Marneuli seçicilərinin rəğbətini Saakaşvilinin nüfuzu ilə qazanmaq istəyirlər
15:44 / 09.11.2018
“Bizim 9 il ərzində nə etdiyimiz və “Gürcü Arzusu”nun 6
il ərzində nə etdikləri barədə danışırıq” –
seçicilərlə görüşdə nə barədə söhbət etdikləri ilə bağlı sualımıza
cavab olaraq Gürcüstan Parlamentinin üzvü Azər Süleymanov
deyir.
Süleymanov onu da qeyd edir ki, birləşmiş müxalifətin nümayəndələri
seçicilərə görüşdə gələcək planlarından da söhbət açır.
“Gələcək planlarımızdan danışırıq, nə dəyişəcək, niyə
hakimiyyətə gəlirik, biz 9 il ərzində nə etmişik və “Gürcü Arzusu”
6 il ərzində nə edib. Biz ölkəni qurduq, indi “Gürcü Arzusu” yıxdı.
Bütün kəndlərdə bu barədə danışırıq” – dedi Azər
Süleymanov.
Süleymanov deyir ki, hər gün kəndlərə gedirlər və inanır ki, ikinci
turda Salome Zurabişvilidən üç dəfə çox səs toplayacaqlar.
Parlamentin üzvü deyir ki, ilk tur saxtalaşdırıldı və onların
seçkidə qeydə alınandan daha çox tərəfdarları var.
Birləşmiş müxalifət Marneuli sakinlərinin dəstəyini Gürcüstanın
üçüncü prezidenti Mixeil Saakaşvili ilə qazanmağa çalışır.
Marneulinin müxtəlif kəndlərində seçkiöncəsi kampaniya zamanı
Saakaşvili seçicilərlə müxtəlif sosial şəbəkələr vasitəsilə əlaqə
yaradırdı. Azər Süleymanov bizimlə söhbəti zamanı qeyd edir ki,
Saakaşvili ilə əlaqə yaratmağın səbəblərindən biri onun
nüfuzudur.
“Saakaşvilinin çox böyük nüfuzu var. Saakaşvili bizim
partiyanın liderlərindən biridir və bunda pis heç nə yoxdur. Bu
mənim deyil, xalqın tələbidir. Xalq Saakaşvilinin Gürcüstana
qayıtmasını istəyir və tezliklə, seçkilərdən sonra o, Gürcüstana
qayıdacaq” – dedi Azər Süleymanov.
Seçkilərin ilk turu başa çatdıqdan sonra birləşmiş müxalifətin
prezidentliyə namizədi Qriqol Vaşadzeni “Avropalı Gürcüstan”
partiyası və “Respublikaçılar” da dəstəkləyir.
Mərkəzi Seçki Komissiyasının nəticələrinə görə Marneulidəki 90
məntəqədə Salome Zurabişvili 16 884, Qriqol Vaşadze isə 13 796 səs
toplayıb.
Şəhər və kəndlərdə səslər tam fərqli bölünüb. Şəhərdə 15 məntəqədən
14-də Qriqol Vaşadze, 1-də isə Salome Zurabişvili qalib gəlib.
Kəndlərdəki məntəqələrdən isə 49-da Salome Zurabişvili, 25-də isə
Qriqol Vaşadze qalib gəlmişdi. 1 məntəqədə isə hər iki namizəd eyni
səs toplamışdı.