Marneulili gənclər tərəfindən yaradılmış
təşəbbüs qrupu Marneuli meriyası və Bələdiyyə
Məclisinə,
həmçinin Barışıq və Mülki Bərabərlik
Məsələləri üzrə Dövlət Naziri Aparatına ərizə ilə müraciət
ediblər.
Təşəbbüs qrupunun üzvləri tələb edirlər ki, Marneuli meriyası və
Bələdiyyə Məclisinin rəsmi veb və “Facebook” səhifələrində
məlumatlar və elanlar gürcü dili ilə bərabər azərbaycan dilində də
yayımlansın.
Ərizədə bələdiyyənin üzərinə məlumatın azərbaycan dilində də
yayılması öhdəliyi qoyan hüquqi normalar da qeyd olunub.
“Fikrimizcə Marneuli meriyası və Bələdiyyə Məclisinin
veb səhifəsində və sosial şəbəkə səhifəsində dövlət dilində
yerləşdirilən məlumatların azərbaycan dilinə də tərcümə olunması
zəruridir. Çünki meriya və Bələdiyyə Məclisi tərəfindən həyata
keçirilən işlərlə bağlı məlumat etnik azərbaycanlı vətəndaşlar üçün
əlçatan olmalıdır.
Həmçinin bildirmək istəyirik ki, bizim tələbimiz, dövlət dilinin
rədd edilməsi və ya dilin tam öyrənilməsinin əhəmiyyətinin
danılması demək deyil. Əksinə, hesab edirik ki, bu istiqamətdə
dövlət siyasəti və müsbət addımlar daha da gücləndirilməlidir ki,
bu da azərbaycanlı icmasında dövlət dilinin öyrənilməsi probleminin
aradan qaldırılmasına kömək edər. Lakin hesab edirik ki,
inteqrasiya barəsində söhbət ediriksə, inteqrasiya siyasətinin
həyata keçirilməsi üçün dövlət orqanları tərəfindən təsirli
addımlar atılmalıdır. Mühüm addımlardan biri də məlumatların
vətəndaşlara onların başa düşə bildikləri dildə çatdırılması və
yerli özünüidarənin fəaliyyətində iştirakın təmin edilməsi
olar”, – təşəbbüs qrupunun ərizəsində qeyd
olunub.
Gənclər ərizədə Marneuli merinin rəsmi “Facebook” səhifəsində
azərbaycan dilinə tərcümə olunmuş məlumatların yerləşdirilməsini
müsbət dəyərləndirdiklərini də qeyd ediblər. Lakin hesab edirlər
ki, bu sistematik olmalıdır.