USAİD Marneuli bələdiyyəsinin 2020-ci il büdcəsinin prioritet sənədlərinin hazırlanması üçün aparılmış araşdırmaları uğurlu hesab edir
USAİD-Gürcüstan Marneuli bələdiyyəsinin 2020-ci il büdcəsinin prioritet sənədlərinin hazırlanması üçün aparılmış araşdırmalarla bağlı məqalə yayımlayıb. Məqalədə qeyd olunub ki, 2019-cu ilin yay və payız aylarında Milli Demokratiya İnstitutu Qafqaz Araşdırmaları Resurs Mərkəzi ilə birlikdə 150 gənc könüllüyə hazırlıq keçiblər ki, onlar da büdcə prioritetləri ilə bağlı 2 400 nəfərdən artıq yerli sakin arasında sorğu keçirib.

“Sorğu Marneuli bələdiyyəsinə daxil olan 86 kənddə aparılıb. Yerli sakinlərlə aparılan sorğular nəticəsində üç əsas problem – yollar, içməli su və tullantıların idarə olunması problemləri aşkarlanıb. Daha sonra bu nəticələr Bələdiyyə Məclisinə təqdim olunub və bu xərclər 2020-ci il büdcəsinə daxil edilib. Büdcəyə bir sıra problemlər də daxil edilib ki, həmin problemlər də sorğular zamanı aşkarlanıb. Bura Şulaveri yolunun bərpası və Tserakvi kəndində yeni su anbarının yaradılması da daxildir”,
– məqalədə qeyd olunub.

Marneuli meri Bələdiyyə Məclisini sorğuların nəticələri ilə tanış edib və deputatları qərar qəbul edərkən bunları nəzərə almağa çağırıb.

“Mülki ictimaiyyətin nümayəndələrinin öz icmalarında müsbət dəyişikliklərin edilməsi üçün vətəndaşlara yardım etməsi çox gözəl nümunədir”,
– məqalədə yazılıb.

Məqalədə könüllü gənclər tərəfindən aparılan sorğunun həm azərbaycan, həm erməni, həm də gürcü dilərində aparılmasına da diqqət yetirilib.

Qeyd edək ki, Marneuli büdcənin tərtib olunmasında sakinlərin də iştirak etdiyi ilk bələdiyyələrdəndir.

NDI ABŞ hökuməti tərəfindən maliyyələşən və USAİD-in dəstəyi ilə beş bələdiyyədə (Marneuli, Qori, Telavi, Ozurqeti və Zuqdidi) büdcənin vətəndaşların iştirakı ilə hazırlanmasına yardım edən müstəqil institutdur.

Marneuli meri Zaur Darğallının “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 2020-ci il büdcəsi bütünlüklə buna və Bələdiyyə Məclisi tərəfindən aparılmış sorğulara əsaslanır. Mer onu da qeyd edir ki, aşkar olunan bütün problemlərin həlli 2020-ci il büdcəsi ilə mümkün olmayıb, lakin bu məsələlər gələn ilin büdcəsində nəzərə alınacaq.

"Marneuli" Radiosu
Print