Marneuli bələdiyyəsində 25 ictimai məktəb
2019-2020-ci tədris ili başlayana qədər elan edilmiş vakansiya
nəticəsində 82 pedaqoqu işə qəbul edib. Onların əksəriyyəti 35 yaşa
qədərdir.
Marneuli miqyasında 29 məktəb vakant 110 yer üçün müəllim
axtarırdı. Dörd ictimai məktəbdə müxtəlif fənlər üzrə müəllimləri
ümumiyyətlə qəbul edə bilməyiblər. Araflı ictimai məktəbində
musiqi, Şaumyani 1 saylı ictimai məktəbində kimya, Xixanidə fizika,
Xocornidə isə rus dili müəllimi yoxdur. Buna görə də həmin
məktəblərdə qeyd olunan dərslər keçirilmir.
“Bu gün Təhsil Resurs Mərkəzinə getmişdim və dedilər
ki, bu semestrdə müəllim tapa bilməsək, gələn semestrdən, yanvardan
bu uşaqlara fənn ikiqat tədris olunacaq” – Şaumyani 1
saylı ictimai məktəbinin direktoru Artuş Urumyan deyir.
Bələdiyyənin səkkiz ictimai məktəbi müxtəlif fənlər üzrə müəllim
qəbul edə bilməyib. Buna baxmayaraq tədris prosesi maneəsiz davam
edir. Dərs saatları başqa müəllimlərə əlavə saat olaraq
bölünüb.
Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin
məlumatına görə, vakansiya elan olunmuş məktəblərdə müəllim
tapılmayıbsa, Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəz
(Müəllimlər Evi) həmin məktəblərə pedaqoq göndərəcək.
“Bu proqram çərçivəsində Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli
Mərkəz müəllim göndərəcək və uşaqlara tam qrafiklə dərs
keçiriləcək. Tədris ili elə başa çatacaq ki, bir saat da geri
qalmayacaqlar və uşaqların dərs saatı tam təmin
olunacaq”, – Nazirliyin İctimaiyyətlə Əlaqələr
Şöbəsinin nümayəndəsi Lali Rozomaşvili deyir.
“Marneuli” radiosu sorğu nəticəsində aydınlaşdırdı ki, regionda ən
çox texniki fənlər üzrə müəllim tapılmasında çətinlik olub. Təhsil
Nazirliyindən bildirdilər ki, bu istiqamətdə çalışırlar.
“Məktəblərdə maaşlar artırılıb, məktəb direktorlarının,
Resurs Mərkəz və rəhbərliklərin də maaşı gələcəkdə artacaq, hamının
əmək haqqı artacaq, bundan yaxşı motivasiya nə ola
bilər!” - Lali Rozomaşvili deyir.
Məktəblərdə pedaqoqlarla bağlı vakansiya Təhsil Nazirliyinin
pensiya yaşda olan müəllimlərə məktəbi tərk etmək qarşılığında
mükafat olaraq iki illik maaş və daimi sığorta təklif etməsindən
sonra yaranıb.
"Marneuli" Radiosu