Azərbaycanın Şamaxı şəhərində "Nəsimi 650" Diaspora Gənclərinin II Yay Düşərgəsinin açılış mərasimi keçirilib - Foto
12:17 / 10.07.2019
9
iyul tarixində Azərbaycanın Şamaxı şəhərində Gürcüstanda yaşayan
Azərbaycanlıların da qatıldığı "Nəsimi 650" Diaspora Gənclərinin II
Yay Düşərgəsinin rəsmi açılış mərasimi keçirildi. Açılış mərasimi
Şamaxı şəhər Mədəniyyət Mərkəzində baş tutdu.
Yay düşərgəsində dünyanın 48 ölkəsindən 115 nəfər iştirakçı
qatılıb.
Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin, Gənclər və
İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun, Azərbaycan Diasporuna
Dəstək Fondunun, Prezident Administrasiyası İctimai-Siyasi
Məsələlər Şöbəsinin, Şamaxı şəhər icra hakimiyyətinin nümayəndələri
və başqa qonaqlar iştirak edirdilər. Tədbirdə çıxış edənlər
dövlətin diaspor siyasətində bu layihənin yeri və eyni zamanda
layihənin hədəfləri barədə ətraflı məlumat verdilər.
Qeyd edildi ki, 2019-cu ilin ölkədə “Nəsimi ili” olmasını nəzərə
alaraq, dahi Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin anadan
olmasının 650 illiyinə həsr olunan layihədə məqsəd dünyanın
müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid
platformada birləşdirmək və Azərbaycanla daha yaxından tanış
etməkdir.
Düşərgə çərçivəsində Azərbaycanın tarixi və memarlıq abidələrini
ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, qrup müzakirələri,
əyləncəli-maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.
Açılış mərasimi daha sonra bədii hissə ilə davam etdi. Musiqili
proqramda milli musiqilər, estrada mahnıları ifa edildi, Nəsiminin
şeirləri əyləncəli formada təqdim olundu.
Qeyd edək ki, Yay Düşərgəsi iyulun 8-də başlayıb və 14 iyulda başa
çatacaq.
Xatırladaq ki, ilk dəfə I Yay Düşərgəsi 2018-ci ildə baş
tutmuşdu.