İlin ilk çərşənbəsi - "Su çərşənbəsi"
11:26 / 26.02.2019
Novruz bayramına 4 həftə qalanda insanlar
həyat üçün vacib olan dörd ünsürlə su, od, yel, torpaqla bağlı
çərşənbələri xüsusi təntənə ilə qeyd edirlər. El dilində onlara
“boz ayın çərşənbələri” də deyirlər.
Bu çərşənbələrdən birincisi su çərşənbəsidir hanıki, su
çərşənbəsinin ilk olması təsadüf deyil.
İlk çərşənbə ərəfəsində hamı evini, həyətlərini səliqə-səhman
salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı
qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi
bellənər, artıq budaqları və zoğları kəsib onları
cavanlaşdırarlar.
Hər çərşənbənin özünə məxsus yeməyi var. Su çərşənbəsində də süfrə
açılar və xonça qurular. Xonçaya quru meyvələr, ləbləbi, kişmiş,
qoz-fındıq, qovurğa qoyular və rəngli şamlar düzülər. Həmin gecə
mütləq bulaqdan, quyudan, piyada pak və təmiz su gətirilməlidir. Bu
da su çərşənbəsinə xas olan adətdir. Su çərşənbəsində yaşlı nənə,
babalar da unudulmur və onlar üçün xüsusi təamlar hazırlanır.
Qovurğadan qovut çəkərək üstünə bəhməz və bal tökülərək nənə,
babalara təqdim olunar.
Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri
təzələnir, hərəkətə gəlir. Bununla da insanlar su ilə ünsiyyətdə
olub, ona qovuşurlar. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su
həmişə müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su
qoymaq lazımdır. Hamı həmin sudan içməlidir.
Su çərşənbəsi həm də “əzəl çərşənbə” adlanır. Bu çərşənbədə qızlar,
gəlinlər sübh çağı çay, dəniz və ya bulaq başına gedərlər. Axar su
üzərindən hoppanmaq, nəğmə oxuya-oxuya bir-birinin üstünə su
çiləmək də inanclar sırasına daxildir. Su çərşənbəsi günü hələ gün
doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin
üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su
çiləyirlər. Xalqın inancına görə, su çərşənbəsi günü “təzə su”dan
keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq
olarlar.
Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə
su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Qədim türklərin inancına görə, Tanrı insanı məhz çərşənbə axşamı
yaradıb. Əvvəlcə su götürülüb, su ilə torpaq külək tərəfindən
qarışdırılıb, insan şəklinə salınıb, günəşin altında qurudulub,
dördüncü çərşənbədə - ilin axır çərşənbəsində isə ona nəfəs
verilib. Beləliklə, dünyaya insan gəlib.
Hesablamalara görə, bütün bu hadisələr çox müqəddəs bir vaxta, gecə
ilə gündüzün bərabərləşdiyi günə təsadüf edib. Bundan sonra isə
insan üçün yeni həyat, yeni il başlanıb. Çərşənbələrdə, eləcə də
Novruz bayramında həyata keçirilən müxtəlif adətlər də başlanğıcını
məhz insanın yaranışı ilə bağlı qədim ayinlərdən götürüb. Su
çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr,
bayatılar, əfsanələr və rəvayətlər var.
Məsələn, inanclarda deyilir:
Süfrəyə su dağılması aydınlıqdır;
Su içən adamı qəfil vurmazlar;
Su içən adamı ilan çalmaz;
Lal axan sudan keçməzlər və sairə.
Su çərşənbəsi də odsuz-ocaqsız olmaz. Çünki su çərşənbəsi soyuq
qışdan sonra od nəfəsli yazın, yayın gəlişindən xəbər verir. Hər
kəs öz darvazasının önündə, həyətində xırda tonqallar qalayar,
yumurta döyüşdürər.
Ancaq ilk çərşənbəmiz olan su çərşənbəsi 26 fevral Xocalı soyqırımı
faciəsi gününə təsadüf edir. Ona görə də bu günün elə də təmtəraqla
qeyd ediləcəyi gözlənilmir. Buna baxmayaraq, əziz oxucular,
elimizin gözəli, süfrəmizin bəzəyi, dörd çərşənbənin əzəli olan su
çərşənbəniz mübarək olsun!
Qeyd edək ki, 2019-ci ildə fevralın 26-da ilk çərşənbə – Su, martın
5-da Od, martın 12-də Hava (Yel), martın 19-də isə sonuncu Torpaq
çərşənbəsi qeyd olunacaq.