Marneulidə Kikboks idman mütəxəssislərinə və idmançılara dəstək olmurlar - Tofiq Əkbərov
17:35 / 08.10.2019
“Kikboks üzrə Marneulili
idmançılar xarici ölkələrdə keçirilən yarışlara öz hesablarına
getməli olurlar və bəzi hallarda isə maliyyə olmadığından
yarışlarda iştirak edə bilmirlər”, - bu haqda
məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı "Gorarxı" idman
klubunun baş məşqçisi və WFMC-Gürcüstan təşkilatının rəhbəri Tofiq
Əkbərov dedi.
Onun sözlərinə görə, üçüncü ildir ki, o, Marneuli İdman Komitəsinə
və idman məktəbinə müraciət edir və rəsmi olaraq onun da bir idman
mütəxəssisi olaraq qeydiyyatdan keçməsini istəyir.
“Bir Kikboksinq mütəxəssisi olaraq mən də istəyirəm ki,
qeydiyyata düşüm. Mən də işləyəm və yaxud mən də xarici yarışlarda
dövlətin dəstəyi ilə iştirak edəm. Amma təəssüflər olsun ki, biz
ora düşə bilmirik. Qeydiyyata alınmırıq. Şəxsən mənə təklif etdilər
ki, boks məşqçisi olum. Boksa da bir idman kimi hörmətim var. Amma
mən kikboksçuyam, bu iş üzrə uzun müddətdir ki, fəaliyyət
göstərirəm və bu üzrə bizim uğurlarımız, nəticələrimiz var. Ona
görə də biz bu problemi yaşayırıq”, - Tofiq Əkbərov
dedi.
Əkbərovun dediyinə görə, onlar Kikboks və Tayboks federasiyalarının
üzvüdürlər.
“Gürcüstanın digər rayonlarında, Bolnisidə, Dmanisidə,
Qardabanidə kikboksinqlə məşğul olan məşqçilər qeydiyyata alınır.
Məşqçilərin xaricə getmələrinə dəstək ayrılır. Məsələn, Qardabanidə
idman məktəbinin direktoru Zura Bendeliani hörmət etdiyim
insanlardandır. Kikboqsçularımıza çox dəstək olur və xaricə gedən
məşqçilərə yarışlarda xərclərinin ödənməsi üçün dəstək olur.
Xaricdə yer alan idmançılara geri döndüklərində pul mükafatı və
digər qiymətli hədiyyələrlə mükafatlarndırılmasına imkan yaradır.
Digər rayonlarda o şərait var. Bəzi insanlar düşünürlər ki,
kikboksinq qeyri-olimpiya idman növü olduğuna görə belədir. Amma
idman idmandır fərqi yoxdur istər olimpiya növü olsun istər
qeyri-olimpiya olsun. Dövlətdə, İdman Nazirliyində təmsil olunursa,
buna da diqqət olunmalıdır”, - Tofiq Əkbərov
dedi.
Məşqçinin sözlərinə görə, başqa bələdiyyələrdə Kinkboksa, idman
mütəxəssislərinə və idmançılara köməklik göstərilir və onlara
dəstək olurlar. Amma Marneulidə Kikboks idman mütəxəssislərinə və
idmançılara dəstək olmurlar.
“Biz həmçinin kikboksinq və tayboksinqin Gürcüstanda
olan rəsmi federasiyasının üzvüyük. Bu federasiya Gürcüstan İdman
Nazirliyində təmsil olunur. Biz bunların ezamiyyəti əsasında
yarışlarda iştirak edirik. Yarışlar xərclidir, amma bu xərclər
rayonlarda idman komitələri tərəfindən qarşılanır. Məsələn,
Qardabanidə bizim 5-ə yaxın idmançımıza maliyyə ayrılır və müəyyən
qədər kömək edirlər”, - Tofiq Əkbərov dedi.
T. Əkbərov ümid edir ki, yaxın günlərdə bu məsələyə müsbət bir
cavab verərlər və o, da bir Kikboks mütəxəssisi kimi Marneuli
bələdiyyəsində qeydiyyatdan keçər.
Məsələyə aydınlıq gətirmək üçün Marneuli Bələdiyyəsinin İdman
Məktəbinin direktoru İaqo Naveriani ilə əlaqə saxladıq. O, bildirdi
ki, o adda və soyadda birini tanımır.