Norqiuli sakinlərinin su ilə təmin olunması güman ki, 17 aprel tarixindən bərpa olunacaq
14:39 / 15.04.2019
Norqiuli kəndində yaşayan bir neçə ailəyə 2
həftədən artıqdır ki, içməli su verilmir.
Sakinlərin “Marneuli” radiosuna bildirdiklərinə görə, içməli su
borusu dağılıb, buna görə də sakinlərin bir qismi susuz qalıb.
"İki həftədir ki, su yoxdur. Ondan əlavə gediblər ərizə
yazıblar. Deyiblər baxacağıq. Amma baxılmayıb. Ondan sonra
Tiblisiyə yazıblar. Bilmirəm hara yazıblar. Onların hamısı bilir.
Orada haradasa 3-4 ailəyə su çatmır. Qonşudan, qonşu kəndən su
daşıyırlar. Gör hansı dövrdə yaşıyırıq" - Günay
Yetirmişli dedi.
Norqiuli kəndini su ilə Gürcüstan Birləşmiş Su Təchizatı Şirkəti
təmin edir. Şirkətdən verilən məlumata görə, qeyd olunan problemlə
bağlı məlumatları var.
“Biz getmişdik, sakinlərlə görüşdük və onlar
bildirdilər ki, su borusu yolun digər tərəfindədir və buna görə də
asfalt örtüyünü qazmaq lazımdır. Bunun üçün isə biz icazə almalıyıq
ki, buna da müəyyən vaxt lazımdır”, – Gürcüstan
Birləşmiş Su Təchizatı Şirkətindən bildirdilər.
Şirkətdən onu da bildirirlər ki, içməli su borusunu yaxın günlərdə
təmir edəcəklər və susuz qalmış Norqiuli sakinlərinin su ilə təmin
olunması güman ki, 17 aprel tarixindən bərpa olunacaq.