Sən demə, bu gün beynəlxalq ana dili günüdür
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Beynəlxalq Ana dili Günü ilə bağlı Marneuli sakinləri arasında sorğu keçirdik.
Sorğu zamanı sakinlərin demək olar ki, heç biri 21 fevralın hansı əlamətdar gün olduğunu bilmədilər.
Hətta məktəblərdə xüsusi günlərin müəllimlər tərəfindən xatırladılmasına baxmayaraq məktəblilər belə 21 fevral Beynəlxalq Ana Dili Günü olduğundan xəbərsiz idilər.


Xatırladaq ki, BMT-nin İnsan Hüquqları üzrə mütəxəssisi Ana dili haqqında fikirlərini dilə gətirərək bunları deyib: “İnsanın ana dili şəxsiyyətinin əsasında bir çox vacib əlamətlərdən biridir və bu mütləq şəkildə qeyd edilməlidir ki, ana dili insanda olan ən gözəl insanlıq xarakteridir”.

“Bu bizim keçmişimizlə olan vacib əlaqəmizdir, mədəniyyətlərimiz arasında əsas körpüdür və bilik, yadaşımızın, eləcədə tariximizin paylaşılmasının ən önəmli vasitəsidir” – BMT-nin İnsan Hüquqları və Azlıq hüquqları üzrə mütəxəssisi Fernand de Varennes öz 21 fevral tarixli çıxışında bildirib.

Xüsusi məruzəçi onu da qeyd edib ki, “Dil ilə bağlı məsələlər əsasən azlıqlar və yerli sakinlər üçün, insanın linqvistik, eləcə də mədəni dəyərlərini nəzərdə tutan bir sahədir”. O, deyib ki, dil gücdür, ancaq azlıqların ana dilinin tədris olunmaması dünyada adi bir hal alıb, dövlət tərəfindən azlıqların ana dilinin tədris olunması isə günümüzdə istisna halına çevrilmişdir.

“Keçmiş ideologiyalara qapılıb, yalnız dövlət dili olmalıdır deyərək, ölkədə mövcud olan başqa dilləri heç saymaq, dünyadakı rəngarəngliyi və zəngin milli dəyərləri yox edir. Məhz Beynəlxalq Ana Dili günü milli, mədəni və linqvistik rəngarəngliyin qeyd olunması və inkişafı üçün bir imkandır – bu həmçinin milli və yerli azlıq nümayəndəsi olan insanların hüquqlarının tanınması və qorunmasına yol açacaqdır”.

Dil və Təhsil məsələləri BMT-nin xüsusi məruzəçisinin mandatı tərəfindən təşkil olunan BMT-nin 2019-cu ildə həyata keçiriləcək Azlıq Məsələləri üzrə Forumunun xüsusi mövzusu olacaqdır.

Print