Marneulidə qadına qarşı zorakılıq faktı ilə bağlı istintaq başlayıb
16:45 / 25.07.2019
Marneuli
rayonunun kəndlərindən birində qadın evdə tək olduğu zaman ona
qarşı zorakılıq tətbiq olunub.
Həmin kəndin sakinlərinin sözlərinə görə, qadının yoldaşı iki aydır
ki, xəstəxanadadır. Qadının evinə gələn kəndlisinin bundan xəbəri
olub. Sakinlər deyirlər ki, kişi gecə saatlarında qadının evinə
gedib, evdə birinin olduğunu hiss edən qadın otağın işığını
yandırıb.
Məlumata görə, bunu görən kişi qadını qorxudub və ona qarşı güc
tətbiq edib daha sonra həmin evi tərk edib. Hadisə nəticəsində
müxtəlif bədən xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata
görə, faktla bağlı Cinayət Məcəlləsinin fiziki zorakılığı nəzərdə
tutan 126-cı maddəsi ilə istintaq aparılır.
Nazirlikdən bildirirlər ki, cinayəti törətməkdə şübhəli bilinən
şəxsin kimliyi artıq müəyyən olunub və bu mərhələdə istintaq davam
edir.