tərəfindən də bəyənilib.
"Bu il baş nazir tərəfindən bəzi dəyişiklər olmalıdır
və biz də onun sərəncamını gözləyirik. Hansı ki, bizim həyata
keçirəcəymiz layihə üçün Regional İnkişaf Fondu maliyyə ayıra
bilsin. Biz düşünürük ki, yanvarın birinə kimi tender elan edək və
yaz aylarında isə artıq layihənin icrasına başlayaq",
– Zaur Darğallı dedi.
Zaur Darğallı bildirdi ki, plana əsasən magistral xətt
dəyişdirildikdən sonra içməli suyun verilməsi 9 kəndi əhatə
edəcək.
Xətlərin köhnə olmasına görə, su xəttində tez-tez qəzalar baş verir
və bu da su itkisinə səbəb olur. Həmin xətlər dəyişdirildikdən
sonra isə əhaliyə təmiz su veriləcək.
Xatırladaq ki, Kürtlər, Algeti və Kəpənəkçi inzibati ərazi
vahidlərinə daxil olan kəndlərdə bir neçə gün idi ki, əhaliyə
içməli su verilmirdi. 10 oktyabrdan həmin kəndlərə içməli suyun
verilməsi bərpa olunub.
Səbəb isə Böyük Muğanlı kəndi ərazisindən keçən boru xəttində 8
metrə yaxın dəmir boruda qəzanın baş verməsi idi. Buna görə də
əhaliyə içməli suyun verilməsi dayandırılmışdı.
"Marneuli" Radiosu